1990-cı ilin yanvarında hansı ssenari vardı? Küçəyə çıxanın adı xalq idi. Həmin xalq da silahlanmışdı: armaturla, əl qumbaraları ilə. Bir də mərhum Xəlil Rzanın dediyi yumruqla silahlanmışdı. Şəhərdə ilk öncə məchul şəxslər tərəfindən qondarma erməni ovu ssenarisi işə düşdü. Sonra da hamımız küçələrdə, barrikadalarda böyük dirəniş qələbəsini qeyd etməyə çıxdıq. Nəticədə Sovet ordusunun əsgərlərinin gülləbaranından başlayan fövqəladə vəziyyət və hakimiyyət dəyişikliyi. O zaman təkəldə olan məhdud informasiya məkanında xalq sözünü artıq ekstremistlərlə əvəz etmişdilər. Nəticədə Qarabağa yaxınlaşaq dediyimiz halda Qarabağdan daha bir addım uzaqlaşdıq. Ancaq 20 yanvarda tökülən qan az da olsa bizi dünya reallığını anlamağa yönəltdi. Az-çox ağlı başında olan insanlar Maltadakı gəmidə Buş-Qorbaçov görüşündən şübhələnməyə başladı. Bu gün Xəzərin o tərəfinə boylanıb Qazaxıstan faciəsinin sevincini yaşayanlar üçün sadə bir xatırlatma idi bu. Orada da eyni qaydada xalq ayağa qalxdı. Mövzunun nə dəxli var? Qarabağ da ola bilər, maye qaz da, qazlı su da, ağ un da! İlk öncədən artıq real hakimiyyətdə olmayan Elbası Nursultanın istefasını tələb etdilər. Bir neçə il sonra qazax qardaş- bacılarımız qəfildən bir-birindən mütləq soruşacaqlar: niyə məhz Nursultan? Sonra polislərə hücum edildi. Maşınları, binaları yandırdılar. Molla Nəsrəddinin yorğan davasına bənzəyən bir ssenari baş tutdu. Dava Nursultan davası idi. Qonşunun qoşununun gəlməsi üçün əngəl olan Nursultan getməliydi. Nursuz, Sultansız Qazaxıstan lazım idi. Bütün informasiya vasitələrində dərhal tanıtımlar dəyişdi. Artıq xalqdan söhbət getmir. Təxribatçı, bandit, soyğunçulardan danışılır. Xalqın adından da kollektiv təhlükəsizlik qoşunlarını ölkəyə çağırdılar. Həm də xalqı qarətçilərdən, təxribatçılardan qorumaq üçün. Nə olacaq? Heç nə! Belorusa nə oldu ki? Qazaxıstan da bu təlatümdən sonra kənardan özünüzü inandırdığınız demokratiya qatarı kimi yarı Şərq, yarı Qərb relsləri üzərindən şütüməyəcək. Bu ölkədə onsuz da Nursultanın iradəsi ilə Orta Asiya üçün mümkün olan demokratiya var idi. Ən azı isə addım-addım məqsədyönlü şəkildə gerçəkləşən qazax idealı vardı. Müstəqil qatar olmaq istəyən dövlətlərin xalqı camaat qafası ilə mühakimə yürüdəndə onun dövlətini də idarəsiz vaqon kimi başqa qatarlara qoşurlar.
Nursuz, Sultansız Qazaxıstanın maye qazı da olacaq, yemək-içməyi də! Bəlkə də daha çox olacaq. Ancaq burada türklərin Məkkəsi kimi Nursultanın yaratdığı Türküstan şəhərinin ruhu Qazaxıstanın canından uçub gedəcək...Haraya? Əlbəttə Kosmodroma- Baykanura! Amma Bayka Nur qazax üçün əsla Sultan Nur olmayacaq!
Xalqı da sevməliyik, dövləti də. Xalqı da yaşatmalıyıq, dövləti də.
Şuşa ilimizi, Zəngəzur yolumuzu yarımçıq qoymamaq üçün xalqın, dövlətin başından ayağınadək qan dövranının sağlam dolaşmasına məsuliyyət daşıdığımız anlamalıyıq. Oxşar ssenariləri bizdə də kopyalamağa çalışırlar. Demokratiya çağırışlarına tanış zirehli qatarının fitinin qarışdığını az sonra sezəcəksiniz. Əgər qələbənin, xalqın, dövlətin, Şuşanın, Zəngəzurun dəyərini bilirsinizsə, məsuliyyətini daşıyırsınızsa, hökmən sezəcəksiniz!
Qazaxıstanda hələ ki, ağız deyəni qulaq eşitmir. Ağızla qulağın dialoqu gecikəndə belə olur. Dialoqa qayıtmalıyıq. Hər kəsin hər kəsə xalq qarşında, Vətən qarşısında, Dövlət qarşısında, şəhidlərimiz qarşısında borcunu xatırlatmaq üçün!