adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Aqil ABBAS: ƏGƏR AĞAC KƏSİLMƏSİNƏ DƏ PREZİDENT QARIŞACAQSA… 

AQİL ABBAS
665 | 2022-06-08 18:00

Neçə gündür mətbuatı və sosial şəbəkəni Bülbül prospektində ağacların kəsilməsi və həmin yerdə parkinq salınması gündəmi zəbt edib, Kinematoqrafçılar İttifaqının qabağı. Və bu işdə də səbəbkar İttifaqı görürlər. Gah bir tərəf açıqlama verir, gah o biri tərəf açıqlama verir, aləm dəyib bir-birinə.

Və məcbur olub Möhtərəm Prezident İlham Əliyev bu məsələyə qarışıb. Dövlət başçısının üzərində çox ağır problemlər var – xarici siyasət, daxili siyasət, iqtisadi siyasət, 44 günlük müharibə, ordu quruculuğu, viran olmuş Qarabağın yenidən bərpası və sair və ilaxır.

İndi dövlət başçısı Ağdamı tiksin, Füzulini tiksin, Cəbrayılı, Zəngilanı, Qubadlını, Laçını, Kəlbəcəri tiksin, Şuşanı yenidən bərpa etsin, dağılmış Qarabağda minlərlə kilometr yollar çəksin.

Gündə min dəfə fikrini dəyişən Paşinyanımı yerində oturtsun, onun arxasında dayanan böyük güclərimi yerində oturtsun.

 

Və eyni zamanda ağac kəsilməsi məsələsinə də qarışsın. Əgər ən kiçik məsələlərə də Prezident şəxsən özü müdaxilə edəcəksə bu nazirliklər, komitələr, müvafiq qurumlar nəyə lazım? Hər il onlar üçün milyonlarla, milyardlarla dövlət büdcəsindən vəsait ayrılır ki, işlərini qura bilsinlər.

Niyə hər kəs, hər bir məmur öz vəzifəsini vicdanla yerinə yetirmir? Onlarındamı vəzifəsini Prezident icra etməlidir?!

 

Füzuli yazır:

Dərd çox, həmdərd yox, məmur qəvi, tale zəbun!

Şeirini redaktə etdiyim üçün şair məni bağışlasın.

Dərd çoxdu, amma həmdərd var – Möhtərəm Prezident!

Əgər bütün dərdlərimizə Möhtərəm Prezident həmdərd olacaqsa, onda siz nəyə lazımsız, hörmətli məmurlar?

TƏQVİM / ARXİV