Qarabağı könüllü tərk edib Ermənistanan köçən ermənilərin burada Qarabağ hərəkatı yaratdığı ilə bağlı məlumatı oxucularımıza bildirmişdik.
Adalet.az xəbər verir ki, yenidən aksiya və nümayişlər hədəfləyən revanşist ermənilər yaratdıqları "Artsax Vətəndaşlarının Hüquqlarını Müdafiə Şurası" ölkədə bütün aktivliyi ələ alıb. Beləki, şuranın nümayəndələri aprelin 16-da Avropa Parlamentinin üzvləri Nikolas Bay və Yeni Kaledoniyadan olan senator Nikolas Metzdorfu Azadlıq Meydanında çadırda qəbul ediblər.
Qondarma "artsax"ın nümayəndələri qonaqlarına yalan-palanlardan xeyli basıb-bağlayandan sonra , ağlaşma qurub "artsax"lıların məzlum durumundan da danışıblar. Sonra Avropa Şurasının deputatlarına göstərdikləri dəstəyə və mərhəmətə görə təşəkkür ediblər.
Gələn qonaqlar - deputatlar da bu basıb-bağlamağın qarşısında boş dayanmayıblar. Deyiblər ki, münaqişənin ədalətli və sülh yolu ilə həllinin zəruriliyini vurğulayıblar ki, bura "artsax" xalqının hüquqlarının təmin edilməsi də daxil edilməlidir. Onlar Azərbaycanın beynəlxalq cinayətlərə görə cəzalandırılması zərurətinə xüsusi toxunaraq, mövcud cəzasızlığın hətta Fransaya qarşı yeni hücumlara səbəb olduğunu vurğulayıblar.
Bay və Metzdorf erməni xalqına davamlı dəstəyini xüsusi vurğulayaraq, səfərin nəticələrinə əsasən onu genişləndirməyə hazır olduqlarını bildirdilər.
Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistanda "Qarabağ hərəkatı"nın davam etdirilməsi dövlətçilik üçün dağıdıcıdır:"Bu, Ermənistanın dövlətçiliyinin, müstəqilliyinin və suverenliyinin qarşısını almaq üçün bir alət olub və olacaq. Təəssüf ki, biz bunu çox gec anladıq. Bəzi xarici oyunçular üçün Qarabağ məsələsinin özü Ermənistanın inkişafına mane olmaq və sonra onun dövlətçiliyini məhv etmək üçün bir alət olub", - o qeyd edib.
Əslində onun bu sözləri "Artsax Vətəndaşlarının Hüquqlarını Müdafiə Şurası"na və onları ziyarətə gələn nüfuzlu dəstəkçilərə bir atmaca kimi hesab olunub.
Əslində bütün sağlam düşüncəli insanlar bilir ki, "artsax" mövzusu bitib. Yoxdur. Hətta 2023-cü ilin yanvarında ermənistana bir nəfəs qədər əziz olan Fransa Milli Assambleyasının spikeri Yael Braun-Pive Ermənistan parlamentinin sədri Alen Simonyanla birgə mətbuat konfransında dedi ki, rəsmi Paris Fransanın tabe olduğu beynəlxalq hüquqa uyğun olaraq “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımır. Bundan başqa Fransa 2023-cü ilin sentyabr ayında Qarabağda antiterror əməliyyatı keçirən Azərbaycana bu səbəbdən müdaxilə edə bilmədi. Çünki beynəlxalq qanunlara zidd olardı. Paşinyan belə söhbətlərin, görüşlərin Azərbaycanı qıcıqlandırdığını anlayır və yenidən Qarabağ deyənlərin sözü ilə ağramayan başına yaylıq sarımaq istəmir. Aİ deputatlarının "artsax"lılarla görüşməsinin də altında onlar üçün maraqlı nüanslar olduğunun da fərqindədir. Bir tək erməni toplumunun ağlı yoxdur ki, başqalarının oyununa düşüb, qonşunu günahlandırmaqdan əl çəkib rahat yaşasın. Eləcə, israrla növbəti "dəmir yumruğu" n gəlişini tezləşdirirlər.
Paşinyanın dediyi kimi , bunun da dövlətçilik üçün dağıdıcı təsiri olması labüddür.
Əntiqə Rəşid