Musiqimizin trümolası - Aydın Canıyev yazır

AYDIN CANIYEV
3943 | 2022-08-15 10:39

O həm də muğamın narkomanı, səsin qumarbazı, fitrətən sufidi.

Onun ən böyük üstünlüyü dünyanın ən qədim ikinci peşə sahibləriylə danışmamasıdı!

Onun ən böyük xoşbəxtliyi onu danışdıra biləcək həddə qədər adamların az olmasıdı.

Onu xilas edən ən böyük siyasət siyasətə qoşulmamasıdı!

Onu sevdirən ən gözəl xüsusiyyət səsinin ənginliyi, ənginlikdə səsimiz olmasıdı.

Onu dəyərləndirən ən şirin uğuru fatehliyindədi. Lakin yerlə göyün arasında qalan bu fateh nə yerin, nə də göyün sahibidi. O, sadəcə, yerlə göyün arasında dolaşan ruhumuzun fatehidi. Dilmancdı Allahla muğamı dərk edənlər arasında!

Bu fatehliyə yol isə nə qədər qəribə olsa da, başlanğıcını "narkomanlıq"dan götürüb.

 

"Muğamın narkomanı"

 

...məsələn:

 

- Arif Babayev "sənsiz, ey şux..." oxumağıyla;

- Fatma Mehrəliyeva "Sarıtorpaq" şikəstəsinin "Kəsmə-...şi" ilə;

- Xan Şuşinski "Mənsuriyyə";

- Əlibaba Məmmədov "Dəşti"... oxumağıyla möhürləyiblər ifaçılıqlarını (adbaad sadalamaq uzun çəkər).

 

Yəni, hərəsi ayrı-ayrılıqda bir muğamı, ya da dəstgahı oxuyub! Lap elə minnət qoymayıb deyək ki, yaxşı oxuyublar. Bəs Alim neyləyib?

Alimin elədiyi nə müğənnilikdi, nə də xanəndəlik. Çünki vokal oxuyan estrada oxumur, caznan məşğul olan xalq mahnıları.

Bu, "narkomanlıq"dı - muğama narkotik kimi aludəçilikdi.

Bütün başqaları oxuyanda bilirsən ki, harda hansı xalı vuracaq, pətənəyi harda ayaq verməyə məcbur edəcək. Tavandan o üzləri yoxdu!

Bəs Alim nətəridi?

Hə, Alimdə yenə "narkomanlıq"dı. Hər hansı bir muğamın və yaxud dəstgahın ikinci, üçüncü, beşinci oxusunda ifa tərzi hər dəfə orijinal maneradadı..

Bura qədər narkomanlıqdı!

Əvvəla, Alimin hər hansı bir muğamı və yaxud dəstgahı ən azından ona görə fərqlənir ki...

 

SÖZARASI: Bir dəfə "zayadlıy narkoman"dan soruşdum ki, dədə, çəkəndə nə hiss edirsən? Başladı nə başladı:

- beləsini çəkəndə ləpələnirəm;

- eləsini çəkəndə gülürəm;

- o birisində ağlayıram;

- digərində Şiri-Xurşid, bir ayrısında dəvəsi ölmüş ərəbin mərsiyəxanı oluram.

 

Heç bir izahata varmadan, təklif edirəm: Alimin ifasında səslənən muğamları bir-bir dinləyin və baxın - oxuyur, ağlayır, ağrıyır, döyüşür, Məcnun, Fərhad, Xosrov, Kərəm... hamısını YARADIR! O biriləri... OXUYUR! Sadəcə oxuyur, özü də pis oxumurlar, çox da yaxşı oxuyurlar. Amma Alim yaradır! Nəyi?

Bir də baxın videokasetə: hər bir muğamın və yaxud dəstgahın ifası minimum monotamaşadı; dekorasiya öz yerində, akustika tam nəzərə alınıb, ansambl var, əsas məsələ odu ki, hansı muğam hansı xassəyə malikdi, o xassə proyeksiyalanır!

Əsas məsələ buracan olan narkoman "vıxodka"ların təqdimatı da deyil. Əsl iş bundan sonradı! Bundan sonra "qumarbazlıq" gəlir!

 

"Səsin qumarbazı"

 

Bura qədər Alimin etdiklərini ayrıları da tərsliyinə salıb da düzüb qoşa bilər - bircə muğamın, yaxud da ki, dəstgahın ifasında. O birilərinin düzüb qoşa bilmədiyi Alimin etdiyi "qumarbazlıq"dı. Bu məqamlarda Alim səsin taleyiylə oynayır! Əvvəla, zildə oxuyan ustadlar olub, var, olacaq. Alimə qədər də, Alimdən sonra da Alimin elədiyini eləmək mümkün olmayacaq: bu, zildən zilə qalxıb da zildə oxumağı davam etdirə bilmək məharətidi!

Vəssalam!

Buna nail olmaq yalnız kamil bir sufinin işidi!

Sufilik həm də gözbağlayıcılıq və fitrətən xariqüladəlikdi. Ən müxtəlif yollarla sufilik mənsəbinə-məqamına yüksəlmək olar. Alim buna ən riskli, yüzdəyüz faizə ehtimalla nail olub:

 

- səsin diapozonu bütün muğam və dəstgahların BƏMDƏN ZİLƏ keçilməsiylə yoxlanılıb;

- səsin diapozonu bütün muğam və dəstgahların ZİLDƏ ifasında tamamlanıb;

- səsin diapozonu bütün muğamların və dəstgahların ZİLDƏN ZİLƏ keçməklə ifasında möhürlənib, üstəlik də...

 

Alim Qasımov 1980-ci ildə Nəriman Qasımovdan "beş" alan iki tələbədən biri olsa da, həm də qədim Çin fəlsəfəsi uşudan irəli gələn keyfiyyətlərə malikdi.

Onda orta əsrlər sufizminə, M.Füzuli qəzəllərinə mükəmməl bələdlik də etiraf olunmalıdı (etiraf etmək istəməyənlər M.F.Axundov adına kitabxananın arxivində Alim Qasımovun oxucu anketinə nəzər yetirə bilərlər). Düzdü, Akif İslamzadə belə bir bacarığa qabil olmağını dilə gətirib, lakin bunun Alimin payına düşdüyünü vurğulayıb. Məhz bu fikrə istinadən deyirik ki, sufilik təkcə müvafiq təmrinləri öyrənib ağılla, savadla həyata keçiriləsi missiya da deyil, axı...

Bu, artıq allahın izni olmayan bir işdi! Hərçənd bizə Vaqif Mustafazadənin instrumental ifaçılığını nümunə göstərə bilsələr də, yenə də Alim Qasımov balansına düşmür.

Ən nəhayət, nə Alimi fars və Qarabağ muğam ənənələrindən uzaq düşməkdə ittiham eləmək lazımdı, nə də Bakı kəndlərindən qaynaqlanan bir istedad kimi qiymətləndirmək.

Alim Qasımov, sadəcə, hər üç muğam ifaçılıq mədəniyyətinə bələddi, amma özü bir məktəb yaradıb. O məktəbin yetirmələri isə yalnız özləri bəndələrin gözünə "narkoman, qumarbaz" kimi görünən sufilər ola bilər! Fitrətən "narkoman, qumarbaz və sufi" olanlar!

Alim məhz belə "narkomanlıq, qumarbazlıq və sufilik" hesabına muğamın fatehidir!

Amma Alim Qasımovun bütövlükdə musiqimizdə yerindən söhbət açası olsaq, deməyə borcluyuq:

- Musiqimizin Xanı var - Padşahı da dünyaya gələ bilər, Seyidi var - Axundu da tapılar. Bülbülü də üstündən, can alan Yavəri ilə Münəvvəri nə qədər gözəl olsa, onları Yaradan Xaliq yenə xarüqələr yaratmağındadır, ancaq Alim Qasımov bu musiqi kəhkəşanının heç vaxt oxunmayacaq TRÜMOLASIdır - hər zaman, hər keçiddə!!!

 

SON SÖZ ƏVƏZİ: Alim Qasımov o xoşbəxtlərdəndir ki, etirafı üçün can atmır! 90 il əvvəl "Vilayəti-şikəstə"nin ifasına görə "Şərq musiqisinin peyğəmbəri" adını almış ustad sənətkarlardan sonra "Vilayəti-şikəstə" oxuyub hücrəsinə qapılması həm də cəsarətin və ifaçılıqda kişiliyn trümolasıdı! - çünki Alim Qasımovun oxuduğunu bir daha bir kimsə bir oktava yuxarı oxumaq qüdrətində olmayacaq! Buna heç Allahın özü icazə verməmişdi Alim Qasımova. Bu bir "kopolu oxumaqlıq idi" (Hacıbaba Hüseynov), biz gördük!

Bu "kopolu oxumaqlığın" da FA-sı Respublika sarayında verdiyi sonuncu konsertdə möhtəşəmcəsinə təsdiq olundu.

Alimpərəstlərdən olan dostumuz Tahir danışıb: "həmin o konsertdə Alim sanki insanları muğama hamilə edib onları bari-həmlini yerə qoymağacan özlərindən alırdı. Təsadüfən böyrümüzdə oturan, aşağıdan bir az aşağı, yuxarıdan bir az yuxarı geyinmiş üç qızın da zalda olduğunun fərqinə vardım. Əslində muğam ardı, abır-həyadı, bu "əxlaqda" qızların Alimin ifasından nə alacaqlarını düşünməyimin badına gedib eyni zamanda onları da izlədim. Zal Alimi ayaq üstə alqışlayanda o üç qızın məmnunluqdan heyi yox idi!".

Bir də belə "kopolu" oxuyan olacaqmı Sən yaratdığın dünyada, İlahi?!

 

YAZIYA SÖZARDI:

Əslində Alimdən yazilmamalıdı! Yazan odu!

Əslində Alim müsahibə verməməlidi: onunla söhbət ilahilikdən vəhy kimi gəlir - Muğamın Quranını ayə-ayə çatdırır!

Əslində 46 yaşı ayın 14-də tamam olmuş Alim haqqında son söz onun 62 yaşında deyilməlidi - peyğəmbərliyin bitdiyi yaşda!

Təəssüflər olsun ki, Allah daha nə peyğəmbər göndərir, nə də möcüzə yaratmağa icazə verir.

Əslində mən Alimdən bir "kopolu" yazı yazmaq istəyində idim. Yazası olsaydım, bütün içimi aparardı bu yazı - bir daha yazmağa güc və hey saxlamazdı məndə.

Akif İslamzadənin dediyinə qayıdıram: Alimin qismətinə düşmüş paya şərik olmaq, - lap yazı yazmaqla belə, - səsdən məhrumluğa gətirib çıxarır...

Mən 16 il sonraya saxladım o yazını - onda rahat olar! /avqust 2003/

 

 

TƏQVİM / ARXİV