Başsızlar şəhəri – Eminquey yazır

EMİNQUEY AKİF
1263 | 2023-01-10 14:10

Şəhərdə başsız bədənlər dolaşır.

Başsız adamlar maşın sürür, qəzaya uğrayır, adamların üstündən keçir.

Başsız adamlar siqaret çəkir, dondurma alır.

Başsız adamlar dilənir.

Və qəfil binalardan birindən qapı açılır, bir əlində silah, bir əlində qızıl torbası başsız bir adam qapıdan çıxır, ayağı dolaşır, qapının ağzındakı maşının arxasına sərilir, qızıl torbası yerə tökülür.

Əlindəki silahla ətrafa atəş açır, başsız adamları öldürür, adamlar qaçışır.

Adamlar qaçışdıqca, izdihamın arasından başı olan bir adam görünür.

Gördüklərinə təəccüblə baxan bu adam başsız bir qadınla toqquşur. Diksinib qaçır və bir evə daxil olur. Otaqda nəsə düzəltməyə başlayır.

Sonrakı günlərdə o qadınla yenə eyni yerdə rastlaşır, beləcə aralarındakı münasibət başlayır.

Kinoteatra gedirlər, orada da başsız adamlar başı-aşağı göstərilən animasiya filminə baxırlar.

Nəhayət başlı oğlan başsız qadına budəfəki görüşündə gül alıb gətirir. Bu məqamda qadın əli ilə oğlanın başına toxunur və qorxub qaçır...

Oğlan yenə öz evinə çəkilir. Pəncərədən şəhərə baxır, düşünür, sonra gəlib düzəltdiyi nəhəng bir şeyin üstündəki parçanı çəkir. Sən demə düzəltdiyi gilyatin imiş. Gilyatinin altına uzanıb başını bədənindən ayırır.

Bəli, artıq o da şəhərdə xaos içində yaşayan başsız adamlardan biridir.

Artıq o da aşa-aşa şəhərdə gəzəcək, sonra həmin qadınla yenə eyni yerdə qarşılaşacaq, bu dəfə qadın əli ilə başının olub-olmadığını yoxlayacaq, görəcək ki, başı yoxdur, qoluna girib uzun bir yola çıxacaqlar...

Uzaqdan isə Amerikadakı əkiz qüllələrdən bir partlayır.

Yazdıqlarım nağıl deyil, hekayə deyil, animasiya filmidir.

Bir animasiya filmində nə qədər mesaj verilir.

Başı olan bir kişinin başsız bir qadınla sevgisi, bu sevgiyə görə başından keçməsinin fonunda başsız bir cəmiyyətin durumu, başsız cəmiyyətdə başı olanların aqibəti.

Çevrilib yaşadığımız cəmiyyətə baxanda başımızı itirmək həddinə çatmırıqmı?

Bu cəmiyyətdə başı yerində olan nə qədər adam qalıb?

Allah bilir.

“Başımız sağ olsun!”.

TƏQVİM / ARXİV