MƏN NİYƏ ŞUŞADA ÜŞÜDÜM? - Aqil ABBAS yazır

AQİL ABBAS
1695 | 2023-06-05 21:09

Şuşaya azad olunandan sonra dəfələrlə getmişəm, qış fəslindən başqa. Həmişə də üşümüşəm. Əslində yayın cırhacırında da Şuşada pencək geyinirlər, çünki dağların, meşələrin mehi həmişə Şuşaya bir sərinlik gətirib.

İşğaldan öncə də Şuşaya ilin bütün fəsillərində səfər etmişəm, amma heç vaxt üşüməmişəm. Hətta qışın qar-qiyamət vaxtında da üşüməmişəm.

Amma bu dəfə yazın oğlan çağında «Xarı bülbül» festivalına gedəndə yenə çox bərk üşüdüm. Düzdür, havada çən vardı, duman vardı. Hətta üşüdüyümü görən Heydər Əliyev Fondunun əməkdaşları gətirib mənə bir gödəkçə də verdilər, sağ olsunlar. Amma yenə üşüdüm. Şair dostum Sabir Rüstəmxanlı ilə yanaşı oturmuşduq, o da üşüyürdü. Və fikirləşdim ki, necə olub işğaldan əvvəl yanvarda Şuşaya gəlib üşüməmişəm, amma yazın bu oğlan çağında üşüyürəm. Uzun illər Şuşa özü də üşüyüb. İndi-indi canına isti keçir. Adamlar doğma torpaqları üçün darıxdığı kimi, doğma torpaqları isitdiyi kimi torpaq da öz doğmaları üçün darıxır və öz doğmalarını görəndə də onların istisinə isinir.

Dekabrda, yanvarda, fevralda Şuşaya gedəndə niyə üşümürdüm? Çünki o qarlı havada Mədəniyyət Evinin arxasındakı çayxanada şair Əli Mahmudla, tədqiqatçı-alim İlhami Cəfərsoyla, Oqtay müəllimlə, Eldar müəllimlə və başqa şuşalılarla oturub çay içərdik, mübahisə edərdik. Çayçı Süleyman da hər əlində on beş-iyirmi stəkanla çay daşıyardı. Hətta onunla bağlı film də çəkmişdilər. Şalvarının balağını da dizinə qədər çirməyərdi. Mən bir ağdamlı kimi şuşalılarla zarafat edər, şuşalılarla bağlı anekdot danışardım, onlar da həmin anekdota qarşı bir şuşalı kimi cavab verərdi və ağdamlılar haqqında anekdot danışardılar.

Məsələn, mən deyərdim ki, şuşalılar yemək yeyəndə pişikləri çarpayıların ayağına bağlayırlar ki, gəlib yemək istəməsin. Onlar da deyərdi ki, ay kəndçi, bu, xəsislikdən deyil, bu, gigiyenadı.

Və yaxud mən deyərdim ki, o gün bir şuşalı deyir ki, on iki dəstə kərəöz, üç-dörd baş soğan, beş-altı keşniş, şüyüd, turp yarım kilo da ət alıb dörd-beş dost özümüzü verdik Zarıslı bulağına, ay yedik-içdik ha.

İlhami Cəfərsoy da deyərdi ki, ay məllim, onlar şəhərlidilər də, necə diet saxlamağı bilirlər.

Yəni nə desən cavabları hazır idi. Ümumiyyətlə, şuşalılar çox hazırcavab idi, adam dolayan idi, məzələnən idi. Düzdür, bu məsələdə ağdamlılar da borclu qalmazdı, amma hər halda, şuşalılar şuşalılar idi də.

Bir dəfə yazmışam, yenə təkrar edirəm. Şuşa yeganə şəhər idi ki, orda kimsə heyvan, hətta toyuq belə saxlamırdı. Yəni şəhər idi də, vəssalam. Hətta it də olmazdı. Ona görə də ağdamlılar onlara «itdən qorxan şuşalılar» deyərdilər. Bu barədə də anekdot yazmışam deyin təkrar etmək istəmirəm. İstərsəniz növbəti sayımızda təkrar edərəm. Mənim Ağdam qədər nə qədər xatirəm varsa onun 70 faizi qədər də Şuşa haqqında var. Bəzən Bakıdan dostlarım gəlirdi, yığışıb gedirdik Şuşaya. Və təbii ki, ilk axtardığım Əli Mahmud və İlhami Cəfərsoy olardı. Nə qədər desələr də yeməyə getməzdik, çünki bilirdim ki, şair adamlardı, cibləri zəifdi. Və qoymayacaqdılar ki, hesabı biz verək və kimdənsə borc alıb hesabı verəcəklər. Deyirdim çay içməyə gəlmişik, şuşalılarla zarafat etməyə gəlmişik.

Allah, Allah, bir dəfə Əli Mahmud bizləri yığıb apardı doğma kəndləri Meşəliyə. Mən dünyada belə bir səhnənin şahidi olmamışdım. Buludlar bizdən aşağıdaydılar. Elə bilərdin ki buludun üstü ilə yeriyə bilərsən. O vaxt kövrəlmişdim, elə indi yazanda da kövrəlirəm.

Yazı uzun çıxdısa bağışlayın, ürəyim Şuşa ilə doludur. Şuşa haqqında ən gözəl hekayələri Əbdürrəhim bəy Haqverdiyev yazıb. Mən onun qüdrətində deyiləm.

Və qayıdaq üşümək məsələsinə. Mən niyə Şuşada üşüdüm? Çünki Şuşada Əli Mahmudu görmədim, İlhami Cəfərsoyu görmədim, Oqtay müəllimi, Eldarı görmədim, şuşalı dostlarımı görmədim. Şuşada gördüyüm dostları Bakıda çox görürəm.

Bir İbrahim Bozyel vardı, Allah yerini behişt eləsin. Şair Məmməd Aslanın dəvəti ilə Azərbaycana qonaq gəlmişdi. Bir gün Məmməd Arazgilə də gəldi. Bir qədər əsəbi idi. Məmməd Araz soruşdu ki, bəy, niyə dilxorsan və əsəbisən?

Dedi:

- Şair, bu Məmməd Aslan məni aparır Qubaya, nə bilim hansı rayona, bir çiçək tapıb göstərir və deyir ki, çiçəyə bax ey çiçəyə, gülə bax ey gülə, ağaca bax ey ağaca. Mən də deyirəm ki, Məmməd, bu çiçəkdən, bu güldən, bu ağacdan Türkiyədə də var, mənə adamları göstər. Neynirəm ey gülü, çiçəyi. Azərbaycanın gülü, çiçəyi də onun adamlarıdı.

İbrahim Bozyellə bağlı xatirəmi də ayrıca yazaram.

İndi «kitayski» olsa da Xarı bülbül Naxçıvanda da var, İsmayıllıda da var, nə bilim harda da var.

Amma İsmayıllıda, Naxçıvanda nə Əli Mahmud var, nə İlhami Cəfərsoy var, nə Oqtay müəllim, nə Eldar müəllim, nə İlhami Fətəliyev var, nə də Vasif Quliyev. Nə Mikayıl Gözəlov yoxdu, nə də Nizami Bəhmənov yoxdu, heç olmayacaq da, heç yevlaxlı İlham Rəhimov da yoxdu.

Mən Şuşada niyə üşüdüm? Çünki Şuşada nə Əli Mahmudu, nə İlhami Cəfərsoyu, nə Oqtay müəllimi, nə Eldar müəllimi, nə Hofmanı, nə də uşaqlıq dostum doktor Rauf Kazımovu və ya digər şuşalıları görmədim. Xanəndə Mürsəl kişini heç görmədim. Kamança çalanı da erməni idi, amma o nə çalırdısa, Mürsəl kişi elə öz bildiyini oxuyurdu. Düzdür, Vasif Quliyev ordaydı, amma o da mənim kimi qonaq idi, özü də üşüyürdü, məni necə isitsin?

Şuşada biz nə vaxt isinəcəyik? O vaxt ki Şuşada bu doğma torpaqlarda böyüyüb başa çatmış və ya ata-anaları şuşalı olan gəncləri, körpələri görəcəyik, onların zarafatlarını eşidəcəyik, deyib-gülmələrinin şahidi olacağıq, biz kəndçiləri doladıqlarının, biz kəndçilərlə məzələnmələrinin qurbanı olacağıq, bax, onda Şuşada üşüməyəcəyik.

Bu, bu il də ola bilər, gələn il də. Təbii ki, buna vaxt lazımdı. İnşallah, onu da görərik.

Bircə onu bilirəm ki, Şuşa da şuşalılar üçün üşüyür. Dünyanı yığın gətin Şuşaya, xeyiri yoxdu, şuşalılar Şuşaya qayıtmayanadək Azərbaycanın göz bəbəyi, Türk dünyasının mədəniyyət mərkəzi üşüyəcək.

Şuşada Şuşa xəngəli yeyilməyənədək Şuşa üşüyəcək.

  • Iyun:
  • 7

TƏQVİM / ARXİV