adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Ağzı söz tutmayan Azərbaycan yumoristləri - Eminquey yazır

EMİNQUEY AKİF
1396 | 2023-01-16 17:25

Bizim stand up-lara baxıram. Bir-iki gənc adam var ki, yanaşmaları təptəzədir, kolorit var. Məsəl üçün, Alim Cəfər. Alim burada dayansın, əvvəlcə sözümü biraz çək-çevir edim. Alim Cəfəri özünüz araşdırarsınız.

Stand up ənənəsi Azərbaycan üçün yeni zad deyil. Ta doxsanlardan bu yana bu ənənə var. Zamanında bu missiyanı yerinə yetirən Telman Adıgözəlov, Ələkbər Hüseynovdan tutmuş tamadalığı və parodiyaları ilə məşhur olan İlhama qədər.

Sağ olanları varsa, təsdiqləyər ki, yumorun yarısı onu danışmaqdır. Eyni lətifəni Əhməd də danışar, Məmməd də. Əhməd danışar, lətifənin harda bitdiyini anlamazsan, Məmməd danışar, lətifənin yarısında ağzın qulağının dibinə çatar, sonda da əllərin qarnına.

Bir dövr Fərda Xudaverdiyevin stand up-ları Azərbaycan insanını silkələyə bilmişdi. Fərdanın yumorunda fövqəladəlik olmasa da, adamın üstündə nəzarət var, güldürə bilirdi. Amma Azərbaycan yumoru 18+ çərçivəsindən çıxa bilmədi.

İndi Azərbaycan stand up mühitinə canlanma gətirmək istəyənlərin gördüyü işi yerə vurmaq istəmərəm, amma bu layihədə iştirak edən istedadlı insanlarla yanaşı çox banal insanlar da var. Xüsusən də açıq-saçıq geyimi ilə səhnəyə çıxıb ağzına gələni danışan qızlar. Dərd burasındadır ki, gülməkdən tir-tap yerə sərilənlər də var. Güldükləri şey nədir? Əri xalamqızını döyür, gəlib mənə deyir ki, ay qız, niyə ərə getmirsən? Bu komediya deyil, tragediyadır. Vallah, billah, tillah,

Ümumiyyətlə həyatda baş verən hadisələri çıxıb insanların qarşısında danışmaq, müqayisə etmək yumor deyil.

"Yadınızdadı, əvvəllər telefonla zəng vururduq, mesaj yazırdıq, indi telefonla dolma bişiririk".

Bu kimi əvvəl-sonra müqayisələrindən n qədər etmək olar. Yumor da digər sahələr kimi yenilik tələb edir.

Ən azı yeni yanaşmalar!

Və baxıram ki, yeni nələrsə danışan stand up-çılara qulaq asanların beyinləri yeni yanaşmaya açıq deyil. Azərbaycan insanı musiqidə zövqsüzləşdiyi kimi yumorda da kütləşib. Məsələn, Üzey Mehdizadənin mahnılarına qulaq asıb ekstaza düşməklə Müşfiq Şahverdiyevin 20 ildir İzzət Bağırovu parodiya etməyinə gülmək, Məcidin "Hozu"suna şaqqanaq çəkmək, Rəfaellə Coşqunun qaynana-gəlin mövzularına gülmək kimi bir şeydir.

Yeri gəlmişkən, bu cütlük qaynana-gəlin mövzusunun şitini çıxarmaqda israrlı olduqlarını kanalların birində yayımlanacaq "Qaynana vəsiyyəti" serialını çəkməklə bir daha sübut etdilər. Yaradıcılıqlarını bu mövzunun suyunu çıxarmağa xərcləyib çörək qazanırlar, halal xoşları!

Hə, qayıdaq stand up-a.

Danışa bilmirlər.

Mövzulararası rabitə yoxdur.

Biri Aladağdan, biri Qaradağdan.

Mövzular köhnə!

Yanaşmalar tiftik-tiftik!

Danışırlar, gözləyirlər ki auditoriya gülsün, sonra davam etsinlər. Olmur belə. Nə bizim əvvəlki stand up-larda belə şey var, nə də xaricdə.

Bu yumoristlərə əvvəlcə ana dilində danışmağı, sonra yumor dilində danışmağı öyrətmək lazımdır.

İnsanları güldürmək üçün yox, Azərbaycan yumorunu batırmamaq üçün.

Məmləkətimin insanı onsuz da gülməyə bir şey tapacaq.

Məsələn, öz dərinə, güzəranına...

 

TƏQVİM / ARXİV