adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

“Poz-qazan”, küçə mədəniyyəti, “Nizami” küçəsi… - Eminquey yazır

EMİNQUEY AKİF
814 | 2022-04-06 12:08

Küçə boyu üzündə təbəssüm rəqs edən insanlar...

Adətən bu cür gözəllikləri xarici ölkələrdə görmək mümkündür. Getməsək də internet bu cür gözəllikləri ovcumuzun içinə gətirir. Hər qarşıma bu cür videolar çıxanda isə içim-çölüm göyqurşağına dönür, elə ki video bitir, göyqurşağı öz yerini verir qaramsarlığa. Nöşün? Oşün ki, məmləkətimizin insanı küçənin ortasında rəqs edən adam görsə, güləcək, ağzını büzəcək, hələ üstəlik “bambılı” damğası yapışdıracaq. Bizim rəqs yerimiz toydur, nişandır. Özgə vaxtda nöş rəqs edəsən ki? Özü də küçənin ortasında. Küçədə rəqs etmək ayıbdır, düşüklükdür, bambılılıqdır.

Amma küçənin ortasında ağzını ayırıb qız-qadına baxmaq ayıb deyil. Küçənin ortasında anqıra-anqıra danışmaq ayıb deyil. Küçənin ortasına zibil atmaq, tüpürmək ayıb deyil.

Küçə mədəniyyəti...

Küçə sənəti...

Bu kimi şeylərin həsrətini çəkirik.

Nə yaxşı ki, son dönəmlər yeraltı keçidlərdə, şəhərin mərkəzində musiqiçilərə rast gəlmək olur. Keçiddən keçəndə adamın könlü şad olur. Şəhərdə gəzişəndə ayaq saxlayıb beş-on dəqiqə həm fiziki, həm də mənəvi dincini alırsan. Əslində insanlara yeni nələrsə təqdim etmək lazımdır. Onlar yeniliklərə acdırlar. Dəfələrlə müşahidə etmişəm, ayaq saxlayıb küçə sənətçilərinə tamaşa edənlər olur. Düzdür, küçə mədəniyyəti onlara yaddır, çünki çox az adam bu küçə sənətçilərinin önündəki çamadana, papağa pul atar. O papaqlar, çamadanlar xırda-xuruş pullarla da xoşbəxt olur. Buna baxmayaraq diqqət cəlb etməsi ümidvericidir.

Dünən axşamüstü Nizami küçəsində dostumla gəzişirdik. Bir adam küçənin kənarında balaca səsgücləndiricidə mahnılar qoşub təkadamlıq pantomim nümayiş etdirirdi. Görən kimi Seymurla dayandıq. 15-20 adam da dayanıb adamı izləyirdi. Açığı, ilk dəfə idi ki, Nizami küçəsində təkadamlıq tamaşaya baxırdı. Bu zamana kimi yalnız musiqiçiləri görmüşdüm. Adamın önündə balaca bir çanta vardı, içində az sayda pul. İzləyənlərdən telefonunu işə salıb çəkənlər də vardı. Adam isə öz işində idi. Musiqidən musiqiyə keçid edirdi. Mən də bir-iki dəqiqəlik video çəkdim.

Düşünürdüm ki, görəsən bu qrimin altındakı kimdir? Bizim cameədən hansı aktyor belə bir şey edər? Yox, yox, bəlkə də arzuları yarımçıq qalmış kimdirsə, indi bunu küçədə reallaşdırır. O pulunu qazanır, ya bəlkə də sadəcə bu işdən zövq alır, bilmirəm. Amma dəqiq bilirəm ki, elə bir iş görür ki, bu ölkə üçün, insanlarımız üçün çox dəyərlidir. Axırıncı dəfə “ODA” teatrının rəhbəri Elmin Bədəlov belə bir cəhd etmişdi, onunla da o ki var məzələndik, dəli dedik, tutub apardılar. Küçə mədəniyyəti olmayan toplumu belə şeylərlə tanış etmək, onlara bu cür şeylər təqdim etmək möhtəşəmdir.

Tinbaşı “Poz-qazan” piştaxtalarından qat-qat əladır. Qumardakı adın mistikasına bax. Poz və qazan. Yekə-yekə adamlar cibindəki son qəpiyini bu kağız parçalarına verir, bəxtini sınayır. Sanki 90-cı illərdəyik, son ümid bu oyunlaradır. Qumarın qapalı yerlərdə qadağan olunduğu amma bu və ya digər formada at oynatdığı bir şəhərin bu başında pantomim? Möcüzədir! Və sizə də elə gəlmirmi ki, insanları pozub qazanırlar? Pozğunluq öz inkişaf dövrünün pikinə çatmırmı? Bəli, poz-qazan dövrüdür, poz-qazan.

 

Nə isə, mətləbdən uzaqlaşmayım. Getmək istəyəndə ayaq saxladım. Bu adam bizim üçün tamaşa göstərir, rəqs edir. Bizi dayanıb tamaşa etməyə kimsə məcbur etməyib ki. Və əgər tamaşa edib zövq almışıqsa, hələ üstəlik, sosial şəbəkə üçün video çəkmişiksə, bunun bir qarşılığını vermək lazımdır, ya yox?! Gücümüz nəyə çatır. Cibimdən bir manat çıxarıb aparıb çantaya qoydum. Çantadakı xarici pullar da diqqətimdən yayınmadı. Hətta türk lirəsi də vardı. Amma mənə maraqlı idi, bu adam bizimkidirmi?

Pulu qoyanda adam dedi:

- Teşekkür ederim, efendim!

Ümid edirəm ki, bu şəhər insanların könül rahatlığı ilə rəqs etdiyi, tamaşa göstərdiyi bir şəhərə çevriləcək. Təkcə Nizami küçəsi yox, elə Neftçilərin qarmaşa küçələri də, lap uzaq Koroğluda da, laaap bölgələrdə də.

 

 

TƏQVİM / ARXİV