adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İnşallah,  gedib İrəvandan uçarıq - Aqil Abbas yazır

AQİL ABBAS
540 | 2022-09-01 17:57

Zəngəzur dəhlizinin açılmağına az qalıb. Deməli, oturursan maşına, gedirsən Ağdama, Şuşa bulağın suyunda əl-üzünü yuyursan, doyunca içirsən, sonra da bir qismət çörək kəsirsən, ordan Əsgəranda babat piyvələyirsən, Xocalıda yolun qırağındakı dükandan ürəyin istəyən bir siqareti alırsan, sonra da üz tutursan Şuşaya. Şuşada avtobus vağzalında Qəmər xalanın köhnə yeməkxanasında sarımsaq qatıqla bir Şuşa xəngəli yeyirsən. İstəsən bir 100-150 vurursan, sonra da üzü Güləbətinə, Laçına. Turşsuya çatanda dünyanın ən dadlı turşsuyundan içirsən, arağı da öldürür. Sonra da yenə üzü Laçına. Laçın Turşsuyunda da bir çay içib istirahət edirsən, sonra da üzü Gorusa, 20 km yoldu.  Gorusda yaxşı çay balığı verirlər, onu yeməsən ermənilər inciyər. Onların da inciyən yeri yaxındı axı. Ordan da İrəvana. İrəvanda nəbadə allanıb, erməni konyakı içəsən. Bütün rus filmlərində reklam elədiklərinə baxma, taxtabiti iyi verir. Bizim Göyçay konyakının yanında oşala suyudu.

Ordan da 50 dollar verib təyyarə bileti  alırsan, uçursan Antaliyaya, ya da istəyirsən İstanbula. İstəsən o qiymətə Madridə də uça bilərsən, Realın oyununa baxmağa.

Burdan da İrəvana uzaq başı 50-60 manat benzin pulu edir. Həm gəzə-gəzə, ləzzət ala-ala gedirsən, xərc də çəkmirsən. Aldığın havaya, gördüyün mənzərəyə görə də xərc çəkmirsən.

İrəvanda təyyarəyə minəndə AZAL-ın prezidenti Cahangir Əsgərova dəsmal sallamağı da unutmayın.

Mən bir vaxtlar Bakıdan Ağdama necə getmək olar, Şuşaya necə getmək olar barədə yazmışdım, təxminən 15-20 il əvvəl, yadımdan çıxıb. O vaxt həmin yazılara görə mənə rişxənd eləyənlər olmuşdu ki, yəni, yalan danışırsan. Amma nağıl danışmırdım. Həmən günü görürdüm və həmən günü yaşayırdım. Və indi həmin günü gördüm və yaşadım.

İndi dediyim yolla İrəvana da gedəcəyik, ordan ucuz təyyarə bileti ilə harasa uçmaq üçün yox, yəqin ki, Zəngəzur dəhlizi açılanacan Cahangir Əsgərov da istefaya gedər, bilet ucuzlaşar.

İnşallah!

TƏQVİM / ARXİV