adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

«NEFTÇİ» VƏ QURBAN PİRİMOVUN TARI - Aqil ABBAS yazır

AQİL ABBAS
570 | 2023-01-30 14:38

Deyəcəksiz ki, futbol komandası ilə Qurban Pirimovun tarının nə əlaqəsi? Tələsməyin, görərsiz.

Qurban əmi bildiyiniz kimi, Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub. Demək olar ki, bu kəndin yarısı onun qohumudu. Rəmişin uşaqlığında Qurban əmi ona bir tar bağışlamışdı. Sonra Bakının məşhur tarzənləri o tarı Rəmişdən almaq üçün az qala bir «Jiquli»nin pulunu təklif edirdilər, amma Rəmiş o tarı heç kimə satmırdı.

Uzatmayım, bunu bir dəfə də yazmışam. Günlərin birində bir toyda Rəmiş hirslənib həmin tarı oynayanların birinin başına vurmuşdu, tar da çilik-çilik olub dağılmışdı. Erməni kamançaçalan vardı, o tarın qırıqlarına üç minmi, üç min beş yüz manatmı verib Rəmişdən almışdı. Yəqin ki, sonra yığdırıb erməni tarı kimi hansısa muzeyə ya satıb, ya da bağışlayıb. Nə isə.

Gələk Qurban əminin ikinci bir tarına. Qurban əminin Ağdamda kiməsə bağışladığı başqa bir tarı da vardı. O tar da əldən-ələ gəzirdi. Tarçalanlar babat pul verib həmin tarı alırdılar, forslanmaq üçün ki, Qurban əminin tarı məndədi. Biri alırdı, sonra başqası daha bir az çox pul verib tarı götürürdü, beləcə tar üstündə qırğın idi.

Axırıncı dəfə Elgiz müəllim almışdı.

Ağdamdan çıxan böyük tarzənlərin, ya xanəndələrin demək olar ki, hamısının muğam müəllimi məşhur tarçalan Məşədi Nəriman olmuşdu, özü də həm də söz ustadı idi.

Gəlib Məşədi Nərimana deyirlər:

- Məşədi, xəbərin var, Qurban əminin tarını indi də dörd min manata Elgiz müəllim alıb.

Məşədi başını bulayıb deyir:

- Ay bala, o tarın bəxti yoxdu ey. Qurban əmidən sonra hələ bir çalan əlinə düşməyib.

İndi «Neftçi» komandası da Böyükağa Hacıyevdən sonra bir normal məşqçi əlinə düşməyib.

Allah Qurban əmiyə də, Böyükağa Hacıyevə də rəhmət eləsin.

 

TƏQVİM / ARXİV