Birinci olmaq hər oğulun hünəri deyil - İradə Tuncay yazır

İRADƏ TUNCAY
5642 | 2023-05-10 12:05

Bizim yeni, yaxın tariximizin qısa fasilə ilə ən uzunmüddətli hakimiyyəti Onun əlində olmuşdu - Heydər Əliyevin. Təbii ki, haqqında bu qədər təriflər deyilmiş, - içində səmimisi və umacaqlısı olmaqla, bir şəxs haqqında nəsə bir söz demək çətindir. Cəhd eləyək

Sadə, orta hallı bir ailənin övladı olub əyalət şəhərciyindən böyük Kremlə, siyasi olimpə yüksələn bir yol keçmişdi. Əslində O, bir az da sovet hakimiyyətinin övladı idi. Çünki o dövrdə fəhlə oğlunun müxtəlif vəzifə pillələri ilə qalxması mümkün sayılırdı. Sadəcə ZƏKA, BACARIQ və QABİLİYYƏT olmaq şərti ilə. Əsas məsələ də elə bu idi. ZƏKA! Onu hamıdan fərqləndirən. Düzdür, xarici görkəmi də hər kəsə bənzəmirdi. Hər zaman hər yerdə diqqəti öz üstünə çəkməyi bacaran bu hündürboy, alagöz yaraşıqlı oğlanın içindəki istedadlardan biri də bu idi. Və bu istedad Ona dövlətçiliyi olmayan bir xalqın bəlkə min ildir içində qalmış arzularını reallaşdırmaq imkanı yaratdı. İndi kənardan baxıb çox hadisələrə fərqli şərh vermək olar. Ancaq etiraf eləməyi də bacarmaq lazımdır ki, hər zaman zamanın gedişini dəyişməyi, hadisələri idarə etməyi, yönəltməyi yalnız və yalnız O bacarırdı. Ona görə də az vaxt ərzində 2 dəfə ölkənin birinci şəxsi olmağı bacarmışdı. Birinci olmaq hər oğulun hünəri deyil. Biz bunu yaxın tariximizdə yaşadıq. Balaca bir ailəni doğru-düzgün idarə eləmək çətin olur. O ki ola Azərbaycan kimi qarışıq, mürəkkəb və təzadlı məmləkəti idarə eləmək. Bura qəribə bir yerdi. Burada müxtəlif psixologiyalar toqquşur. Əsarətin yaratdığı hiylə, məkr, qul düşüncəsi türk etnosunun qan yaddaşı ilə gələn iddialarla üz-üzə gəlir. Çətinə düşəndə təzim eləyənlər, ikiqat olmağı bacaranlar bir az artıran kimi padşahlıq umusunda olurlar. Bütün bu adamların ipini yığıb hər kəsə yerini göstərmək bacarığını da Allah hər kəsə vermir. Zahiri parıltılarıyla bərabər hakimiyyət həm də ağır bir yükdür. Bu yükü daşımağı da hər kəs bacarmır. Milyonların həyatının məsuliyyəti, bu məsuliyyətdən irəli gələn vəzifələri də icra eləməyi hər kəs bacarmır.

TƏQVİM / ARXİV