34 il bir səngərdə - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
2474 | 2024-07-26 09:00

Bu, “Ədalət”in yaşıdı

Ön söz əvəzi:

Bu il 34-ün əlini sıxırıq. Və xatırladım ki, mən bu yazını yazanda da, indi də düşündüm ki, 25-də də, 30-da da oxucu qarşısına gəlib çatdığımız kimi, 34-yə də o cür gəlib çatmışıq. 

Hə, bu da 34 il!.. Düz 34 il bundan öncə Azərbaycan adlı məmləkətdə "Ədalət" adlı qəzet dünyaya gəldi...  Düz 34 il bundan öncə həmin o Azərbaycan adlı məmləkətin "Ədalət" adlı qəzeti müstəqil mətbuatın ilk carçılarından, ilk qaranquşlarından biri kimi tarixə düşdü. Yəni bu məmləkətdə azad sözün, azad jurnalistikanın nəfəsini, hərarətini oxucu üzünə açdı "Ədalət". Hər kəs qəzeti ilk dəfə olaraq birinci səhifədən oxumağa başladı. Bu, "Ədalət"in uğuru idi, bu, "Ədalət"in yolu idi. Və 34 ildir ki, bu yol belə də davam edir...

Bəlkə də 34 rəqəmi bir riyazi yanaşma baxımından o qədər də böyük önəm kəsb etmir. Amma 25-i yaş kimi görəndə, təqdim edəndə istər-istəməz gözünün qarşısında boylu-buxunlu, yumruqları düyülmüş, sözü ötkəm, səsi qətiyyətli bir lay divar oğlan canlanır. Deməli, ona güvənmək də olar, ona iş də tapşırmaq mümkündü və hətta ondan qəhrəmanlıq da ummaq. Bax, bu mənada 34 yaşlı "Ədalət" dolanbac yolları, ağrılı-acılı günləri, Qarabağsız ayları, şəhid qanlarını, ölkədəki xaosu, qardaş qarşıdurmasını və nəhayət, uğurlu bir inkişafı öz canına-qanına hopdura-hopdura, köynəyindən keçirə-keçirə gəlib çatdı Qarabağlı günlərə - yəni 34 yaşa!..

Bəli, indi oturub bu 34 illik yolu kimlərlə, necə gəldi düşünürəm... Hansı çətinliklərdən keçdiyimizi, hansı uğurları qazandığımızı muncuq kimi sapa düzürəm. Bu məqamda ürəyimin dağ boyda olduğu anları da qürur hissi ilə yaşayıram. Üzüldüyümüz məqamları da kədərlə xatırlayıram. Çünki bu bizim həyatımızdı, bu bizim ömür yolumuzdu və bu yolda biz ilk addımları "Azərbaycan" nəşriyyatının 2-ci mərtəbəsində dizimizin üstündə dəhlizdə atmışıq. Ürəyimiz əsə-əsə, həyəcandan əlimiz titrəyə-titrəyə dünyaya bir "Ədalət" gətirmişik. Özü də bu "Ədalət" indiki texnikanın olmadığı, sovet dönəminin primitiv çap maşınları ilə yığılıb işıq üzü görübdü. Onun dünyaya gəlməsində dəyərli Adil Minbaşının, qəzetin ilk redaktoru Aqil Abbasın və onların ətrafında toplaşan Babək Yusifoğlunun, Faiq Qismətoğlunun, Rəşid Faxralının, Lətif Süleymanlının, Məhəmmədəli Mustafanın, Əyyub Kərimovun əməyi danılmazdır. Üstəlik, dünyaya ilk sözünü çatdıran

"Ədalət"in bir pöhrə kimi böyüməsində, bir ağac kimi qol-budaq atmasında həmin illərin ziyalılarının, aydınlarının dəstəyi, təqdim etdikləri sanballı materialları doğru sözün həsrətini çəkən oxucular üçün sanki göydəndüşmə olmuşdu. Hamı səbirsizliklə məmləkətimizdə öz izini açan, öz işığını yandırıb hər kəsi ətrafına yığan "Ədalət"in növbəti saylarını gözləyirdi. Hər yeni nömrə oxucuya yeni imzalar da təqdim edirdi. Artıq"Ədalət"in oxucuları mərhum Mirmayıl Cəbrayılovu, Baba Pünhanı, Adil Mirseyidi, Yusif İsmayılı, Hidayət Elvüsalı, Yusif Misiroğlunu, Əliyusif Məmmədovu, Pərviz Əliyevi, Ərşad Mirzəni, Oqtay Salamovu, Qeyrət Quliyevi, Çingiz Ələkbərzadəni, Vahid Əlifoğlunu, Tofiq Abdini, Söhbət Səfərlini, Vəsilə Usubovanı, Oqtay Abbasovu, Nəriman Səttaroğlunu, Vaqif Əliyevi sözündən tanıyırdılar. Eləcə də "Ədalət"i oxuyanlar Kamran Nəzirlini, Adil Şirini, Vaqif Bəhmənlini, Rəşad Məcidi, Asif Mərzilini, Asif Talıboğlunu, Daşdəmir Əjdəroğlunu, Nazim Ağamirovu, Lətif Novruzovu, Lətif Süleymanlını, Faiq Sadıqovu, Zaur Vəliyevi, Mehman Cavadoğlunu, Vahid Qazini, Şakir Qurbanovu, Şakir Həşimovu, Ceyhun Musaoğlunu, Nicat Bəşirzadəni, Nicat Rüstəmovu, Elçin Namazı, Rəhman Hacıyevi, Qələndər Xaçınçaylını, Surxay Əlibəylini, Yusif Rzayevi, İsrafil Quliyevi, Səxavət Məmmədovu, Nərgiz Cabbarlını, Murad Nəbibəyovu, Asəf Quliyevi, Füzuli Rüzgarı, Kərim Kərimlini, Kənan Hacını, Hidayət Elvüsalı, Bəsti Əlibəylini, Ağakişi Bahaduru, Samir Sədaqətoğlunu, İqbal Aydınoğlunu, Ceyhun Rüstəmovu, Nizami Allahyarovu, Nicat Rüstəmovu, Şamxal Şəbiyevi, Rüstəm Hacıyevi, Gülər İsmayılovanı, Mehriban Cəfərovanı, Tahirə Cəlilovanı, Elnarə Quliyevanı, Fəridə Rəhimlini, Tünzalə Xəlilovanı, Qəşəm Nəcəfzadəni, Əsəd Cahangiri, Vaqif Yusiflini, Əlövsət Bəşirlini, Sevinc Seyidovanı, Qərənfil Dünyaminqızını, Xatirə Hafizqızını, Möhtərəm Rəcəbovanı, Ülviyyə Rzayevanı, Kamil Rzakovu, Qəşəm Həşimovu, Rüstəm Hacıyevi, Elşən Quliyevi, Gültəkin Qəhrəmanlını,Vüqar Tofiqlini, Elnur Astanbəylini, Rüfət Soltanı, Nicat Qafuroğlunu, Sahib Əsədbəylini hər gün qarşılayır və onların bir-birindən maraqlı yazılarının yaratdığı ovqatın aurasında sabaha böyük ümidlər bəsləyirdilər. Şükürlər olsun ki, həmin ümidləraz-çox fərqlərlə öz təsdiqini tapdı. Bəli, "Ədalət"in şinelindən çıxıb indi Azərbaycan mətbuatında böyük nüfuz qazanan, imzasını hərkəsə birmənalı şəkildə sevdirən yazarlar, redaktorlar bu gün öz yolları ilə getsələr də, amma onların müstəqil məmləkətdə ilk sözlərini oxucuya çatdıran "Ədalət" oldu. Sevindirici haldır ki, dünyasını dəyişmiş həmkarlarımız,əməkdaşlarımız öz sağlıqlarında "Ədalət"in səhifəsində olan möhürlərini, yəni imzalarını son anlarına qədər sədaqətlə, şərəflə qorudular və bu dünyadan köç edəndə onların yarımçıq qalan fikirləri, deyilməmiş sözləri tirajlanan "Ədalət"də susmadı, dayanmadı. Əksinə, onların ruhu da, sözü də bizimlə qaldı, həm də bizim oxucularla.
Bəli, mən 34 il yol gələn "Ədalət"in bu günündən üzü geri boylananda bir məqamı da gördüm və onu xüsusi vurğulamaq istəyirəm. 
Belə ki, "Ədalət"in təqdimatı ilə "Ədalət"in şinelindən çıxıb müxtəlif vəzifələrə, xüsusilə hüquq-mühafizə orqanlarına işə gedən kifayət qədər müəlliflərimiz olub. 

Onlar bu gün də vəzifə sahibidilər və bu gün də "Ədalət" onlar üçün doğmadı. Onların arasında Elşad Əliyev, Rafiq Abbasov, Nazim Ağamirov, Elşad Həsənov, Amil Dosiyev, Aydın Ağazadə, Faiq Sadıqov, Rövşən Əhədoğlu və başqaları da var. Deməli, bütün bunlar göstərir ki,"Ədalət" bir xalq qəzeti olaraq ilk gündən atdığı doğru, dürüst və ədalətli addımını bu gün də yaşadır, bu gün də davam etdirir. Təbii ki, indi onun ilk baş redaktoru millət vəkili olmaqla yanaşı, həm də qəzetin təsisçisidi və ilk baş redaktoru Azərbaycanın "Əməkdar jurnalist"i, dəyərli yazıçı-publisist İradə Tuncay əvəz edibdi. Həmin zamandan İradə xanımın rəhbərliyi altında "Ədalət"in köhnə, yəni ilk komandasından olan Faiq Qismətoğlu, Məzahir Əhmədoğlu, Yaşar Nəbiyev, İslam Niftiyev, eləcə də yeni "Ədalət"çilər Ədil Ədilzadə, Oğuz Ayvaz, Sübhan Mahmudlu, Əntiqə Rəşid,  Şəfiqə Şəfa, Emin Piri, Ulucay Akif, Ayxan Ayvaz, Orxan Saffari, Eminquey, Əntiqə Kərimzadə,Elnarə hər gün sizin oxucu süfrənizə özlərinin dövlətə, dövlətçiliyə,xalqa xidmət edən fikirlərini təqdim edirlər. Mən bu bir növü xatırlatma xarakterli yazını bilgisayara diktə edəndə yaddaşımı demək olar ki, xeyli sağa-sola vərəqlədim. 


Çalışdım ki, heç kim yaddan çıxıb kənarda qalmasın. Çünki bizim unutmağa haqqımız yoxdu. Ən azından "Ədalət"çi olduğumuz üçün!..
Və bu yazıya son olaraq demək istəyirəm ki, biz 34 ili bir ailə kimi necə yaşadıq, onu sizdən gizlətmədik. Nə qazandıq sizin gözünüzün önündə oldu və bir də adımızın saflığını, sözümüzün kəsərini sizə güvənib yaşatdıq. Bunun üçün "Ədalət"çilər olaraq Sizə, yəni bizə dayaq olan oxucularımıza təşəkkür edirik. Sağ olun ki, bizi yaşatdınız! Sağ olun ki, bizi yaşadırsınız! Biz də çalışacağıq ki, bu 34 ildə sizinlə olduğumuz kimi, bundan sonra da sizinlə olaq! Bizim və Sizin 34 yaşımız mübarək!!!

Hörmətlə: 
“Köhnə Ədalətçilər”dən 
Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV