adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

DƏNİZƏ  TÖKÜLƏN PULLAR - Aqil ABBAS yazır

AQİL ABBAS
438 | 2022-09-26 15:29

Demək olar ki, ayda iki-üç dəfə, bəzən  hətta  dörd dəfə yolum o səmtdən düşür.  Və hər dəfə də dənizin içində mənasız şəkildə tikilib, mənasız vəziyyətdə qalan, guya italyanların dünyanın səkkizinci möcüzəsi adlandırdıqları «Khazar İslands»  şəhərini  görəndə qəlbimdən keçir ki,  nəsə bir şey yazıb ürəyimi  boşaldım, sonra da deyirəm ki, kimin  üçün  yazırsan,  niyə yazırsan? Bu  yazının və ya yazılanın kimə  dəxli var və tumanbağı da çoxdan  bağlanıb.

Bir yaxşı türk anekdotu var, tez-tez qəzetdə onu yazıram. Təyyarə  uçur, trabzonlu da oturub əlində «Hürriyyət» qəzeti oxuyur.  Və bir də görür ki, təyyarədəkilər  çığırırlar, bağırırlar, saçlarını  yolurlar. Gözünü  qəzetdən ayırıb  yanında  şivən çıxarandan  soruşur:

- Nə olub, bu camaat niyə özünü öldürür?

Yanındakı illüminatordan təyyarənin yanan qanadını  göstərib   deyir:

- Görmürsən təyyarə yanır?

Trabzonlu:

- Cəhənnəmə yansın, dədəninkidi?

Mən də bunu tez-tez  qəzetdə  yazardım, sonda da ironiya ilə deyərdim: «Azərbaycan yanır. Yansın da  dədəmizin deyil  ha».

Əslində  Azərbaycan həm dədəmizindi, həm nənəmizin, dayılarımızın, əmilərimizin, bacı-qardaşlarımızın, övladlarımızın, bu ölkədə  yaşayan  bütün  vətəndaşlarındı. Təəssüf ki, hamımız belə  düşünmürük.

İndi bu Xəzər dənizində  mənasız tikilən və yarımçıq qalan şəhər haqqında  yazacam, çölə tökülən pullardan  yazacam, deyəcəklər ki, dədənin pullarıdı?

Bəli,  dənizə  tökülən bu pullar nəğd mənim  dədəmin deyil, dədəmin Ağdamda bir evi vardı, onu da ermənilər yandırdı. Mənim  dədəmin deyil bu pullar, amma bütün Azərbaycan xalqının  dədələrinin  pullarıdı töküblər dənizə.

Bir ara bu pullarla  maraqlandılar, bir balaca  araşdırdılar, sonra da  məsələ  məlum olduğu  üçün   üstü basdırılsın.

2010-cu ilin sentyabrından tikintisinə başlayan  bu şəhər 600 min  sakin  üçün  nəzərdə tutulmuşdu.  Və qeyd edilmişdi ki, bu layihəyə  30 milyard  vəsait  xərclənəcək. Və Hacı İbrahim də bildirmişdi ki,  görülən işlər dövlət layihəsi deyil, yəni  şəxsən onun özünə məxsusdu. Və təbii ki, bir adamda 30 milyard  pul olmaz, bu,  Azərbaycanın  iki illik  büdcəsi deməkdi. İndi zəmanə  elədir ki, xarici investorlar bura pul qoya bilərdi. Deyəsən, gəldilər-getdilər, xüsusilə   ərəb şeyxləri, amma deyəsən  ağıllarına  batmadı. Təbii ki, Hacı İbrahimdə də   o qədər  pul olmazdı, ona görə də bir vaxtlar  bostan kimi uralanmış  Azərbaycan  Beynəlxalq Bankından  neçə milyardsa kredit  götürdü.

Müharibə başlayanda mən də  20 min  manat bankdan  kredit  götürmüşdüm ki, şəhid və qazi ailələrinə, müharibədə  olan əsgərlərimizin  ailələrinə yardım edim. Nə qədər  sənəd istədilər, nə qədər  sənədə qol çəkdirdilər, krediti  də hər ay maaşımdan tuturlar. Allaha  şükür ki, bu ay  hesab-kitabı bağlaya bilirəm.

Amma Beynəlxalq Bankı uralayanlar şappadanxeyir Hacı İbrahimə istədiyi məbləği verdilər.

Hazırda Möhtərəm  Prezident cənab  İlham Əliyev  ermənilərin  dağıtdığı   Ağdamda  100 minlik  şəhər tikir. Hələ mən Füzulidə, Zəngilanda, Cəbrayılda, Laçında, Şuşada, Qubadlıda tikinti-bərpa  işlərindən danışmıram.

İndi mən tikintisi  yarımçıq qalmış və artıq təbiətin  təsiri ilə dağılmaqda olan «dünyanın  səkkizinci möcüzəsi» olan «Khazar İslands» mənasız şəhərinə   baxanda  fikirləşirəm ki, bu dənizə  tökülən pullara  bir Füzuli  şəhəri tikmək olar. Şəkilləri də paylaşıram, siz də baxın  şəhərin  indiki vəziyyətinə.

Əlimdə  köhnə bir  qəzet var, orda  yazılıb ki, tikintinin birinci mərhələsi  2013-cü ildə başa çatdırılmalıydı.  2013-də bu şəhərdə guya 6 min insan  məskunlaşacaqdı. İndi  bu şəhərdə nəinki bir insan , heç bir  ulayan it də tapmaq olmaz. Küləklər  şəhəri olan  Bakının  28 kilometrliyində, Xəzərin  içində  rütubət olan bir yerdə axı itin nə işi var ki, ulasın da?

 Yeri gəlmişkən, hər birinin  qiyməti neçə min dollar olan işıq  dirəklərinə oxşayan, başında da  beş-altı  yarpağı olan  neçə min  palma da əkilmişdi.  Hamısı  quruyub  getdi. O palmalara  çəkilən  pullar da  dənizə  töküldü.

Dənizə tökülən  pullar… Amma deməyin  cəhənnəmə  tökülsün, dədəmizin deyil ha!

TƏQVİM / ARXİV