adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

O alçağı kim vəzifəyə qoyar? - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
142823 | 2021-01-15 12:16

Bakının Kürdəxanı kəndində, Meyvə Tingliyi Sovxozu deyilən yerdə böyümüşəm. Məhəlləmizdə biri vardı, sovxoza hər yeni direktor təyin ediləndə köhnənin nəsil-nəcabəti qalmırdı ki, söyməsin. Ən yumşaq söyüşü "Rüşvətxor köpəkoğlu soxozu çapıb-taladı" olurdu. Yeni təyin olunan haqqında isə "Bunun nəsilini tanıyıram. Çox dəyərli nəsildir, özü də olduqca işini bilən adamdır" - deyərdi. Bu getdimi, bunun nəsilini tanımaq nədi, "hansı dərədən" olduğunu belə bilməzdi. Bir gün yenə köhnələrdən birini söyəndə söhbətdə iştirak edənlərdən biri dedi ki, bildin də, onu da bizim rayona rəhbər vəzifəyə gətirdilər. Bunu demişdi ki, "mindilli" (şərti ad qoyaq):

- Əşşi, o elə sovxozda olandan işləyən adam idi. Mən bilirdim ki, o bir gün belə yüksələcək - dedi.

O biri də:

- Ayə, bəsdi də, zarafat edirdim. Vəzifəyə filana qoymayıblar.

Mindilli:

- Guya sənə inandım da. O alçağı kim vəzifəyə qoyar? - deyə həyasızcasına irişdi.

P.S. Bu gün baş verənləri oxuyandan sonra yadıma düşdü və qeyd edim ki, "günün qəhrımanını" heç vaxt tanımamışam, əlaqəm də olmayıb. Olsun "Elə-belə" silsiləsindən

TƏQVİM / ARXİV