adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

GÜNAHIMIZ MÜSƏLMAN OLMAĞIMIZDIR - Aqil ABBAS yazır

AQİL ABBAS
456 | 2022-09-07 23:55

Müsəlmanlar bircə dəfə adam kimi yaşayıblar o da Osmanlı imperiyasında. Osmanlı dağıldı və İslam aləmi zillətə düşdü. Osmanlını dağıdanlar, yəni Avropa  21  ərəb dövləti yaratdılar, hərəsinə də bir kral seçdilər, xəritələrini də xətkeşlə  çəkdilər. Və indi bu 21 ərəb dövləti bir-biriylə düşməndir, bir-birini qırır, şəhərlərini dağıdır. ABŞ və Avropa da onlara öz silah və sursatlarını  sırıyır baha qiymətə. Neftini daşıyır, nələri var daşıyır -  incəsənət əsərlərini də, fironların  mumiyalarını, hətta  məbədlərinin daşlarını, antikvar  nə varsa  hamısını.

Müsəlman dövlətləri  içərisində yalnız Türkiyə Qazi Mustafa Kamal Atatürkün sayəsində bunların  arasından  sıyrılıb çıxdı. 90-cı illərdə də keçmiş  SSRİ məkanındakı türk müsəlman respublikaları da yarısalamat  qaldılar. Onların da içində separatçılar  yaratdılar, müharibələr saldılar, amma məhv edə bilmədilər, yenidən dirçəldilər.

Sabir yazır:
 

Cin görürəm, şeytan  görürəm, qorxmuram,

Harda müsəlman görürəm, qorxuram.

 

Amma yazıq müsəlmanlar qalıblar  cinlərin, şeytanların əlində. ABŞ başda olmaqla Avropa dövlətləri olub cin, şeytan onlara  «Bismillah» sözü də  təsir etmir. 

Oxuyuram ki, Myanmada Arakan bölgəsində yaşayan  müsəlmanları  buddistlər  qırır. Günahları müsəlman olmalarıdı. Özü də dünyanın  gözü qarşısında. Heç kim mane olmaq  istəmir. Bakılılar demiş, nöşün? Nöşün ki, müsəlmandırlar.

Uzağa niyə gedək? Ermənistandan 300 min azərbaycanlını üç-dörd ayın içində  qırdıqlarını qırdılar, qıra bilmədiklərini ölkədən  qovdular. Özü də  bu, birinci hadisə deyildi,  üçüncü hadisə idi. Nöşün? Nöşün ki, türkdülər, müsəlmandılar. ABŞ, Avropa dövlətləri, Rusiya  hələ bir Ermənistana  dəstək də verdi, silahlandırdı, Qarabağda separatçı rejimə hər il  milyonlarla dollar pul ayırdı ki, yaxşı silahlanın.

İndi Myanmada müsəlmanları  adam sayıb  siyahıya   almadıqlarına görə  sayları  dəqiq bilinmir, səkkiz dəfə qətliam  etdikdən sonra indi  təxmini hesablayırlar ki, 600 min müsəlman qalıb. Onları da  sürgün ediblər, qapıbir qonşuları olan müsəlman dövlətləri  Banqladeş, İndoneziya, daha nə  bilim hansı kərtənkələ öz qardaşlarını qəbul eləmirlər. Alın bu da sizə müsəlman  dövlətləri.

«Belə-belə işlər» Youtubedə Myanma  müsəlmanlarının  taleyindən dəhşətli bir  video paylaşıb  baxmaq olmur. Bugünki saytımızda həmin videonu biz də  paylaşırıq, baxın, bu faciəni  siz də görün. Hərçənd ki bu  faciəni  biz özümüz də yaşamışıq, bizə doğmadı.

Görünür, müsəlmanlara yeni bir xəlifə  lazımdı, türk  sultanları kimi.  Ərəblər xəlifəliyi bacarmadı.

 

VİDEO BURADA

TƏQVİM / ARXİV