Dünən sosial şəbəkələrdə oğlu şəhid olmuş bir ananın ürək dağlayan bir hekayəsini paylaşıblar. Həmin ananın hekayəsini mən də həm öz saytımızda, həm də qəzetimizdə dərc edirəm.
Məsələ nədir? Bir ana oğlunu döyüşə yola salan zaman cibində olan xurmanı verir uşağa. Sonra oğlu döyüşlərdə şəhid olur və çantasından anasının ona verdiyi çürüməkdə olan xurma çıxır.
Bəli, başlayıblar ki, o vaxta qədər xurma qala bilməzdi və sair və ilaxır, hətta lağ eləyənlər də var.
Dostlar, bir xüsusi təyinatlının videosunu paylaşmışdılar. Şuşanı azad edən həmin igid heç demə, balasının papuclarını özüylə götürübmüş. Yəqin ki, hər döyüşdən öncə övladının qoxusu hopmuş həmin papucları öpə-öpə iyləyirmiş. Çox müqəddəs hissdi.
İndi görünür həmin oğul da elə anası yadına düşdükcə xurmanı iyləyirmiş. Və həmin xurma da ona ruh verirmiş.
Nə isə. Lap tutaq ki, belə bir hadisə olmayıb. Hansısa usta bir qələm sahibi yazıb bu hekayəni. Nə vaxtsa o bir dastan olacaq və bu 44 günlük müharibəyə, şəhidlərimizə, qazilərimizə, evlərinə sağ-salamat qayıtmış əsgərlərimizə nə qədər dastanlar qoşulacaq. Elə mən özüm də həmişə yazmışam və yenə yazacam.
Necə olur Koroğlu bir oturuma bir qoyunu, nə bilim neçə qazan plovu yeyə bilir, amma bir əsgər anasının ona son dəfə verdiyi xurmanı çantasında saxlaya bilmir?!
Nə isə…