adalet.az header logo
  • Bakı 13°C

ƏRDOĞAN KILIÇDAROĞLU İLƏ YOX, BÜTÜN DÜNYA İLƏ MÜBARİZƏ APARDI - Aqil ABBAS yazır

AQİL ABBAS
1555 | 2023-05-15 23:15

ABŞ başda olmaqla Fransa və Avropa dövlətləri uzun zamandır qardaş ölkənin cümhur başkanı sayın Rəcəb Tayyib Ərdoğana qarşı böyük bir cəbhə açıblar. Təbii ki, içəridə də bu əfi ilanlara ağ verən kərtənkələlər var. Yəni bütün mətbuat sayın Ərdoğana müxalif qüvvələrin əlində cəmləşib. Səbəbi də məlumdur. Bu haqda özüm də çox yazmışam, həm də siyasətçilər də çox danışıb, yenidən təkrar etmək istəmirəm.

Bir-iki kəlmə ilə. Sayın Ərdoğanın rəhbərlik etdiyi Türkiyə neçə illərdir ki, nə ABŞ-ın, nə də Avropa dövlətlərinin dediyi ilə oturub-durmur, Türkiyə öz siyasətini yürüdür. Və bu gün Türkiyə dünyada söz sahibinə çevrilib, Türkiyə dünyada gücə çevrilib və Türkiyə türk dövlətlərini başına yığıb Avropa İttifaqı kimi bir İttifaq yaratmağa çalışır. Artıq həm Yaxın Şərqdə, həm də Orta Asiyada, eləcə də Qafqazda hər bir məsələdə Türkiyə var. Biz bunu 44 günlük Vətən müharibəsindəki zəfərimizdə də hiss etdik. Təbii ki, bu da ABŞ-ı və Avropa dövlətlərini razı sala bilməz. Eləcə də sayın Ərdoğanın Rusiya ilə isti münasibətləri NATO dövlətlərini qıcıqlandırır.

Səbəblər çoxdur, hamısını saymıram. Ona görə də ABŞ başda olmaqla Avropa dövlətləri bütün vasitələrdən istifadə etməklə sayın Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar.

Amma alınmadı. Türk millətinə güc gələ bilmədilər. Türk milləti sayın Ərdoğanın yanında oldu. Kılıçdaroğlunun başçılıq etdiyi «Altılıq masa» və onların ətrafındakı onluq, iyirmilik masalar hamısı bir yerə yığışsa da sayın Ərdoğana və türk millətinə uduzdu. Parlamentdə də «Cümhur ittifaqı» «Millət ittifaqı»ndan yüzdən artıq deputat qazandı. Yəni parlament yenə AK Parti və onun müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının çoxluğunu qazandı.

Sayın Ərdoğan da sayın Kılıçdaroğlundan cümhurbaşkanlığı seçimində 5 faiz artıq səs topladı.

Cümhurbaşkanlığı seçimi hazırda ikinci tura qaldı. Türkiyədəki siyasətçilərin və ekspertlərin araşdırmalarına görə ikinci turda sayın Ərdoğan sayın Kılıçdaroğlundan 10 faiz artıq səs toplayaraq qalib gələcək.

Təbii ki, seçim Türk xalqınındır. Və oxuyuram ki, bizdə də yazırlar ki, niyə Türkiyənin seçimlərinə qarışırsınız? Əvvəla, biz qarışmırıq, arzumuzu ifadə edirik. İkinci də necə ola bilər ki, ABŞ və Avropa dövlətləri Türkiyədəki seçimlərə qarışa bilər, amma qardaş Azərbaycan qarışa bilməz, öz arzusunu ifadə edə bilməz?

Azərbaycanın bir sıravi vətəndaşı olaraq istəyərəm ki, Türkiyə daha qüdrətli, dünyada daha güclü söz sahibi olsun və bunu da sayın Ərdoğanın cümhurbaşkanlığında görürəm.

İnşallah!

TƏQVİM / ARXİV