adalet.az header logo
  • Bakı 13°C

Faiq QİSMƏTOĞLU: Qan tökülən torpaqda güllər bitir

FAİQ QİSMƏTOĞLU
772 | 2022-08-29 11:39

...Hamı deyir ki, vətəni sevirəm və vətənin yolunda canımdan keçməyə hazıram. Bəli, bunu çoxlarımız deyirik və bu gün də o fikri səsləndiririk. Amma əsl vətən oğlu odur ki, əlinə silah alıb döyüşə gedir, vuruşur, ya şəhid olur, ya qalib olur, ya da qazi olur! Aydındır ki, Birinci və İkinci Qarabağ savaşında da  Azərbaycan oğulları, əsgərlərimiz aslan kimi döyüşdülər. Onlar aslan kimi döyüşdülər, Şuşanı, Hadrutu, Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı, Kəlbəcəri, Laçını  geri qaytardılar.

...O torpaqlar elə-belə geri qayıtmadı. O torpaqların dağında, daşında, ormanında və hər yerində şəhid qanı axdı. Və həmin şəhid qanı bu gün gül kimi, çiçək kimi torpaqdan boylanır və bizə sevinc gətirir.  Həm də o güllərdən, çiçəklərdən şəhidlərimizin, yaralı qazilərimizin ətri, qoxusu, iysi gəlir. Elə bilməyin ki, bunlar hamısı adi bir hissdi, duyğudu. Bunlar hamısı tarixdi, vətəndi və gələcəyimizdi. Əgər o şəhidlərimiz olmasaydı, biz indi özümüzdən razı halda  o torpaqlara gedib ziyarət etməzdik. Həm də şəhidlər və qazilərimiz yaşlı və orta nəslin çiyninə düşən ağır yükü öz çiyinlərinə aldı və vətəni bayaq dediyimiz kimi azad elədi.

Füzuli rayonunda da Birinci və İkinci Qarabağ döyüşlərində əlinə silah alıb döyüşən, şəhid olan, qazi olan oğullar az deyillər. Xüsusən də Birinci Qarabağ savaşında ayrı-ayrı igid oğullarımız silaha sarıldı və vətənin müdafiəsinə qalxdı. Onlardan ikisi -   topçu, zabit Ağabala  Quliyev və döyüşçü-fotoqraf Nurəhməd Vəliyev barəsində kimlər bilməsə də füzulilər çox yaxşı xəbərdardırlar. Belə ki, Ağabala Quliyev prokurorluq orqanlarında çalışsa da, könüllü olaraq Birinci Qarabağ savaşı başlayanda doğma Füzuliyə  qayıdır və orda döyüşür. Hətta topu yüksəkliyə qaldırmaq üçün başqa bir texnika tapmayanda kənddən bir traktor tapır, topu traktorun arxasına qoşur və özü də sükan arxasına əyləşib yüksəkliyə qalxır və həmin yüksəklikdə topu yerləşdirir. Bütün kordinatları dəqiq hesablayır və erməni mövqelərini həmin yüksəklikdən darmadağın eləyir. Ağabala  Quliyevin vətən sevgisi, vətən məhəbbəti o qədər güclü olur ki, bu hisslər hər an, hər dəqiqə düşmənə üstün gəlir. Silah-sursat, mərmi olmayanda belə Ağabala müəllim onları çətinliklə əldə edir. Bir an da olsun döyüş mövqeyindən geri çəkilmir.

Döyüşçü-fotoqraf  Nurəhməd Vəliyev isə bir əlində silah, bir əlində fotoaparat düşmənlə Birinci Qarabağ savaşının ilk günlərindən döyüşə atılır. O qədər çətin, ağır anlarla üzləşir ki, ölüm onu hər an izləyir, amma o ölümə qalib gəlir. Deyir ki, mən burda ölməyə yox, döyüşməyə və düşməni öldürməyə gəlmişəm. Göydən qrad, bomba yağanda belə o heç nədən çəkinmir, səngərdə döyüşür, ən çətin anları və məqamları fotoaparatın lentinə köçürür.

Onun Birinci Qarabağ savaşını əks etdirən yüzdən çox döyüşlərdə çəkilmiş nadir fotoları var. Bu fotolarda Füzulinin döyüşmüş, şəhid və qazi olmuş neçə-neçə igidlərinin şəkilləri qalıb. Və o şəkillər bu gün də qorunub saxlanılır. Tarix heç vaxt unudulmur. Ən azırdan ona görə ki, o ya təkrarlanır, ya da tez-tez xatırlanır.

Bu günlərdə bu tarix bir daha yenidən xatırlanıb. Birinci və İkinci Qarabağ savaşında döyüşmüş qazilər, müharibə iştirakçıları yenidən bir yerə toplaşıblar. Füzulidə «Şuşa Zəfəri: dünənimiz, bu günümüz» adlı Horadizdəki «Muğam Mərkəzi»ndə möhtəşəm bir tədbir keçirildi. Həmin tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin, Xocavənd Rayon İcra Hakimiyyətinin nümayəndələri, Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, Birinci və İkinci Qarabağ müharibəsi veteranları, qazilər iştirak ediblər. Tədbir iştirakçıları Horadiz şəhərindəki «Qəhrəmanlar parkı»nda vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət edərək onlara ehtiramlarını bildirib, abidə önünə tər, gül-çiçək dəstələri qoyublar.  Tədbir zamanı erməni işğalçılarına qarşı aparılan mübarizədən, Zəfər tariximizdən, xalqımızın döyüşkənlik ruhundan geniş söz açılıb. Onlar 1993-cü ilin 23-25  avqust tarixlərində Füzuli uğrunda gedən döyüşlərin baş verdiyi yerləri, məkanları ziyarət ediblər, döyüş xatirələrini danışıblar. «Şuşa ili»nə həsr olunan kitab sərgisi və döyüşçü-fotoqraf Nurəhməd Vəliyevin Qarabağ müharibəsi tarixinə həsr olunmuş foto-sərgisinə maraqla baxılıb.

Təbii ki, 1993-cü ilin 24-25  avqustunda cəmi bir topla düşmənə qarşı mübarizə aparan topçu, zabit Ağabala Quliyevin, onun döyüş dostlarının şücaətindən danışanlar Qarabağ müharibəsi veteranlarının bu qəhrəmanlığını yüksək qiymətləndiriblər. Foto-sərgidə Birinci Qarabağ müharibəsi tarixini o dövrdə Füzuli uğrunda gedən döyüşləri əks etdirən yüksək çox tarixi fotolar, sənədlər nümayiş etdirib.

Görüşdə iştirak edən bütün qonaqlar öz ürək sözlərini səsləndiriblər. Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Əfsanə Quliyeva və başqaları Birinci və İkinci Qarabağ müharibəsi savaşında Füzulinin qəhrəman oğullarının şücaətindən, Şuşa Zəfərinə aparan yolun məhz Füzuildən başlanmasından ətraflı bəhs ediblər. Onlar 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad olunmasını böyük qələbə və tarixi hadisə kimi dəyərləndiriblər.

Tədbirdə çıxış edən topçu, zabit Ağabala Quliyev  və döyüşçü-fotoqraf Nurəhməd Vəliyev və başqaları 8 noyabr Zəfər gününə aparan tarixi-mübarizə yolu haqqında xatirələrini danışıb, ordumuzun Şuşa zəfərinin, Vətən müharibəsinin qızıl səhifəsi kimi qiymətləndiriblər.

Ümumiyyətlə, bu cür görüşlərin keçirilməsi və xatırlanması bir daha  tarixin, Birinci və İkinci Qarabağ savaşın yenidən vərəqlənməsi, xatırlanması deməkdir. O torpağa ki, şəhid qanı tökülüb, o torpağa ki, şəhid ayağı dəyib və orda gül bitir, çiçək boylanır, biz onların ətrini və qoxusunu hər zaman hiss edəcəyik. Və onu da hiss edəcəyik ki, şəhidlərimiz və qazilərimiz həmişə bu xalqın qəlbində və ürəyində özlərinə əbədi bir heykəl ucaldıblar. O heykəl ki, onu min illər keçsə də, heç kim nə sökə, nə dağıda, nə də məhv edə bilər. Nə vaxta qədər ki, Azərbaycan var, vətən var, Qarabağ var, o vaxta qədər də şəhidlərimiz və qazilərimiz yaşayacaq və bizi həmişə böyük gələcəyə aparacaq. O gələcək günəş kim işıqlı, göy üzü kimi təmiz bir dünyadır.

TƏQVİM / ARXİV