Düzdür, 23 illin jurnalisti olaraq, nə "əməkdar jurnalist" adına, nə "Tərəqqi medalı"na, nə rəsmi dövlət və hökümət qurumlarından "fəxri fərman"a, "Fəxri diplom"a, digər bu tip mükafatlara layiq görülmədim.
Səbəbi, günahı özümdə görürəm! Bircə qırıq əyilməyi, söz götürməyi bacarsaydım, nə qapılardan keçərdim.
Amma üzgün deyiləm! Çünki heç bir titullu qadın jurnalist mənim qazandığım uğurları qazana bilməyib! Var olsun dəstək olan dostlarım!
Həmkarım, canım Rumiyye Miraslan deyirdi ki, gözləyirdim: əgər Əntiqə "Qarabağ" qəzetinə qalib gəlsə, inanacağam ki, biz də Qarabağ torpağında qalib gələcəyik! Bəli, "torpağımı qaytar mənə cənab Prezident və Müdafiə naziri" müraciətli videoma görə "Qarabağ" qəzetindən qovulmuşdum. Yurdlarından qovulan günahsız qarabağlıların taleyini yaşayırdım! Mən 2020 -ci ilin avqustun 8-də uzun sürən məhkəməni qazandım və üzərimə hücuma keçən bir dəstə "Qarabağ"çıya qalib gəldim! Bu ifadə edilməz bir hissdir! Qələbə hissi!
Sonra Vətən müharibəsi başladı! Qalibiyyətimin davamını 28 sentyabrdan etibarən 44 gün Qarabağımızda yaşadım! Bəli, həyat yoldaşı qazi-yaralı, uşağı 9 yaşında, anası qoca və xəstə bir qadını buraxıb arxana baxmadan cəbhə xəttinə getməsi cəsarət tələb edirdi. Raket yağışının altında Bərdənin, Ağdamın, o cümlədən Ağcabədinin, Tərtərin, Cəbrayılın, Şıxarxın, Marquşevanın ərazilərini qarış -qarış gəzməsi elə ölümünə fərman verməsi kimi bir şey idi!
Dəfələrlə bombardmana düşdüm, günlərlə ac qaldım, yol pulum olmadı piyada getdim gedecəyim yerlərə, yağışın, küləyin soyuğun "ağzında" peşə fəaliyyətimi həmçinin əsgərlərimizə yardımların çatdırılmasını şərəflə yerinə yetirdim. Raket yağışının altında sığınacaqlardakı insanların taleyi, şəhid ailələrindən reportaj, şəhid dəfnləri, hərbçilərdən açıqlamalar... Bir an geri çəkilmədim!
20 -yə yaxın kişi jurnalistdən heç nədə geri qalmadım! İndi mən 1 qadın jurnalist olaraq elə bilirəm bütün dövlət titul və mükafatlarından daha böyük bir mükafata layiq görülmüşəm !
44 günlük müharibənin yeganə qadın müxbiri!
Bu adı məndən başqa qazanan olmadı! Heç indən sonra da heç kim qazana bilməyəcək, bu adı heç kim vermir. Yeganə şərəfli tituldur ki, onu özün qazanırsan, mən qazandım!
Həyatımı itirmək bahasına, travmaya, stressə, xəstəliklərə qapı açaraq qazandım!
Həm də qorxmuram ki, heç kəs bu titulu məndən ala, ləğv edə bilməz! Bu titulu özüm qazandım!
Hesab edirəm, igidlərimizin 44 günlük savaşda qazandığı möhtəşəm qalibiyyətdə mənim də azacıq, lap az da olsa payım var! Xoşbəxtəm ki, 44 gündə mən də çəbhə xəttində, döyüşçülərimizin yanında olmuşam!
Minlərlə can qurban oldu!Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!
Namusumuzu hifz edən, Bayrağımızı yüksəldən bütün igidlərimizə : qazilərimizə, veteranlarımıza Allahdan can sağlığı və hər zaman qələbə arzulayıram!
Səndən ötrü can verməyə cümlə hazırız! mənim xalqım! Allah sizi və birliyimizi qorusun!
Allah səni hər zaman müzəffər etsin mənim dövlətim!Üç rəngli bayrağınla məsud yaşa!
Sənə canım fəda VƏtən
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!