adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

HOLLİVUDDA DAVA-QIRĞIN - Aqil ABBAS yazır

AQİL ABBAS
715 | 2022-06-28 16:07

Dünyanın ən  məşhur  kino ulduzları Mel Gibson, Robert De Niro, Al Paçino,  Riçard Gir bir-birlərinə  giriblər.

Mel Gibson De Niroya deyib ki, sənin əlindən  mən tutub gətirmişəm kinoya, De Niro da deyib ki, axmağın biri  axmaq, başından böyük qələt eləmə.  Riçard Gir də Mel Gibsona əsəbləşib ki, sən nə  vaxtdan  aktyor olmusan. Mel Gibson da   Riçard Girə  deyib ki,  mənə salam verməyi  sən özünə şərəf bilirdin.

Söyüşün biri  bir qəpik, bizim  pulla pulsuz.  Deyirlər  buna  səbəb  uzun  zamandan  başlayıb. Mel Gibson Amerika İraqa girəndə  etiraz  eləmişdi və hökumətin  gözündən  düşmüşdü. Hollivuda göstəriş  verilmişdi ki, nə ona rejissor kimi  film verin, nə də  filmə  çəkin. Başqa bir  səbəb də  onu deyirdilər ki, Mel Gibson yəhudilərin  əleyhinə danışıb,  ya nəsə  çəkib. Hollivud da  yəhudilərin əlində  olduğundan Al Paçino «kruquna»  göstəriş verib ki,  Mel Gibsonu  harda  görsəniz vurun. Robert De Niro ilə Riçard Gir də təbii ki,  Xaç atasının  yanında yer alıb.  Bir sözlə,  Mel Gibson təklənib.  Amma o da yava oğuldu, heç kəsin qarşısından qaçan deyil.

İndi «Nyu-York tayms» qəzetinin   yazdığına  görə, ulduzların davası haqqında yeni bir  film çəkilir və əsl həqiqətlər  üzə çıxacaq. Filmin  rejissorluğu Oliver Stouna tapşırılıb.

Maraqlısı bu deyil, maraqlısı odur ki, filmdə  çəkilmək üçün Azərbaycanın  kino ulduzları  dəvət  olunub. Mel Gibson roluna Şeyx Əbdül, Robert De Niro roluna  Rasim Balayev, Al Paçino roluna Baba Vəziroğlu,  Riçard Gir roluna  isə İlham Namiq  Kamal  çəkiləcək. 

Və belə razılığa  gəlinib ki, film  Hollivud və Cəfər Cabbarlı adına «Azərbaycan» kinostudiyasının  birgə istehsalı olsun.

Şeyx Əbdülü, Rasim Balayevi, Baba Vəziroğlunu, İlham Namiq Kamalı ürəkdən  təbrik edirəm, onlara uğurlar  arzulayıram.

Adımızı batırmayın, qardaşlarım! İmkanınız olsa Hollivudu da parçalayın, iki Kinematoqrafiya İttifaqı yaradın (Hollivud-1, Hollivud-2), bəlkə canımız Hollivuddan qurtula. 

 

TƏQVİM / ARXİV