ORBAN AVROPALILARA NECƏ DAĞ ÇƏKİBSƏ…- Aqil ABBAS yazır

AQİL ABBAS
541 | 2024-07-09 14:18

Qardaş Macarıstanın baş naziri Viktor Orbanın Türk dövlət  başçılarının Şuşadakı zirvə toplantısına qatılması Avropa parlamentarilərinin hiddətinə səbəb olub. Hamısı ağız-ağıza verib deyirlər ki, Orban niyə Qarabağa gedib. Şuşa adı çəkmirlər, Qarabağ deyirlər. Çünki Şuşanı ən yaralı yerləri hesab edirlər. 

Amma onların çığır-bağırı təpərli bir şəxsiyyət olan Viktor Orban üçün milçək  vızıltısı kimi bir şeydir. 

Həm də ona görə çığırıb-bağırırlar ki, hazırda Avropa İttifaqının rəhbərliyi Macarıstana keçib. 

Qardaş ölkənin baş nazirinin ilk səfəri Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının  zirvə toplantısına qatılmaq olub... 

… Keçən ilin noyabrında Astanada rəsmi səfərdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Viktor Orbana demişdi: «Cənab Baş nazir, Qazax torpağına xoş gəlmisiniz! Qazaxıstanda sizi yaxşı tanıyırlar və hörmət edirlər, çünki əslən qıpçaqsınız. Deyə bilərik ki, siz əcdadlarınızın vətəninə gəlmisiniz. Dəvətimi qəbul edib Qazaxıstana rəsmi səfərə gəldiyinizə və Türk Dövlətləri Təşkilatının yubiley sammitində iştirak etdiyinizə görə Sizə təşəkkür edirəm»…

… Ordan da uçub Amerikanın və Avropanın xoşuna gəlməyən Pekinə, Çinin prezidenti ilə görüşüb, Pekindən də qayıdıb Şuşaya və burdan da uçub Vaşinqtona, Rusiya ilə müharibədə çuxura düşmüş NATO-nun sammitinə. Yəni bu gün Amerikadadır. 

Yəqin ki, NATO-nun iclasında da öz sözünü deyəcək, necə ki hələ ABŞ-a getməmişdən verdiyi  müsahibədə NATO-nun Rusiya ilə müharibədə uğursuzluğa  düçar olacağını  bildirmişdi. 

Qısası, kişi oğlu kişidi.  Və bu hərəkətləri ilə sübut edir ki, Atillanın nəslindəndir. 

Bir dəfə azıb gedib çıxmışdım Macarıstana. Mənə ilk qəribə gələn o oldu ki, Budapeştdə nə qədər küçə türk sultanlarının, paşalarının, sərkərdələrinin adını daşıyır. Xatirə olaraq onların adına parklar salınıb, bulaq kompleksi yaradılıb. 

Və onu da gördüm ki, özlərini Atillanın nəvələri adlandıranlar salamlaşanda Boz qurd kimi salamlaşır və Boz qurd  işarəsi göstərir. 

Tanrı qorusun!  

TƏQVİM / ARXİV