adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

AVROPA MƏHKƏMƏSİNİN CINDIRLIĞI - Aqil ABBAS yazır

AQİL ABBAS
555 | 2023-02-28 17:36

Bir Avropa Məhkəməsi var, guya insan haqlarını qoruyur, çox yaxşı. Amma nədənsə bu Avropa Məhkəməsi bizi insan saymır. Otuz ildi, əslində otuz beş ildi yurdundan-yuvasından perik düşmüş, evləri-eşikləri yandırılmış, müqəddəs ziyarətgahları dağıdılmış bir milyon azərbaycanlının bircə dəfə də olsa hüququnu müdafiə etməyib, amma indi Qarabağda təxminən 50 min erməninin (onun da 20 mini Ermənistan ordusunun əsgərləridi) hüquqlarını müdafiə edir. Guya blokadaya almışıq. Naxçıvanda 30 ildən çoxdur blokadada yaşayan 400 min azərbaycanlının hüququnu müdafiə etmir, amma Qarabağda 50 min ermənini (onun da 20 mini Ermənistan ordusunun əsgərləridi) müdafiə edir.

Ermənistanın baş naziri Paşinyanın da qol çəkdiyi üçtərəfli Bəyannaməyə görə, qaçqınlar doğma yurd-yuvalarına qayıtmalıdır. Hələ bu günədək Qarabağda yaşayan bir azərbaycanlı nəinki doğma yurd-yuvasına qayıdıb, heç əzizlərinin yatdığı qəbiristanlığa da ziyarətə gedə bilməyib. Bunu müdafiə etmir, amma Qarabağda yaşayan 50 min ermənini (onun da 20 mini Ermənistan ordusunun əsgərləridi) müdafiə edir.

Qarabağda bircə dənə də müsəlman məbədi, məscidi qalmayıb, ermənilər darmadağın edib, amma Avropa Məhkəməsi bu barədə dilini qoyub dinməz yerinə, guya biz xristian abidəsi dağıtmışıq. Müsəlman hər üç peyğəmbərə inanır, Musaya da, İsaya da, sinaqoqu da Allahın evi sayır, kilsəni də. Heç bir müsəlman Allah evinə toxunmaz. Avropa Məhkəməsinin ağlı öz xristianlarına gedib.

78-ci gündür Laçın-Xankəndi yolunda Azərbaycanın sərvətlərinin talanmasına etiraz edən gənclərin səsini eşitmir, amma ermənilərin şikayətini eşidir. O gənclər necə həmin yolu blokadaya alıblar ki, hər gün az qala Qarabağdakı ermənilərin sayı qədər İrəvandan Xankəndinə və əks istiqamətə yük daşıyan, adam daşıyan və eləcə də Qırmızı Xaçın maşınlarını görmür?!

Ermənilər nəinki bizim insan hüquqlarımızı, hətta ölülərimizin hüquqlarını pozub, qəbiristanlıqlarımızı dağıdıb taxıl əkib - Avropa Məhkəməsi bunu görmür.

O gün getmişdim Ağdam şəhərinə. Getdim dağıdılmış Qarağacıya – anamın, qardaşımın qəbrini ziyarət etməyə, tapa bilmədim. Əlli metr Əsgəran tərəfdə Ermənistan silahlı qüvvələrinin postu idi. Yanlarında rus sülənənməramlıları vardı-yoxdu, görmədim. Niyə Ağdamdan Şuşaya 37 kilometrlik yol ilə gedə bilməyim, məcbur olub Şuşaya Horadizdən 110 kilometrlik yolu gedim, amma onlar Laçından keçməklə Xankəndinə, təxminən 45 kilometrlik yolu ürəkləri istəyəndə gəlib-getsinlər. Silah daşısınlar, sursat daşısınlar və sair və ilaxır.

Avropa Məhkəməsi, qısası desəm, get hoppan. Sənin çıxartdığın qərardı, qətnamədi, bilmirəm nə zibildi bizə təfavüt edir. Necə ki Ermənistan BMT Təhlükəsizlik Şurasının çıxartdığı 4 qətnaməni zibil yeşiyinə atdı, biz də sənin çıxartdığın qərardı, qətnamədi, bilmirəm nə zibildi onunla nəvələrimizin dalını silib atarıq.

TƏQVİM / ARXİV