adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU

MAHİR QABİLOĞLU
34000 | 2014-05-31 04:05
Prezidentin fərdi təqaüdü 10 noyabr 1997-ci ildə Prezident Heydər Əliyev tərəfindən təsis edilib. İlk vaxtlarda bu təqaüdün məbləği səhv etmirəmsə, 1 milyon manat idi. Xalq dilində desək 100 şirvan, dollarla desək hardasa 200 dollardan çox, müasir dildə səsləndirsək 250 manat. Mənim AzTV-dəki 4 şirvanlıq maaşımla və 100 dolların bir ailənin bir aylıq bazarlığını görməsiylə müqayisə etsək çox böyük məbləğ idi. İndi isə prezidentin fərdi təqaüdü (mərhələlərlə 2 milyon 500 min, 750 manat artırıla-artırıla) 1000 manatdır ki, bu şərəfə 500-ə yaxın insan layiq görülür. Atam - xalq şairi Qabil də bu təqaüdü alan ilk on nəfərdən biri idi. Rəsmi məlumatım bu qədər. Amma prezidentin fərdi təqaüdü ilə bağlı xatirələrim də var. Həm atam, həm də digərləriylə bağlı. Yazmağa qərar verdim. Bu xatirələr 1997-2003-ci illəri əhatə edir. Etika xatirinə yox, sadəcə yazıda gedən insanların bu gün sağ qalan övladlarının acığına gəlməsin deyə ad çəkməyəcəyəm. Bir də ki, məqsədim ad çəkmək yox, prezident təqaüdünün duzunu, bərəkətini verməkdir. Bu pulun bir vaxtlar maliyyə məngənəsində boğulan yaradıcı, məşhur insanlara nə qədər əl tutmasını göstərməkdir. Təkcə onlara yox, ailələrinin digər üzvlərinə, hətta...

BEŞ ŞİRVAN

- Qabil, təqaüdü gətirdilər?
- Hə, Bəyim.
- Beş şirvanı ayır.
Atam Qabillə anam arasında ayda bir dəfə baş verən bu söhbət bəlkə də bədii əsər mövzusudur. Mən isə bunu balaca bir yazıya salmaqla kiçildirəm. 100 şirvan təqaüdü evə gətirən kimi anam atamın başının üstünü alardı. Pulun üstündən beş şirvan (mənim o vaxt bir aylıq maaşım) götürüb tez dükana girər. Xırdlayar - o dövrün diliylə desək - "məmməd" - 1000 manatlıq edərdi. Sonra isə marşrut bəlli idi.
- Qabil, gəldim.
- Hə danış.
Atam da anamı bu mövzuda danışdırmaqdan zövq alardı.
- Getdim birinci pulu xırdaladım. Qalxdım "Təzə Pir"ə. Orda qapıda oturublar kasıb-kusublar - yaxınlaşdım onlara. Hamısını tanıyıram. Birinin oğlu türmədədir. Biri şikəstdir. O birinin uşağı xəstədir... Başladılar dua eləməyə. Allah ömür versin, can sağlığı, allah balanı saxlasın. Puldan bir hissəsini onlara verdim.
- Ay Bəyim, hamısını onlara verib gələydin də.
- Yox. Bəs o birilər? Ordan düşdüm Qasım İsmayılov küçəsindəki kilsəyə. Rus dilənçilər dayanıb qapıda. Onlara da verdim.
- Nə dedilər?
- Dedilər ki, "Day boq vam zdorovye". Sonra...
- Nə "sonra"? Qurtarmadı pul?
- Yox. Ordan getdim "Göy məscid"ə. Orda küçədə dayanan dilənçilərə də pul payladım, gəldim.
- Hə. Lap yaxşı. Duaları köməyimiz olsun. Pulumuz dava-dərmana, həkimə getməsin. Bəs pişiklər?
- Hə. Girdim dükana sosiska aldım 1 kilo, həyətə girməyimi görmüşdüm qaçdılar üstümə. Verdim yedilər.
- Nahaq tək vermisən, gərək məni də çağıraydın. Sosiskanı bir yerdə verərdik.
- Yarısını saxlamışam, düşəndə özün verərsən.
- Yaxşı ki, pişikləri yaddan çıxarmamısan. Yoxsa "öldürəcəkdim" səni. Qoy ayda bir dəfə keyf eləsinlər. Nə vaxtacan artıq-urtuq, köhnəlmiş yemək yeyəcəklər? Öz payımı sabah verərəm, bu gün artıq toxdurlar. Qoy iki gün keyf eləsinlər.
- Gələn təqaüddə birdən unudaram, yaddan çıxarma ya 5 şirvanı. O saat ayır.
- Yox, yaddan çıxarmaram. Allah Heydərin canın sağ eləsin. Ömrü uzun olsun.
- Amin.
- Bəyim, mən gedirəm.
- Hara?
- "Kiev" kafesinə. Təqaüd almışam. Şuriklərə (5-6 nəfər yaxın ətrafı, dostları) qonaqlıq verməliyəm.

QORXUR Kİ, ÖLLƏM, PREZİDENT TƏQAÜDÜ...

Günlərin bir günü Az.TV-nin başqa redaksiyalarından birinin yaradıcı heyəti tanınmış şəxslərdən birinin evinə müsahibə almağa gedir. Təxəllüsü "D" olan bu görkəmli adam sağlığında qiymətini almış, Heydər Əliyevin də böyük hörmət bəslədiyi, "İstiqlal" ordenli insanlardan idi.
Çayxanada oturmuşduq. Qonşu stolda oturan həmkarlardan biri mənə tərəf çevrilərək:
- Mahir, "D"nın ailəsini tanıyırsan?
- Yox. Özünü tanıyıram. Səhv etmirəmsə bir qızı olmalıdır. Nə olub ki?
- Heç. Müsahibə almağa getmişdik. Məəttəl qaldıq.
- Qeyri-adi bir şey dedi ki?
- Yox e... Üç ay bundan qabaq da getmişdik. Qapının zəngin basdıq. Açan olmadı. Bir də düyməni basdıq. Gözlədik. Handan-hana bu 75 yaşında xəstə arvad gəlib qapını açdı. Dedik ki, yəqin evdə təkdir. Üzrxahlıq elədik ki, "bəs əziyyət verdik sizə də". Birdən o biri otağın qapısından qızı başını çıxardı. O da "qızım, AzTV-dən qonaqlarımız var, çay gətir" deyəndə qapını elə çırpdı ki, az qaldı ki, qorxumuzdan qaçaq. Arvad da yaman pərt oldu. Dinməzcə qaldı. Bu gün isə getmişik. Zəngi basan kimi qapını qızı açdı, "Salam. Xoş gəlmisiz. Ana, Az.TV-dən gəliblər səni çəkməyə. Keçin, keçin içəri. Anam böyük otaqdadır" deyərək içəri dəvət etdi. Tez getdi çay gətirdi. Bizim yanımızda anasını qucaqlayıb "qurban olaram e sənə" deyib, maç da elədi. "D" isə dinməzcə oturmuşdu. Biz də məəttəl-məəttəl baxırdıq. Keçən dəfə qapını çırpmaq nə idi, indiki isti münasibət nə. "D" bu sualı gözlərimizdən oxudu: "Ay bala, fikir verməyin. Allah ömrünü uzun eləsin - Prezident Heydər Əliyev mənə bir milyon manat təqaüd kəsib. Evdə hörmətim qalxıb. Bu da mənə yaxşı qulluq göstərir. Qorxur ki, ölləm, prezident təqaüdü də kəsilər".

"M.A."
"Xəbərlər"də belə bir qayda-qanun vardı. Prezident sərəncamına ictimaiyyətin reaksiyası, yəni ki, müsahibələr. İlk belə rəyi beş nəfərdən alırdıq. Xalq şairi Qabil, xalq yazıçısı Hüseyn Abbaszadə, xalq şairi Bəxtiyar Vahabzadə, akademik Kamal Talıbzadə, akademik Bəkir Nəbiyev. Atdığı addıma bu beş nəfərin reaksiyası Heydər Əliyev üçün əsas idi. Sıralamanı təsadüfən belə vermədim. Çünki tanınmış adamlardan müsahibəni mən alırdım. Birinci gəlirdim Hüsü Hacıyev 19-a. Qalxırdım 4-cü mərtəbədəki mənzilimizə. Atamın fikirlərini alırdım. Sonra düşürdüm 3-cü mərtəbəyə - Hüseyn Abbaszadə rəyin bildirirdi. Sonra həyətə çıxıb giridim 2-ci bloka. Qalxırdım 5-ci mərtəbəyə - Bəxtiyar Vahabzadəgilə, nəhayət üç mərtəbə aşağı enib Kamal Talıbzadəgilin qapısını döyürdüm. Bəkir Nəbiyevgil Az.TV-nin yanında olduğundan ora əsasən Ərsalan Əliyev gedirdi.
Hər dəfə Prezident təqaüdü veriləndə rəy formatını minnətdarlıq formasına dəyişdik. Onda mən yaradıcı, görkəmli simalarımızı daha yaxından tanımağa başladım. Xüsusən də şəxsi həyatını. Və bir daha Heydər Əliyevin prezident təqaüdü təsis etməklə bağlı qərarını yüksək qiymətləndirməyə başladım. Təkcə atamın bu təqaüdü almasına görə yox.
Təqaüd alanlar sırasında "M.A."-nın da adı vardı. Ev telefonunu güclə tapdım. Zəng elədim. Dedi ki, gəl mikrorayona, "Pioner" kinoteatrının qabağına. Qabağınıza çıxacağam. Gəldik. 85-dən yuxarı yaşı olmasına baxmayaraq qıvraq idi. Ordan həyətarası piyada iki yüz metr gəldik "xruşşovka" binanın yanına. Birinci mərtəbədə qalırdı. Yarıqaranlıq mənzil idi. Tez çay gətizdirdi. Mikrafonu qoşduq. Məqsədim ancaq minnətdarlıq sözlərini almaq idi. Amma çaşıb sualı başqa cür verdim:
- "M" müəllim, prezidentin fərdi təqaüdçüsü olma xəbərini harda eşitdiniz?
- Ay bala, soruşma. Dünən az qalmışdı ki, ürəyim partlaya öləm. Teatrda tamaşadaydım. Tamaşa qurtardı. Çıxdım mindim 57 saylı avtobusa gəldim evə. "Pioner"in qabağına çatanda gördüm ki, bu soyuq havada gəlinim əyni nazik, başıaçıq kinoteatrın qabağında o yan-bu yana var-gəl edir. Məni görcək həyəcanla, qaça-qaça cumdu üstümə. Qucaqlayıb, başladı ağlamağa. Ayaqlarım elə bil qırıldı. Dedim ki, yəqin nəsə bədbəxt hadisə baş verib. Handan-hana deyir ki, bəs ata, sənə Prezident təqaüdü veriblər - 2 milyon 500 min manat. Saat 8-də "Xəbərlər"də verdilər. Teatra da zəng eləmədim. Bildim ki, tamaşadasan. Sevincimdən evdə də otura bilmədim. 2 saat yarımdır səni burda gözləyirəm". Ay bala, Allah prezidentimiz Heydər Əliyevə uzun ömür versin, cansağlığı versin. Bizim bu yaşımızda ailədə hörmətimizi qaldırdığına görə.
Əlbəttə ki, "Xəbərlər"də "M.A."-nın bu fikirləri getmədi. Hamısını "qayçıladım", bircə minnətdarlıq yerindən başqa.

BOMJUN SUPERMARKETDƏ NƏ İŞİ?

Torqovıda, köhnə "Dinamo"mağazasının yerində, o dövrün yeganə və xodgedən dükanı -"Ramstore" açılmışdı. Malların qiymətində fərq böyük idi. Fanta bayırda 2 min idisə, orda 4 minə satılırdı. Yaxşı Türkiyə istehsalı olan pivələri də vardı. Günlərin bir günü pivə könlümə düşdü. Girdim Ramstora. İki dənəsini götürüb kassaya yaxınlaşmaq istəyirdim ki, bir qarı nənə diqqətimi cəlb etdi. Biz o vaxt belələrinə "rus babuşkası" deyirdik. Amma geyimi çox köhnə idi. Yay vaxtı olmağına baxmayaraq əynində tünd boz rəngdə əsgər şinelinə oxşayan uzun jaket, ayağında valenki fason ayaqqabı, başında rəngi solmuş şal örpək. Əlindəsə koka-kola, Moskvanın bahalı servelat kolbasası, vetçina, cürbəcür konservalar, qara çörək . Məəttəl qaldım. Görəsən bomju bu cür dükana necə buraxıblar? Və ya bomjdursa, onun bu dükanda nə işi? Yaxud da bomjdursa, bəs bu bahalı malları hansı pulla alır? Bu dəm o da qarış-qarış addım ataraq kassaya yaxınlaşırdı. Yanından keçəndə üzünə baxdım. O da mənə baxıb gülümsədi. Sanki balaca uşaq atası aldığı oyuncağı həmyaşıdına göstərib acıq verirmiş kimi - hər iki əlində tutduğu malları aşağı-yuxarı oynadaraq mənə göstərməyə başladı. Onu tanıdım. 83 yaşlı qadının gözlərindən sevinc yağırdı. Çox xoşbəxt görünürdü. Həmin an böyük rus oftolmoloqu Fyodrovun sözləri yadıma düşdü: "Xoşbəxt o şəxsdir ki, dükana girə, ürəyi istəyəni götürə və qiymət soruşmayaraq ala". Bu qadın görkəmli teatr ustası, iki ay idi ki, prezident təqaüdünə layiq görülən, 2000-ci ildə isə "İstiqlal" ordeniylə təltif edilən kimsəsiz "V.Ş." idi. İmkanlı adamların girdiyi dükandan alış-veriş edirdi. Necə ki, yaxın keçmişdə belə etmişdi. O həyatı ona yenidən qaytarmışdı Heydər Əliyev. Hə, gözlərindən bunu da oxudum. "Allah, Heydər Əliyevə uzun ömür versin".

PREZİDENT TƏQAÜDÜ ONUN ÖVLADIDIR

Növbəti prezident təqaüdçüsünü mən şəxsən tanımıram. Şeirlərini də oxumamışam. Amma bir təsadüf məni onunla qiyabi tanış etdi.
Həkim olan tanışlardan biri danışmışdı haqqında: "Günlərin bir günü tanış şəfqət bacısı zəng elədi ki, xəstə var. Evdə baxmaq lazımdır. Şairə "X". Evinə getdim. Qocalmışdı. Yataqdan qalxa bilmirdi. Şəfqət bacısı da hər gün gəlir, başa çıxır. Dərmanların alıb gətirir, iynələrin vururmuş. Mən də yoxladım. Öz sahəmə aid xəstəliyi çıxmadı . Sadəcə əzələ ağrısı idi. Çıxanda şəfqət bacısı cibimə pul basmaq istədi. Götürmədim. Amma kimsəsiz, 90-a yaxın yaşı olan qadının kim olması, şəfqət bacısının qohumu olmaya-olmaya niyə bu qədər canfəşanlıq etməsi sualına cavab tapmaq istəyirdim. Soruşdum. Dedi ki, "bu xanım şairədir. Oğul-uşağı da xaricdədir. Prezident təqaüdü alır. Mənə verir. Mən də nə lazımdır alıb gətirirəm. Qulluq edirəm. Hər gün də prezidentimizə dua eləyir".
Həkimin bu sözləri məni yaman tutdu. Hətta uşaqlarının unutduğu bu xanımı Heydər Əliyev yada salmışdı. Ona fərdi təqaüd kəsmişdi. Bu təqaüd isə bu yaşında ona doğma uşaqlarını, nəvələrini əvəz etmişdi.

TƏQAÜDÇÜLƏRİN DƏ XƏSİSİ OLURMUŞ

Prezident Heydər Əliyevlə görüşlərin birində şair Qabil dostu - F.S. adlı tanınmış şairin fərdi təqaüdə namizədliyini irəli sürür. Prezidentimiz də bu xahişi müsbət cavablandırır. Üstündən iki ay keçir. Amma "FS" təqaüdün qonaqlığını vermir ki, vermir. Sətiraltı xatırlatmağa ehtiyac olduğunu görən Qabil digər dostların yanında:
- FS, təqaüdü aldın?
- Qabil, Allah sənə uzun ömür versin. Prezident Heydər Əliyev sağ olsun, amma elə bil ki, sən verdin mənə bu təqaüdü.
- FS, soruşuram ki, bu ayın təqaüdünü gedib kassadan aldın?
- Heç kim deməzdi bunu prezidentə. Bunun yerinə öz xahişini edərdi. Ancaq sən etdin bunu.
- FS, bu ayın təqaüdün almısan, ya yox?
- Evdə də uşaqlar duaçıdırlar sənə. Hər gün səndən razılıq edirlər.
- FS, sənə sual verirəm ki, bu ayın təqaüdün aldın, ya yox?
- Aldım, Qabil. Dünən aldım.
- Belə de də. Dedim, bəlkə almamısan, yadına salım ki, get al.
"Köppəyoğludur, bir gün də Az.TV-də qalsam".
Fərdi təqaüdə layiq olanlar arsında televiziyamızın da qocaman xadimləri də vardı. Amma özlərini bu ada layiq bilən, amma yaddan çıxanlar da az deyildi. Bunu gizlətmirdilər də...
- Ay Mahir, prezident mənə fərdi təqaüd versin a... köppəyoğludur bir gün də Az.TV-də qalsam. Həmin gün ərizəmi yazıb çıxacağam.
Vaxt keçdi. Həmin adamlar da bu təqaüdə layiq görüldülər. Amma işdən çıxmadılar. Təqaüd əks təsir göstərmişdi. Cavanlaşmışdılar elə bil. Əvvəlkindən iki qat artıq çalışırdılar. 75-80 yaşları olmasına baxmayaraq indi də çalışırlar.

SON

Bu mənim Prezidentin Fərdi təqaüdü - Prezident Heydər Əliyevin kəsdiyi fərdi təqaüdlərlə bağlı qısa xatirələrim idi. Bu təqaüdlər artıq 17 ildir ki, verilir. Allahın əmriylə yaşlı insanların dünyası dəyişdikcə, Dövlət başçısı İlham Əliyevin sərəncamıyla təqaüdçülərin siyahısı da yenilənir. Vaxt keçdikcə bu təqaüdçülərin sayı da artırılır. Onların çoxunu tanıyırıq. Şəxsi həyatlarına bələd olmasaq da bircə şeyi dəqiq bilirəm. Açıq deməsələr də, heç yanda yazmasalar da bu sözləri hər gün təkrar edirlər: "Allah Heydərə rəhmət eləsin, İlhama uzun ömür versin". Ailə üzvləri də onlara qoşulurlar: "Amin".

Mahir Qabiloğlu

TƏQVİM / ARXİV