adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ZƏRDABİNİN ÖLDÜRÜLƏN ARZULARI

FƏRİDƏ RƏHİMLİ
62381 | 2015-07-25 08:29
Peşə bayramımızı qeyd etdik. İstedadlar, böyük gözləntilər, umacaqlar, məddahlıqlar, yarınmalar, yaltaqlıqlar nəhayət ki... öz bəhrəsini gördü.
Jurnalistlərimiz sənin hesabına şənləndilər, mükafatlandırıldılar, bayram etdilər, ad-san qazandılar... ruhun şaddımı bütün bu olanlardan, böyük ziyalı? Sənin arzuladığın, uğrunda canını fəda etdiyin "maariflənməmiz" ürəyincədirmi? Sən açdığın 140 yaşı olan qəzetinin varisləri doğrulda bildimi arzularını? Amalın, məqsədin, yanğın, istəyin yerinə çatdımı? İndi bircə anlığa bu dövrə gəlib çıxsan və mətbuatımızı gözdən keçirsən nə düşünərsən - özünümü qınayarsan - mən bunun üçünmü özümü fəda etmişəm deyə? Gəlmə, böyük insan, bircə anlığa da gəlmə, çünki sən düşündüyün, qurduğun deyil, məddah, yaltaq, ikiüzlü, ədalətsiz, umacaqlı, "reket" mətbuat daha çox nəzərə çarpır indi.
Sadə vətəndaşları demirəm, heç olmasa o jurnalistlərin çoxunun sənin haqqında, həyatın, məşəqqətlərin, üzüntülərin, məhrumiyyətlərin haqqında bilgiləri varmı? Sənin əslində kim olduğunu bilirlərmi?
Xalqın maariflənməsi yolunda həyatını, canını əsirgəməyən bu insanı yetərincə tanıyırıqmı?
Həsən bəy Zərdabi (Həsən bəy Məlikov) 28 iyun 1837-ci ildə Z?rdab, G?y?ay q?zas?nda anadan olub. 28 noyabr 1907-ci ildə Bak?da vəfat edib. Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi və Rusiyada ilk turkdilli qəzet - "?kin?i"nin naşiri (1875), Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906).
Onun varlığı xalqımıza nə verdi:
Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi ilk teatrı yaratdı, ilk qəzeti çıxardı, ilk xeyriyyə cəmiyyəti qurdu, milləti ayıltmağa çalışdı: "Biz öz xahişimizilə bir-birimizə qul olmuşuq: Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya və qeyri qul deyil? Və buna səbəb bizim ata, baba adətləridir. Nə qədər böylə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik" yazdı.
Yeni ailənin təməlini qoydu. İlk dəfə Avropa təhsilli xanımla ailə qurdu və onu da xalqın maariflənməsinə cəlb etdi. Bakıda ilk qızlar gimnaziyasının açılmasına nail oldu. Bakı Dumasının üzvü kimi şəhər həyatında bir çox ilklərə imza atdı. İlk milli operanın yaranmasının ilhamvericisi oldu. Üzeyir bəydən musiqili bir teatr yaratmasını istədi.
Bəs biz ona nə verdik?
Fəaliyyətinə hər zaman xor baxmağa başlandı. İçərişəhərdə təhsilli, üzüaçıq xanımıyla gəzərkən daşlandı. İlk xeyriyyə cəmiyyətlərini qurmaq istərkən, ona qapını göstərdilər. Açdığı qəzeti, heç iki il keçməmiş, bağladıldı. Özü sürgünə göndərildi. Həyatı illərlə həm milləti buxovlayan nadanlıqla mübarizədə keçdi. 16 il həyat yoldaşı və övladlarıyla Zərdabda polis nəzarətində yaşadı. Duma fəaliyyətində amansız, prinsipial mövqeyinə görə onu "Sünni Həsən" adlandırıldı. Lağa qoyuldu. 4 övladının başına min oyun açıldı.
Böyük qızı Pəri Sultan xanım Əlimərdan bəy Topçubaşı ilə ailə həyatı qurduğundan, Paris Sülh Konfransına qatılan əriylə Parisə getmişdi. O gedən oldu - Pəri xanım bir daha Bakıya dönə bilmədi, vətən həsrətilə Parisdə dünyadan köçdü. Bakıda anası ilə qalan böyük oğlu Midhət 30-cu illər repressiyalarının qurbanı oldu. Cümhuriyyətin 100 tələbəsindən biri olan Səffət də bolşevik işğalından sonra bir daha Bakıya gələ bilmədi, İstanbulda yaşadı və dünyasını vətəndən uzaqlarda dəyişdi. Təkcə Qərib Soltan xanım Bakıda qaldı, müəllimlik etdi və sonda ağlını itirdi...
Zərdabi ölümüylə də bir ilkə imza atdı. Bakıda görünməmiş bir dəfn mərasimi gerçəkləşdi.
Zərdabini 1907-ci ildə çox böyük hörmətlə Bibiheybət məscidi ərazisində dəfn etdilər. Ancaq bolşevik dövründə "yol çəkilir" bəhanəsiylə məzarları köçürmək əmri verildi və zavallı Qərib Sultan xanım atasının sümüklərini Bakı tramvayına (!) qoyub anasının şəhər qəbiristanlığındakı məzarının ayaq ucunda dəfn etdi.
1957-ci ildə Zərdabi yada düşdü və uzun axtarışlardan sonra onun qalıqlarının harda olduğu bilindi. Ağlını itirmiş Qərib Soltan xanım hamını evdən qovur və atasının harada dəfn olunduğunu heç kəsə demək istəmirdi...
Sonda Zərdabini Hənifə xanımın ayaq ucundan götürüb Fəxri Xiyabanda dəfn etdilər. Bütün həyatı boyu ona dayaq olmuş və onun xalqına xidmət etmiş Hənifə xanmı tək buraxdılar. Halbuki Fəxri Xiyabanda yatmaq Hənifə xanımın da haqqıydı.
Vətən üçün, onun balalaları üçün bu xanım da böyük işlər görmüşdü. Evdə məktəb açmışdı. Vətən övladlarına pulsuz dərs demişdi, ilk qadın xeyriyyə cəmiyyətini, ilk qız məktəbini yaradanlardan olmuşdu. Bakı qız məktəbinə uzun illər rəhbərlik etmişdi.
Yazımın məqsədi nədir? Zərdabinin əsasını qoyduğu mətbuatı layiqincə yaşada bildikmi? Birmənalı şəkildə cavab verə bilərəm ki - Yox! Nəinki yaşada bilmirik, hətta onun zəhmətinin bir zərrəsini belə bugünkü bir qism jurnalistərin fəaliyyətində görmürəm. Kök sağlam olarsa, gövdə, budaq, yarpaq, meyvə də gözəl olar, deyirlər. Amma nədənsə 140 ildir ki, o sağlam kökün üzərindən sağlam mətbuat cücərmir ki, cücərmir. Məncə müasir mətbuatın sayəsində onun arzuları qısırlaşdı, sonsuz oldu, ya da doğulsa da yanlış yola düşdü, üzqarası oldu. "Sayı çox, sanbalı yox" mətbuatımızın müxtəlif çeşiddə, adda, mövqedə, statusda olan "əməksevər, "tərəqqipərvər" jurnalistləri "adınız" mübarək!


TƏQVİM / ARXİV