adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

"Heyf, korşalırıq biz, səhv düşəndə yerimiz" - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
2173 | 2023-03-11 17:16

Bu qədər siyası, iqtisadi, sonra səhiyyə, təhsil, ordu, mədəniyyət, ədəbiyyat dərdi, problemi içərisində bir də tanınmış rəqqasə və aktrisa Oksana Rəsulovanın “Heydər Əliyev İli”nin silsilə tədbirləri çərçivəsində “Naxçıvan” Universitetinə dəvət olunması və orada mühazirə söyləməsini müzakirəyə çıxartmağı özümə qəbahət sandım!

 

Fikirləşdim ki, hazırda əhalinin böyük bir hissəsinin işi yox, gücü yox! Bekarçılıqdan qoy bir az da Oksanayla bağlı fikir yürütsünlər...Zatən evimizin içində , Zaur, Xoşğədəm, Ay Zaur, Amil Xəlil , Lalə Azərtaş, Elgiz Əliyev kifayət qədər gündəmimizi zəbt ediblər. Oksananın bunlardan nəyi əskikdir və yaxud nəyi artıqdır? Hamısı eyni missiyanın daşıyıcılarıdır. Beləcə, Oksananı müzakirəsini çoxu aparırdı deyə susdum.

İndi baxıram ki, tanıdığım hörmətli jurnalist həmkarlarım da olayı dəstəkləyiblər. Anlamadım niyə?Bir çoxu da kişi jurnalistlər(?)

Oksananın ali təhsili var və ya yoxdu bu haqda məlumatlı deyiləm... Amma 3 dəfə ailəsi dağılmış, haqqında cəmiyyətdə xoşagəlməz fikirlər dolaşan, buna baxmayaraq lüks həyat keçirən cavan və gözəl bir aktrisa xanım tələbələrə danışdığı mühazirənin effektinin nə olacağını anlaya bilmirəm.

Oksananı, qanını qaşığa qoyaraq müdafiə edən həmkarlarım, hansı biriniz 17 yaşlı qızınızın Oksanadan nəyi isə  örnək götürməsini istəyirsinizmi? O auditoriyada öz qızınızın heyranlıqla Oksanaya baxmasını təsəvvür edirsinizmi?

 Oksana xanım çox gözəl və şirin xanımdır, bəzilərinin ona simpatiyası ola bilər, təbii haldır! O zaman  aparın gözəl bir restorana, qonaqlıq verin, bahalı hədiyyə alın, lap evinizə də apara bilərsiniz, seçim sizindir! Universitetdə mühazirə deməsini dəstəkləmək isə yanlışlıqdır! 

"İllaki, Oksana incəsənətdən danışmalıdır" - deyirsinizsə, buna da bir layiqli çıxış yolu tapmaq mümkündür. Məsələn, Azərbaycan incəsənətinin elə sənətkarları var ki, onları unutmaq incəsənətə xəyanət etməkdir. “Blogerlik və incəsənət” mövzusunda mühazirə söyləmək üçün Oksanadan da başqa incəsənət dahiləri var! Sənətkar qıtlığıdırmı?Xeyir!

Yüzlərlə tamaşaya və kinoya can vermiş, yeni obraz yaratmış, Afaq Bəşirqızı, Bəsti Cəfərova, Firəngiz Mütəllibova, Həmidə Ömərova, Şəfiqə Məmmədova, Zemfira Nərimanova, Səidə Quliyeva hardadı ki, incəsənət Oksananın ümidinə qalsın? (Bu lap Müdafiə Nazirliyinin. 44 günlük müharibədə qələbəmizs naminə fədakarcasına fəaliyyət göstərmiş şəxslərin əvəzinə müğənni Nətavan Həbibiyə və Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğluna  "Fəxri Fərman" verməsinə bənzədi...)

Yeri gəlmişkən, bir həmkarım mənə yazır ki, sənin adını sadaldığın sənətkarları sosial mediada nə qədər adam təqib edir?

Həmkarım, onlar teatrımızın və kinomuzun korifeyləridir. Universitet də sosial şəbəkə deyil... Universitet təhsil-təlim-tərbiyə ocağıdır, hansısa bir sənətkarı tədbirə çağıranda uzaqbaşı tanınmayanlar üçün orada kiçik bir video -tanışlıq etmək də mümkündür....

Zatən adını çəkdiyim sənətkarları uşaqdan böyüyə hamı tanıyır. (Bunun üçün "tiktoker" olmağa ehtiyac yoxdu) Gənclər üçün belə mühazirənin önəmi daha böyükdür, həmin sənətkar xanımların birgə işlədiyi korifey sənətkarların həyatı haqqında da bilmədiklərini öyrənmək maraqlıdır...

Bilmirəm.. Oksananı dəstəkləyən dostlarım, sizə Oksananın mühazirəsi maraqlı olardı, yaxud Şəfiqə Məmmədovanın yaradıçılıq həyatı, sənətkar dostları, çəkilişlər zamanı yaşanan maraqlı məqamlar?Yaxud da  sənətkarla görüşdən alınacaq tərbiyəvi əhəmiyyət, bilgi, zövq?Bilmirəm...Amma hazırda gənclərə nə lazım olduğunu biz valideynlər və pedaqoqlar müəyyən etməlidir!!

Son olaraq: Bizim vaxtımızda (Ağdamda), biz orta məktəbdə oxuyanda Xudu Məmmədovla görüşməyə can atardıq, Şahmar Əkbərzadə, Famil Mehdi, Əlfi Qasımov, Bayram Bayramov idi örnək şəxslər! 

İndi də var ziyalılarımız, həyat , elm, ədəbiyyat, incəsənət örnəklərimiz! Hanı universitetdə incəsəndən mühazirə deməsi vacib olan Ramiz Rövşən, Anar, Elçin, Firəngiz Əlizadə, Cavanşir Quliyev, Fərhad Xəlilov, Flora Kərimova? Niyə Azərbaycanı dünyaya sevdirən Zeynəb Xanlarova,  Fidan və Xuraman Qasımova bacıları heç bir universitetdə mühazirə demək imkanına layiq görülməyib? Gənclərə , tələbələrə  mayak olacaq minlərlə ziyalılarımız,  qəhrəmanlarımız durmuşkən...

Heyf... mənəvi sərvətlərimiz beləcə məhv olur...həm də bizim dəstəyimizlə.....

 Allah sənə rəhmət eləsin, şair  Qabil:

Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.

Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.

TƏQVİM / ARXİV