adalet.az header logo
  • Bakı -°C

AQİL ABBAS:ÖLÜLƏRİMİZİ BƏRƏKƏT TOXUMU TƏK BASDIRIRIQ TORPAĞA

AQİL ABBAS
50171 | 2019-01-16 10:00
A- A+

Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2019-cu il «Nəsimi ili» elan edilib. Bu sərəncam xalqımızın dahi mütəfəkkiri, filosofu İmadəddin Nəsiminin dünya xalqlarının daha yaxından tanımasında, irsinin daha dərindən öyrənilməsində, əsərlərinin dünya dillərində tərcümə edilməsində çox mühüm rol oynayacaq. Biz bütün dünyaya sübut edə bilərik ki, Avropanın bəh-bəhlə qəbul elədiyi, həqiqətən də görkəmli şəxsiyyətlər olan Kantın, Hegelin, Şopenhauerin, Nitsşenin, Şpinqlerin fəlsəfəsinin kökündə onlardan 500-600 il əvvəl yaşamış Nəsimi fəlsəfəsi dayanır.

Nəsimişünaslıq eləmək fikrində deyiləm, bir məsələyə toxunmaq istəyirəm. Sərəncam imzalanandan sonra baxıram ki, saytlarda, sosial şəbəkələrdə Nəsimi fəlsəfəsindən daha çox Filosofun nəşinin Hələbdən Bakıya köçürülməsindən yazrlar, hətta tələb edirlər.

Belə çağırışları zaman-zaman Füzulinin, Rəsulzadənin, Fətəli xan Xoyskinin, Axundovun və bir çox görkəmli şəxsiyyətlərimizin vətəndən kənarda dəfn olunmuş nəşlərinin Azərbaycana gətirilməsi məsələsi qaldırılıb.


Bu gün bir daha Nəsimi ilə bağlı bu məsələ gündəmi zəbt edib.

Eləcə də Nazim Hikmətin qəbrinin Türkiyəyə köçürülməsi tez-tez müzakirə olunur.

Dostlar, məhz elə Nazim Hikmət bu məsələyə öz nöqtəsini qoyub.

ÖLÜLƏRİMİZİ

BƏRƏKƏT TOXUMU TƏK

BASDIRIRIQ TORPAĞA

GAH VARNADA,

GAH İSTANBULDA,

GAH PRAQADA…

İndi Vətəndən kənarda dəfn olunmuş nəsimiləri, füzuliləri bir bərəkət toxumu tək basdırmışıq həmin torpaqlara. Bu toxumlar zaman-zaman cücərib, qol-budaq atıb və zaman-zaman da cücərib, qol-budaq atacaq. Onların hər birinin yatdığı torpaq elə bizim Vətənimizdi.


TƏQVİM / ARXİV