adalet.az header logo
  • Bakı 27°C
  • USD 1.7

Aqil ABBAS: QOY HƏMİŞƏ GÜNƏŞ OLSUN! 

AQİL ABBAS
501 | 2022-06-01 18:00

Uşaq vaxtı ən sevdiyim mahnı idi, özü də uşaqlar oxuyardı. Amma rus dilində.

Qoy həmişə günəş olsun,

Qoy həmişə səma olsun,

Qoy həmişə anam olsun,

Mən də olum həmişə…

İndi çoxdandı bu mahnını eşitmirəm. Heç deyəsən ruslar da oxumur. Görünür hiss ediblər ki, bu mahnı elə uşaqların arzusu olaraq qalıb.

Qoy həmişə günəş olsun!

Günəş olub, amma uşaqları qızdıra bilməyib. Günəşin qabağını kəsiblər uşaqlara bu mahnını oxudanlar. Qırıcı təyyarələrlə, bombardmançı təyyarələrlə, uzaqvuran raketlərlə, «Qrad»larla, «İsgəndər»lərlə, day nə bilim hansı şeytan əməllərlə. Məmməd Arazın sözləri ilə desək, günəşi uşaqlardan oğurlayıblar.

Qoy həmişə səma olsun!

Yəni aydın bir səma – müharibəsiz. Amma gözlərini açıblar müharibə görüblər, qan-qada görüblər. Dəxli yoxdu Əfqanıstandamı, Suriyadamı, İraqdamı, Yəməndəmi, Ukraynadamı, Qarabağdamı. Və bu dünya yaranandan müharibəsiz bir günü olmayıb.

Qoy həmişə anam olsun!

Bu müharibələr uşaqları anasız qoyub. Saytlarda bir şəkil görmüşəm, uşaq ölmüş anasının döşünü əmir. Dəhşətdi. Və bir şəkil də vardı, bir zənci uşaq, acından dərisi sümüyünə yapışmış, ölüm ayağında qartal da qonub yanına, uşağın ölməsini gözləyir. Bir namussuz fotoqraf da o qartalı qovmaq, uşağa bir damcı su vermək, bir tikə çörək vermək əvəzinə şəkili çəkib paylaşır. Amma o uşağa dəhşəti yaşadanların uşaqları hər cür nemətin içində böyüyürlər. Amma böyüyəndən sonra da atalarının xirtdəyindən yapışıb nəinki soruşmurlar ki, uşaqlara bu dəhşəti niyə yaşadırsız, əksinə, daha dəhşətli silahlar hazırlayırlar, başqa millətlərin, daha dəqiq desək, kasıb millətlərin uşaqlarını anasız qoymaq üçün.

Mən də olum həmişə!

Həmişə ola bilmirlər. Çünki onların həmişə olmaları öz əllərində deyil. «Vor zakon» ölkələrin «vor zakon» liderlərinin, «vor zakon» generallarının əllərindədi.

İndi bu mahnını oxumurlar. Bəlkə oxuyublar, mən eşitməmişəm.

Bu mahnını oxuyan uşaqların günəşi Birinci Qarabağ savaşında söndürüldü. Bu mahnını oxuyan uşaqların səması Birinci Qarabağ savaşında qaraldı. Bu mahnını oxuyan uşaqların anaları Birinci Qarabağ savaşında öldürüldü. Bu mahnını oxuyan uşaqların özləri analarının gözü qabağında öldürüldü, başları süngüyə keçirildi.

Bu mahnını oxuyan uşaqların özləri səmanın aydın olması üçün bu torpağın, bu səmanın, bu günəşin uğrunda şəhid oldular, ya da bədənlərinin bir hissəsini itirdilər.

Amma ruhdan düşmədilər. Güllənin, «Qrad»ın, bombanın altında böyüdülər və getdilər günəşlərinin, aydın səmalarının, analarının və həmişə olmayan balaların qisasını almağa və aldılar. Uf demədən torpaq üçün, günəş üçün, analar, balalar üçün canlarından keçdilər, amma qisaslarını aldılar.

 

Onlar ölmədilər, şair Vaqif Bayatlının təbirincə desək, su kimi çəkilib torpağa getdilər və indi çiçək olub, gül olub, ağac olub VƏTƏNİ daha da gözəlləşdirdilər və bizə daha da sevdirdilər.

Bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Dünyadakı müdafiəsiz uşaqların müdafiə günü. Tanrı da müdafiəsiz uşaqları müdafiə edə bilmir. Dünyanı qana çalxalayanların əlində, əstəğfürullah, aciz qalıb.

Firon Tanrıya ox atırdı, onlar Tanrıya raket atır.

44 günlük Zəfər müharibəsi bizim uşaqların üstünə günəş doğdurdu. Kaş Yer üzündəki bütün uşaqların üstünə günəş doğsun.

Qoy həmişə günəş olsun,

Qoy həmişə səma olsun,

Qoy həmişə anam olsun,

Mən də olum həmişə…

Bu dünya dəyməz bir uşağın göz yaşlarına!

 

TƏQVİM / ARXİV