Bizə qəzet lazımdı, ya yox?! - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
184 | 2023-01-16 12:11

Başqa millətlərlə müqayisədə biz heç də qəzet oxuyan xalq deyilik. Çünki qəzet olsa

da, olmasa da bu dünya vecimizə deyil. Əksinə qəzet olmasa, bir çoxları özlərini daha rahat hiss edər, tənqid olunmaz, ifşa edilməz və millətin arasında hörmətdən düşməz. Balam, başa düşmək olmur; biz qəzetdən niyə belə qorxuruq?! Çoxları «qəzet» sözü eşidəndə sanki cin, şeytan adını eşidir. Nə olur olsun, təki qəzet olmasın, qəzet çıxmasın və keçmiş, klassik ənənələri yaşadan qəzet it-bata düşsün…

Əgər belə olmasaydı, bu gün qəzet köşklərində qəzetdən çox şirniyyat, siqaret və uşaq oyuncaqları satılmazdı. Elə bir çoxları da bu millətə yuxarıdan-aşağı baxıb onlarla oyuncaq kimi rəftar edirlər. Deyirlər ki, qəzetlər niyə satılmır? Niyə onu alan yoxdu? Ona görə qəzetlər satılmır ki, birincisi qəzet oxuyan azalıb. İkincisi də qəzet almaq istəyən arzuladığı qəzeti tapmaq üçün gərək oranı, buranı ələk-vələk eləsin, sonra onu tapa bilsin. Əvvəllər belə idi ki, metroların bütün stansiyalarında qəzetlər satılırdı. Metroya da ən çox giriş olur. Onda da kimlərsə axtardığı qəzeti çox asanlıqla tapa bilərdi. Amma indi, elə bir oyun oynayıblar ki, orda qəzet satılmır və camaat da istədiyi qəzetləri köşklərdən almağa məcburdu.

Məsələn, Günəşli kimi böyük yaşayış sahəsinə «Ədalət» qəzeti gəlmir. Həmin yaşayış sahəsində yaşayan 10-15 ziyalı tanıyıram. Onlar bu qəzeti axtarırlar, tapa bilmirlər. Məcbur olub ya metronun «Xalqlar dostluğu» stansiyasına, ya da «Neftçilər»ə gedirlər. Orda da köşklərdə bu qəzetdən bir-ikisi olur. Səhər tezdən kim ora çatdı, o, qəzeti alır, sonra gələn müştəriyə qəzet tapılmır. Yeni Günəşlidə yaşayan yazıçı-publisist Səməndər Məmmədov, kulturologiya elmləri doktoru, professor İlqar Hüseynov, pedaqoji elmlər namizədi Şikar Hüseynov deyir ki, qardaş, biz sevdiyimiz «Ədalət»i Yeni Günəşlidə tapa bilmirik. Məcbur olub ya Bakıxanov qəsəbəsinə, ya da metro stansiyalarına gedirik. Şənbə günü olduğuna görə çox vaxtı o qəzeti tapmaq müşkül məsələyə çevrilir. Köşklərdə bütün qəzetlər olur, hamısı da yığılıb qalır orda, amma «Ədalət»i çox çətinliklə əldə eləyə bilirik. Tapanda da sevinirik!

Bakı regionlara baxanda şükürlüdür. Füzuli rayonunun Böyük Bəhmənli kəndindən bizə yazırlar ki, qardaş, bizim kənddə nə qədər desən, market, mağaza, ticarət köşkləri var. Amma bir dənə olsun qəzet köşkü yoxdur. Sovet dönəmində poçtalyon bütün qəzetləri kəndimizə gətirərdi və biz də onu alardıq. Amma indi 10-15 ildi bizim kəndə bir qəzet gəlmir.

Elə bilməyin ha, bizdə qəzet oxuyan yoxdur. Yaşlı adamların gözü qəzet axtarır. Amma tapa bilmir. Qəzet almaq üçün ya Horadiz şəhərinə getməlisən, ya da Əhmədbəyli kəndindəki poçta! Orda da bütün qəzetləri tapsan da, «Ədalət»i tapmaq mümkün deyil.

Yazıq oxucular, qalıblar odla su arasında. Oxumaq istəyirlər ey, amma nə olsun?! On

min əhalisi olan Böyük Bəhmənli kimi kənddə bir qəzet köşkü yoxdur. Bunu kim etməlidi, kim yoluna qoymalıdır, camaat bilmir. Camaat bir onu bilir ki, dərdini bizlərə deyir və biz də onları yuxarı təşkilatlara çatdırırıq. Amma onlar da heç qəzet oxuyan deyil. Qəzet oxuyan olsaydılar, yazdıqlarımızın çoxundan xəbərləri olardı. Bax, adamı belə-belə işlər yandırır. Vaxtilə «Ədalət» qəzeti 65-70 min tirajla çıxardı. Amma indi gəlib çıxır 1500-ə. 1500 qəzet ilə də nə eləmək olur.

Oxuyan oxuyur ey, yerin deşiyində də olsa da tapacaq! Amma yaxşı olardı ki, saytların nazını çəkməkdənsə, 32-35 il çıxan qəzetləri yaşatmaq və qorumaq haqqında düşünmək lazımdır. Qəzet oxumayan millət heç vaxt ağı qaradan seçə bilməz... Qəzet oxumayan millət maariflənə və eyni zamanda bir çox şeyləri öyrənə bilməz... Və qəzet oxumayan millət həmişə axsayar və geridə qalar…

Biz dədə-babadan qəzet oxuyan deyilik ey, əgər belə olmasaydı böyük Üzeyir Hacıbəyli «Bir firəng ilə söhbəti» məqaləsini qələmə almazdı. Qələmə almaz və yazmazdı ki, bir firəng bizim məmləkətə gəlir və molladan soruşur ki, bu Qafqazda nə qədər müsəlman var? O da cavab verir ki, altı milyon! Bəs altı milyonun neçə qəzeti var? Molla da deyir ki, cəmi-cümlətani bir qəzetimiz var. Bu sözü eşidəndə elə bil ki, firəngi ilan vurur və təəccüblənir. O qəzetin altı milyon oxucusu var? Molla deyir yox!

- Beş milyon?

- Yox ey!

- Dörd milyon?

- Yox ey, azdı!

- Üç milyon?

- Yenə azdı.

- Üç yüz min?

- Vallah azdı.

- İki yüz min?

- Qardaş, bir az da azdı.

- Bir min?

- Yox, bir az çox: 1800!

Məlum olur ki, bir məmləkətdə bir qəzet çıxır, onun da 1800 oxucusu var. Bu sözü

eşidəndə firəng bərk dilxor olur və deyir:

«Bir millətin ki, bir qəzet ola, onun da 1800 oxucusu, o millətin gələcəyi olmaz və

mən burda qala bilmərəm» deyib çıxıb gedir.

Molla isə götürüb firəngə bir məktub yazır: «Nolsun ki, bir qəzetin 1800 oxucusu var. Sizin özünüz ilan, qurbağa, tısbağa əti yeyirsiz, sizə heç bir söz deyən yoxdur. İndi bizə lağ edirsiz».

Bax belə, biz belə millət olmuşuq və bu gün də elə-belə millətik. Qəzet sevən, qəzet oxuyan deyilik. Aramızda tək-tük qəzet oxuyan varsa, ona da lağ edirik və ələ salırıq! Axırda da gülməli vəziyyətə o yox, bizim özümüz düşürük...

 

 

 

TƏQVİM / ARXİV