adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS: OBƏƏƏ! DÜNYA VARMIŞ!

AQİL ABBAS
41857 | 2021-04-26 18:20

Hər il hələ  aprelin  24-nə çox qalmış Türkiyə, eləcə də bütün Türk  dünyası bir intizar içində yaşayırdı ki, dünyanın  bir nömrəli  «vor zakon»  dövləti ABŞ-ın  prezidenti «soyqırım» ifadəsini  işlədəcək, yoxsa yox? Gözləyirdik-gözləyirdik, gecə yatmırdıq və nəhayət, eşidirdik ki, «soyqırım» deməyib, «böyük  fəlakət» deyib rahatlaşırdıq. Və növbəti ilin  24 aprelinə  hazırlaşırdıq.

Bu il də belə oldu. Gözlədik-gözlədik… Və ABŞ-ın çiçəyi və həyatı burnunda prezidenti Co Bayden  ermənilərin və havadarlarının  uydurduğu «soyqırım» kəlməsini işlətdi. Ermənilər sevincdən tökülüşdülər  küçələrə, xoşbəxt oldular, sanki ölənləri dirilmişdi.

Baxıram bu məsələ ətrafında müzakirələrə, politoloqların dediklərinə. Yazırlar ki, Co Bayden ABŞ-da yaşayan ermənilərdən qorxdu və bu ifadəni işlətdi. Əslində hamımız bilirik ki,  Co Bayden nə ABŞ-da yaşayan  ermənilərin  qorxusundan, nə də ümumiyyətlə, Ermənistana olan məhəbbətindən  bu  ifadəni işlətməyib. Sadəcə  olaraq, bununla son illər Rusiya ilə əlaqələrini  möhkəmləndirən Türkiyəyə təzyiq göstərmək istəyir. Yeməzlər! Türkiyə 30-40 il bundan əvvəlin Türkiyəsi deyil. Nə də sayın Ərdoğan 30-40 il bundan əvvəlki Türkiyənin  dövlət başçılarından deyil.

Sayın Ərdoğanın müdrik, uzaqgörən və cəsarətli  siyasəti nəticəsində qardaş ölkə artıq dünyada söz sahibidi. Dünyanın özündənrazı dövlətləri Türkiyə ilə razılaşmaq məcburiyyətindədi.

Co Bayden məlum ifadəni işlətməklə Ermənistan və erməni xalqını bir az da  bataqlığa  soxdu. Və həm də bizləri intizardan qurtardı. Vaxtilə  40 il bundan öncə Reyqan da bu ifadəni  işlətmişdi və dünya dağılmadı. Daha doğrusu, Türkiyə dağılmadı, daha da möhkəmləndi. İndi Baydenin bu açıqlamasından  sonra həm Türkiyə, həm də türk dövlətləri daha möhkəm bir-birlərinə arxa, dayaq olacaqlar.

Ağdamda Kürd Faxı deyilən bir dostumuz vardı. Belə  axmaq şeylər eşidəndə həmişə deyərdi:

- Az təfavüt eliyər!

İndi Baydenin dediyi də Türkiyəyə və bizlərə az təfavüt eləyər.

Şabanın yaxşı bir ifadəsi var: «Obəəə! Dünya varmış!»

İndi obəəə, day  bir də dilxor-dilxor aprelin 24-nü gözləməyəcəyik. Elə biz də rahatlandıq.

«26-lar» filmində belə bir yer də var. Şahbazov Bakıya ingilisləri çağıran  ermənilərin ağsaqqalına deyir:

- Dirsəyimi ye!

TƏQVİM / ARXİV