Gəlin başlayaq - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
5761 | 2022-11-30 14:16

Mövzu çoxdur, o qədər çoxdur ki, bəzən bu çoxluğun içərisində itib batır, nədən yazacağımı bilmirəm. Bir mövzudan yazmaq istəyirəm ki, ağlıma başqa bir mövzu gəlir və əlimdəki yazını tamamlamaqda çətinlik çəkirəm. Əlbətdə ki, bunda sosial şəbəkələrin rolu da az deyil. Yazılan statuslar, müxtəlif paylaşımlar cəmiyyətin vəziyyətini çox bariz surətdə ortaya qoymuş olur, əgər diqqətlə oxusan. Mənə ən çox təsir edən isə ciddi məsələlərə belə, bir çox halda, lağlağı ilə yanaşmağımızdır. Yumor hissi ilə yanaşmaq başqadır, lağlağı etmək isə başqa və bu fərqi izah etməyə ehtiyac görmürəm. Bir insan, ziyalı niyə cəmiyyəti ciddi narahat etməli olduğu məsələyə lağlağı etsin ki...

...Cəmiyətimizin ən böyük problemlərindən biri də rüşvət, korrupsiyadır. “Biri də” ona görə yazdım ki, bundan başqa problemlərimiz də var. Problemlərin həlli yolları təbii ki, mövcuddur, ən azından bir çoxunun. Amma gərək bu yolu düzgün seçəsən. Məsələn, məmləkətimizdə son illərdə bir neçə yüksək vəzifəli şəxsə qarşı əməliyyatlar keçrildi. DTX bir neçə icra başçılarını, nazirlik işçilərini həbs etdi. Bununla rüşvətin qarşısını ala bildilər? Ümumiyyətlə, bu kimi addımlarla rüşvətin qarşısını almaq olar? Şəxsi fikrimə görə, yox. Əksinə, bu kimi əməliyyatların rüşvətin məbləğinin qalxmasına səbəb ola biləcəyini düşünürəm. Məqsədi nə qədər xoş olsa da, belə əməliyyatlar rüşvətin qarşısını ala bilməz, qeyd etdiyim kimi, mənim fikrimcə. Bəs rüşvətin qarşısını necə almaq mümkündür? Fikrimcə bunun üçün zaman lazımdır. Amma biz bu işə başlamalıyıq. Əsas başlamaqdır. Rüşvətin qarşısını almaq istiqamətində fəaliyyətə lap elə günü bu gündən başlamaq olar və bu, hardasa 20-30 il sonra öz nəticəsini göstərməyə başlaya bilər.

Azərbaycan rüşvətsiz, ədalətli bir cəmiyyətə “hamiləlik dövrünü” yaşamalı və sonra o cəmiyyəti dünyaya gətirməli, böyütməli, ərsəyə çatdırmalıdır. Bu dövr nə qədər əzablı, əziyyətli olsa belə bunu etmək lazımdır. Yoxsa rüşvət, acgözlük və.s. bu kimi neqativ hallar bu ölkəni şikəst edir...

... Uşaq ana bətində olanda ətrafda baş verənləri duyur, deyirlər. Bunun belə olub olmadığnı bilmirəm. Bir anlıq təsəvvür edək ki, belədir. O zaman uşaq ana bətnində olanda valideynlərinin doğum evinə vermək üçün pul dərdi çəkdiyini duymamalıdır, yəni uşaq dünyaya rüşvətlə gəlməməlidir. Burdan başlamaq olar. Uşaq dünyaya gələn kimi dövlət uşağın qayğısına qalmalı, valideynlərə uşaq pulu verilməldir və heç bir valideyn uşağının maddi təminatı ilə bağlı narahatlıq keçirtməməlidir. Uşaq bağçaya, məktəbə pulla getməməlidir, yəni rüşvətlə. Universitetlərə, texnikumlara, peşə məktəblərinə öz istəyinə, qabiliyyətinə görə seçim etməlidir, kiminsə istəyinə, pulun gücünə deyil. Haqq etdiyini əldə etməlidir, rüşvətə, tapşırığa ehtiyac olmadan. Sonradan əmək fəaliyyətinə də qabiliyyətinə, bacarığına, savadına, ixtisasına uyğun yerdə başlamlıdır və yenə də öz gücünə, rüşvətsiz filansız. Yəni hələ bağçadan, ibtidai sinifdən haqq etdiyini almalı və belə də davam etməlidir. Kimsə onun haqqını nə almalı, nə də haqq edtiyindən artığını verməldir. Çalışdığı yerdə alacağı əmək haqqı da ona öz həyatını rahat yaşamağa, ailə qurduqdan sonra isə ailəsini maddi cəhətdən təmin etməyə yetərli olmalıdr. Belə bir şəraitdə böyüyən biri gələcəkdə öz övladının da rahat, ədalətli bir cəmiyyətdə yaşayacağını bilər və “uşaqlarına gün ağlamaq” üçün başqalarının uşaqlarının haqqını yeməz, ölkəni çapıb-talamaz...

Əlbətdə ki, bütün bunlar mənim burada yazdığım qədər sadə deyil, uzun bir prosesdir. Bunun üçün çox işlər görülməlidir. Amma əsas başlamaqdır. Bu gün qibtə ilə baxdığımız bütün Avropa dövlətləri bu yerlərə gəlib çıxmaq üçün çox mərhələri keçiblər və bu gün də dayanmadan mərhələlər keçməkdədirlər...

...Gəlin başlayaq.

 

Vüqar Abbasov. Niderland.

[email protected]

 

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV