adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Aqil ABBAS: AĞANIN PULU GEDİR, MƏMURUN CANI

AQİL ABBAS
77024 | 2021-02-15 15:15

Deməli, sosial şəbəkələrdə və saytlarda Neftçala rayonundan olan 19 yaşlı qazi M.Həsənov ayağını dizdən aşağı itirdiyinə görə 3-cü qrup əlil hesab edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbov həm əlilin şikayətinə, həm də xalqın reaksiyasına belə cavab verib ki, onlar Nazirlər Kabinetinin qərarına görə əlillik qrupunu müəyyən edirlər. Deməli, həmin qərarda belədir ki, əgər ayaq dizdən aşağı kəsilirsə 3-cü qrup, dizdən yuxarı kəsilirsə 2-ci qrup, iki ayağını itirirsə 1-ci qrup sayılır.

Olsun, sözümüz yox. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən təlimatlar əsasında işləyir. Əvvəla, Nazirlər Kabineti nəyə görə belə bir qərar verir, daha doğrusu, nəyə əsaslanır? Əlilliyi müəyyən edən həkimlərdilər, onlar rəy verməlidirlər ki, bu neçə faiz əmək qabiliyyətini itirib. Ondan sonra qrup məsələsi ortaya çıxar.

İkincisi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabinetinə etirazını bildirməlidir ki, bu düz deyil. 19 yaşlı bir gənc bu vətən yolunda, bu millət yolunda, onun taleyini həll edləcək Nazirlər Kabinetinin və müvafiq nazirliyin rəhbərlərinin yolunda döyüşə gedib, ayağını itirib və münasibət də bu.

Cənab Prezident şəhid ailələrinə, Qarabağda döyüşlərdə yaralanıb sağlamlığını itirmiş qazilərə, veteranlara bu qədər diqqət göstərir, onların normal yaşaması üçün, heç kimdən asılı olmamaları üçün, ehtiyac çəkməmələri üçün əlindən gələni edir. Amma çox təəssüf ki, müvafiq icra orqanları insanları belə get-gələ salır, əziyyət verir və sair və ilaxır.

Bu yazını diqtə edərkən rayonların birindən yanıma bir qazi gəlmişdi. Qoltuğunda iki çəlik, çətinliklə yeriyir, bədəni deşik-deşik. Nitqini demək olar ki, itirib, fikrini çətinliklə çatdırır.

Şikayəti nə idi? Müharibə artıq dördüncü aydır bitib. Bu qazi dörd aydır qalıb xəstəxanaların, hospitalların qabağında, hələ də nə tərxis oluna bilir, nə də əlillik dərəcəsini ala bilir. Bakıya da gəlib-getməyə yol pulu yoxdu. Avtobus işləmir, taksi də birbaşa 20 manat, yəqin ki, bir 20 manat da yemək, gəlib-getmək 60 manat edir.

Deyir, yenə sağ olsun, icra hakimiyyəti başçısı, həm evimizə hər ay ərzaqla yardım edir, həm də gəlib-getmək xərcimi ödəyir. Amma bu nə qədər olacaq?

Onu da qeyd edim ki, yanıma gələn qazi Ali Baş Komandan tərəfindən 3 medalla təltif edilib, iki uşağı var.

Onu da deyir ki, əvvəllər iki övladına görə sosial yardım alırdı, onu da kəsiblər.

Və bunlar birdimi, ikidimi, beşdimi? Niyə süründürürsünüz? Eləcə də hörmətli Müdafiə Nazirliyi, bəlkə siz də döyüşçülərinizlə daha ciddi məşğul olasınız?!

Hörmətli məmurlar, 5-ci kalonu başa düşdük, bəs, siz neçənci kalonsunuz ki, xalqla iqtidar arasında belə narazılıq yaradırsınız?

Gözü çıxan qardaşları görmürsünüz deyəsən. Bu da növbəti yazıda.

TƏQVİM / ARXİV