Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunu raketlə vurub. Əslində bu raket Ordubada deyil, Rusiyaya atılıb. Ortada Qars müqaviləsi var və bu Qars müqaviləsini də Rusiya ilə Türkiyə bağlayıb. Bu müqavilə haqqında hamımızın xəbəri var, geniş yazmağa ehtiyac yoxdur.
Ermənistan elə bilir ki, özləri kimi hamı çörəyi qulağına yeyir. Amma heç kəs çörəyi qulağına yemir və onda ki Rusiya kimi möhtəşəm bir dövlət. Və bu möhtəşəm dövləti idarə edən dünyanın ən məşhur siyasətçilərindən və dünya liderlərindən biri Putin.
Heç kəsə sirr deyil ki, ABŞ və Avropa ölkələri SSRİ-nin dağılmasının özülünü Dağlıq Qarabağda qoydular və istədiklərinə nail oldular. Türklər demiş, ermənilərdən maşa kimi istifadə etdilər.
İndi ABŞ-ın və Avropa ölkələrinin, əsas da İngiltərənin məqsədi Rusiyanı parçalayaraq məhv etməkdi. Və yenə də ermənilərdən bir maşa kimi istifadə edirlər. Həm Ermənistan ərazisindən ballistik raketlərlə Gəncə şəhərinin dinc əhalisini atəşə tutmaqla, Mingəçevir SES-ni nişana almaqla, Bakı-Ceyhan neft kəmərini partlatmaq istəyi ilə, cəbhə xəttindən 120-130 km. aralıdakı Ucar rayonunun Ləki kəndini raketlə vurmaqla və ən nəhayət, Naxçıvana raket atmaqla Ermənistan üçüncü, dördüncü ölkələri, xüsusilə də Rusiya və Türkiyəni Qarabağ müharibəsinə cəlb etmək istəyir. Çünki Qars müqaviləsinə görə Türkiyə Naxçıvana Ermənistan tərəfindən atılan raketə görə bu düşmən ölkəyə Naxçıvanı müdafiə məqsədilə qoşun yeridə bilər.
Və bu halda Ermənistanın da Kollektiv Təhlükəsizlik Müqaviləsi Şurasının üzvlərini köməyə çağırma hüququ var. Və beləliklə, Rusiya ilə Türkiyəni qarşı-qarşıya gətirə bilər. Başda ABŞ olmaqla, Avropa ölkələrinin də məqsədi odur ki, artıq strateji müttəfiq olmağa hazırlaşan Rusiya və Türkiyəni zəiflətsin və hər iki ölkəni sıradan çıxarsın.
Amma bu dəfə keçməz. Çünki hörmətli Ərdoğan da, hörmətli Putin də bu oyuna gəlməz. Çünki hər ikisi hazırda dünya siyasətini yönləndirən şəxslərdi. Və həddindən artıq soyuqqanlıdılar, hər şeyi yüz ölçüb, sonra birgə bir biçirlər.
Mən dəfələrlə yazmışam, yenə yazıram, dünyanın müharibələrdən xilası Rusiya ilə Türkiyənin dostluğundan keçir. Və Azərbaycan da bu dostluğu möhkəmləndirən bir dövlətdir. Və Azərbaycanın da artıq dünya siyasətinin qəbul etdiyi bir lideri, Ali Baş Komandanı İlham Əliyev kimi bir prezidenti var.