AŞIQ ƏLƏSGƏRİN HEYKƏLİ - Aqil ABBAS yazır

AQİL ABBAS
2460 | 2024-10-06 09:00

Şəhərdə Aşıq Ələsgərə bir heykəl, bir abidə ucaldılıb. Maraqlı bir heykəldi. Bundan əvvəl olduğu kimi bu cür heykəllər Rəşid Behbudova, Bülbülə, Müslüm Maqomayevə, Əlağa Vahidə və Hacı Zeynalabdin Tağıyevə də ucaldılıb. 

Bu heykəltəraşlığın yeni bir növüdür  və dünyanın bir çox şəhərlərində  sənətkarlara,  filosoflara  belə abidələr ucaldılıb. 

Bundan əvvəl Bakıda saydığımız sənət adamlarına ucalan abidələr belə  səs-küy salmamışdı.  İndi nədən Aşıq Ələsgər  belə  səs-küylü müzakirələrə  səbəb olub?

Uzatmıram, biri sosial şəbəkədə yazıb ki, elə bil  Aşıq Ələsgər bu dəqiqə əlindəki sazı kiminsə təpəsinə çırpacaq.

Çırpacaq, dostum, ermənilərin  təpəsinə çırpacaq. Və bir gün doğulduğu Göyçə mahalında da  Aşıq Ələsgərin  elə bu gözəllikdə maraqlı bir heykəlini ucaldacağıq. 

Heykəlin müəllifinə  uğurlar arzulayırıq. Bəxtiyar Vahabzadə bizə dərs verəndə bir qəribə ifadə işlədəndə belə deyərdi: «Gedin bunun  çortuna, görün  nə görürsüz».

İndi siz də gedin bu heykəlin çortuna, görün nələr görərsiiz. 

Hər dəfə dəniz  kənarına  gedəndə görürəm ki, müxtəlif insanlar yığışıb Müslüm Maqomayevin heykəlinin ətrafına, orda quraşdırılmış kompüterdə dahi ifaçının mahnılarına qulaq asırlar. 

Mən də  təklif edirəm ki, Aşıq Ələsgərin də heykəlinin yanında belə bir kompüter quraşdırılsın və saz havaları eşitmək istəyənlər gedib orda saz havalarına qulaq assınlar. 

Bir dəfə  azıb gedib  çıxmışdım Varşavaya. Orda  böyük bir bağda Şopenin  ev muzeyi var və bağda  hansı ağacın altında oturursansa xəfif səslə 24 saat Şopenin əsərlərini eşidə bilərsən. 

Ağcabədidə Üzeyir Hacıbəyovun adına  Muğam Mərkəzi tikiləndə, o da böyük bir bağın içində tikilib, mən təklif  etdim ki,  burda da ağaclarda dinamiklər quraşdırılsın və insanlar  istədiyi  vaxt gəlib Üzeyir Hacıbəyovun əsərlərini və muğamlarımızı  dinləsinlər. 

Ağcabədinin o vaxtkı icra başçısı Şahin Məmmədov təklifimi  yüksək qarşıladı və indi kim istəyirsə axşamlar gedib «Xanəndə Mütəllim əminin bağı» adlanan həmin bağda muğamlarımızı və Bəyin əsərlərini  dinləyə bilərlər.

TƏQVİM / ARXİV