BADAM AĞACLARININ ŞAİRİ - Vaqif Yusifli yazır

VAQİF YUSİFLİ
3843 | 2024-02-21 13:25

İbrahim Yusifoğlunu ­ – Naxçıvan ədəbi mühitinin yetirməsi olan bu istedadlı, zəhmətkeş şairi 40 ilə yaxındı ki, tanıyıram. O, doğrudan istedadlıdır – istedad məhz zəhmətlə vəhdətdədir. Daim axtarış, poeziyaya sonsuz məhəbbət, şeirdə təzə söz demək, bir kimsəyə bənzəməmək mücadiləsi İbrahimi bir şair kimi səciyyələndirən əsas amillərdir. İndiyə qədər İbrahim Yusifoğlunun otuz üç kitabı nəşr edilşib. O, həm şairdir, həm də publisist. Hər ikisində çalışıb ki, uğurlu addımlar atsın. Amma mən bu yazıda onun ancaq şairliyindən söz açmaq istəyirəm. Deyə bilmərəm ki, İbrahim Yusifoğlunun bütün şeir kitablarını oxumuşam. Amma əsl şairi qiymətləndirmək üçün onun təkcə bir şeirlər kitabını (hətta mən deyərdim ki, lap bir neçə şeirini oxumaq kifayətdir) vərəqləmək bəs edər. Mənə bircə gilə göz yaşı bəsdi» - şeirlər kitabı mənim fikrimcə İbrahim Yusifoğlunun həm də ömür kitabıdır. İbrahim Yusifoğlunu bir şair kimi səciyyələndirərkən ilk növbədə onun vətənpərvərlik missiyasından söz açmaq istəyirəm. Hər bir şair vətənini sevir, yaxşı şeirlər yazıb onu nəql etmək arzusu ilə yaşayır. Amma necə? Vətən haqqında yazılan şeirlərdə gərək elə söz deyəsən ki, minlərlə vətənə həsr olunun şeirlərdən seçilsin, fərqlənsin. İbrahim Yusifoğlu Naxçıvanın Şəruru böyük Azərbaycanı özü qədər sevir və əslində böyük Azərbaycan onun üçün Naxçıvandan, Şərurdan başlayır.

Baxın:

Ürəkdə qan coşar, ilham çağlayar,

Bu qədim qalanı seyrə gəlincə .

Hər kəsi özünə qəlbən bağlayar,

Qürur mənbəyimiz məğrur Əlincə.

O adi dağ deyil, nəqşicahanın,

Bütövlük, mətinlik güc simvoludur.   

Namərdlər önündə dik tutub başın,

Əyilməzlik rəmzi, haqqın yoludu.

Təfərrüata baxmadan Əlincə haqqında yazılan bu şeirin sırasına «Günnütüm» «Oğuz torpağıdır özü Kərkinin», «Arpaçaya gedən yol», «Şərurun», «Bütün istəyinə çatıb Naxçıvan» «Naxçıvanam» şeirlərini də qata bilərəm və bu şeirlərdə konkret poetik detallar, uğurlu bənzətmələr diqqətdən yayınmır.

Təpələrin, dağların,

Bellərində kəmərdi

İllərin gur selinə,

Dözərək sinə gərdi.

    …İlin bütün çağında

Gülü, bol, çiçəyi bol,

Qəlbləri ovsunlayar

Arpaya çaya gedən yol.

 

İbrahim Yusifoğlu həm də təbiəti gözəl duyan və necə deyim, təbiətin  gözəlliklərini öz içində, duyğularında yaşayan şairdir. Akademik İsa Həbibbəyli çox doğru olaraq yazır ki: «Adama elə gəlir ki, İbrahim Yusifoğlu Şərurun qonur, çılpaq dağlarını və Arpaçay vadisini alaseyrək çiçəkli badam ağacı sifətində görür. İbrahim Yusifoğlunun təbiət şeirləri sanki badam ağacında bənövşə çiçəyidir». Həmin şeirdən bu hissəyə baxın:

Yamyaşıl dünyadı yalı-yamacı,

Tanrı da nurunu gur ələmişdi.

Dağın döşündəki badam ağacı,

Bənövşə çiçəyi çiçəkləmişdi.

Badam ağacının füsunkar halı

Bəlkə də baharın ləli-zəriydi.

Ancaq görürdüm ki, qəlbi havalı

Bir şair oğlanın şeirləriydi.

 

Bəlkə, müəllim ömrü yaşadığından ,

Badam bənövşəyi al çiçəkləyib.

Yəqin, şagirdlərin barmaqlarından

Şehli çiçəklərə mürəkkəb dəyib.

Gözəl şeirdir!

 

İbrahim Yusifoğlunun kitabında birinci  silsilə «Zəfər nəğməsi» adlanı. Və bu silsilədə müstəqil Azərbaycanın zəfərləri, uğurları tərənnüm edilir, həm də ötən illərin ağrılı hadisələrindən söz açırlar.   «Yaşa müstəqillik çağının, Vətən deyən şeir ötən illərdəki faciələri də ürək ağrısı ilə qələmə alıb, Şuşasız, Xosalısız illəri yad edib.

Qoynundakı   yadlar qavulacaqdır,

Şişmiş burunları ovulacaqdır,

Bu dərd içimizdə qovrulacaqdır,

Sinəmə çəkilən sağalmaz dağım –

Xocalım hey… Xocalım!

 

32 il bundan əvvəl yazılan «Xocalım hey… Xocalım» şeirindəki şair inamı qələbə çaldı. Şuşamız, Xankəndimiz, Xocalımız yağı düşməndən təmzləndi.

Onun «O günəş ömrüdü, sönməyəcəkdir» poeması ilə mən deyərdim, müstəqillik epoxamızın öndəri Heydər Əliyevə həsr edilib. Poema təkcə ulu öndərə böyük məhəbbətin təcəssümü deyil, həm də onun parlaq obrazını yaratmaq mənasında ən maraqlı, oxunaqlı bir əsərdir.

Bir insan ömründən söz açıram mən,

O, Günəş ömrüdü, sönməyəcəkdir.

Səadət verdiyi milyonlar qəlbən,

Onun haqq yolundan dönməyəcəkdir.

 

İbrahim Yusifoğlunun «Sən demə bu dünya mənlilik deyilmiş» silsiləsində öz şair taleindən söz açır. Bu şeirlərin sırasında kədərliləri də var, günümüzün reallıqları da əks olunur. Xüsusilə «Ağlama» və «Kövrəkliyi» şeirlərini bu mənada çox bəyəndim. Üzü dağlara-dağlara şeirində  deyir:

Qəm-qüssənin xeyri nədi,

Bu fələyin xeyrinədi.

Sinəmizsə daş sinədi,

Dözər dağlara-dağlara

 

Şair İbrahim Yusifoğlunun məhəbbət ruhlu şeirləri də qəlb oxşayandır. «Mənə bircə gilə göz yaşı bəsdi», «Mən zalım adamam», «Mənə bir məhəbbət şeir oxu», «Çətin olacaqdır bu payız sənə», «Sən niyə bu qədər gözəlsən axı», «Sənin gözlərindən məhəbbət yağır», «Çıxart ürəyindən, çıxart at məni» kimi şeirlərində saf və təmiz məhəbbət ilhamla tərənnüm olunmuşdur.

Göylərin üzünü aldı buludlar,

Hələ qəlb üşüdən külək də əsdi,

Mənim səndə xeyli əmanətim var,

Qaytarsan bir gilə göz yaşı bəsdi.

 

Mən İbrahim Yusifoğlunun «Elmizə bahar gəlir» poemasını da onun bu janrda yazdığı ən gözəl əsər hesab edərəm. Mən deyərdim ki, İbrahim Yusifoğlunun bütün poetik detalları bu poemada daha bariz nəzərə çarpır. Şairin poetik reallığına məxsus olan bənzətmələr, təsvir manerası bu poemanın canına, ruhuna çöküb. Arada nəsr dili ilə ifadə olunan səhifələr də həmçinin o şeirlərə poetik gözəllik qatır.

Mən İbrahim Yusifoğlunu 70 yaşı münasibəti ilə ürəkdən təbrik edirəm, ona uzun ömür, könül xoşluğu, sağlamlıq və yaradıcılıq uğurları arzulayıram. Sözümü onun «Badam ağacı» şeiriylə bitirirəm: O, Badam ağaclarının yeganə şairidir deyirəm, –  

 

Bahardır, qəlblərdə arzular coşur,

Boylanır bənövşə –baharın tacı,

Bülbül qızıl gülə mahnılar qoşur,

Çiçəklə, çiçəklə, Badam ağacı.

 

Çəmənlər, təpələr xoş ətir saçır,

Dağ çayı daşları yarıb yol açır,

Uşaqlar kəpənək ardınca qaçır,

Çiçəklə, çiçəklə Badam ağacı.

 

Qartallar boylanır dağlarımızdan,

Şən nəğmə səslənir bağlarımızdan,

Ellər söhbət açır bol varımızdan –

Çiçəklə, çiçəklə Badam ağacı.

 

Səmadan nur yağır yenə hər yana,

Tarla da, bağlar da gəlibdir cana.

Sən bolluq rəmzisən Azərbaycana,

Çiçəkli, çiçəkli Badam ağacı!

TƏQVİM / ARXİV