adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

QURULTAYIMIZIN ARDINDAN

SEYFƏDDİN ALTAYLI
46835 | 2014-08-02 01:20
"Bir zamanlar biz də millət, həm də nə millətmişiz,
Gəlmişiz dünyaya millət nədir, milliyyət nədir öyrətmişiz".

Məhmət Akif Ərsoy

İstəkli və əziz qardaşım Aqil Abbas iyunun əvvəllərində zəng edərək Azərbaycan Yazıçılar Birliyinin Qurultayının keçiriləcəyini, dostum Rəşad Məcid Bəyin mənə dəvətnamə yolluyacağını və qurultayda iştirak edib-edə bilməyəcəyimi söylədikdə hədsiz sevinc duyaraq, "gələcəyik" deyə cavab verdim. Onsuz da çoxdandır yoldaşımla birlikdə doğma diyarımız Azərbaycana bir fürsət tapıb getmək istəyirdik.
1995-ci ildən Birliyə üzv olsam da işlər, problemlər imkan vermədiyindən keçirilən qurultaylarda iştirak edə bilməmişdim. Bir bundan əvvəlki bir də bununla ikinci dəfədir ki, qurultayda iştirak etməli olacaqdım. Düzünü deyim sevincimin həddi-hüdudu yoxdu, niyə olmasın, insanın çox sevdiyi və sevildiyi yerdə olmasını arzulamasından daha sadə nə vardır ki?
Həyat yoldaşım Fatma xanımla tezliklə hazırlıqlarımızı gördük və öz maşınımızla yola düşdük, qurultaydan qabaq sevimli Azərbaycanımıza çatdıq.
Qurultay günü hamı kimi biz də orda idik, gələnlərin əksəriyyəti dost-tanış idi. İçəri daxil olub qonaqlara ayrılan hissədə öz yerimizi tutduq. Başda Fatma Abdullazadə xanım olmaqda Azərbaycan Mədəniyyət Naziri əbülfəz Qarayəv, Kamal Abdulla, İsa Həbibbəyli kimi dövlət xadimləri, qonaq yazıçılar və şairlər çıxış edərək qurultayla bağlı öz düşüncələrini dilə gətirdilər. Mən daha çox Türk Dünyasının görkəmli şəxsiyyəti Oljas Süleymanovun çıxışını gözləyirdim. Oljas Bəy kürsüyə gəldikdə iki kəlmə ilə qonaqları Türkcə salamladıqdan sonra çıxışını rus dilində davam etdirdi.
Hələ tələbəlik illərimdə onun adını eşitmiş və Türkiyə Türkcəsinə köçürülən "Fizikçinin Duası" adlı şeir kitabını satın alıb bir nəfəsdə oxumuşdum. O vaxtlar Türkiyənin qanlı-qadalı illəri idi və sağ-sol davası hər gün neçə gəncin ya ölümünə, ya yaralanmasına və ya ailəsiylə birlikdə doğma od-ocağını tərk edib ayrı bir şəhərə, ya da kəndə köçməsinə səbəb olurdu. Ölkə atmosferində hakim olan sağçı-solçu, millətçi-kommunist qarşıdurması istər-istəməz insanları ikiyə ayırmışdı. Sanki tarixdə Yavuz-Şah İsmayıl qarşıdurması heç olmamışdı ki, ondan dərs götürəydik... Biz millətçilər Türkiyənin sözün əsl mənasında müstəqil olmasını, heç bir dövlətdən asılı olmamasını, öz tankını, hərbi təyyarəsini, bir sözlə öz silahlarını buraxmasını və iqtisadi yöndən müasir dövlətlər səviyyəsinə çatmasını ancaq qərb cinahında, azad ölkələr cərgəsində yer tutmasını istəyirdik. Bizim kommunist dediyimiz solçular da Türkiyənin hər yönüylə müstəqil olmasını, ancaq qərb blokundan ayrılıb kommunist blokda yer tutmasını, hətta onların içində elələri vardı ki, Türkiyənin Sovetlər Birliyinin 16-cı cümhuriyyəti olmasını istəyirdi. Bu da bizim qanımıza toxunurdu. Niyə Ruslara tabe olmalı idik..? Biz o qədər aciz bir millət idik ki, gedib dövlətçiliyi öyrətdiyimiz rusun qoltuğuna girəydik???
Rusların imperiya siyasətinin yaratdığı Sovetlər Birliyində yaşayan milyonlarla bacı-qardaşımız vardı, biz onların da öz bayraqları altında müstəqil olmasını, dünya dövlətləri arasında öz layiqli yerlərini tutmasını istəyirdik. Bu düşüncələrlə Sovet İttifaqında yaranan hadisələri bacardığımız qədər yaxından izləyirdik. Çingiz Aytmatov, Heydər Əliyev, Din Məhəmməd Kunayev, Oljas Süleymanov kimi şəxsiyyətlər kommunist olsalar da biz millətçilərin fəxri idi, çünki o boydaki imperiyada böyük postlar tutmuş, ad qazanmış, Rusları və digər xalqları üstələmişdilər. Bu fikirləri daşımağımıza görə də bu adlı-sanlı, güclü şəxsiyyətlərdən ürəyimizcə olan işləri görmələrini də gözləyirdik. Rus xalqını yox, Dəli Piyotrdan üzübəri imperiya siyasəti yeridərək xalqlarımızı kütləvi şəkildə qıran, milyonlarla Türkü və müsəlmanı doğma ata-baba ocağından sürüb didərgin salan, əzəli və əbədi Türk yurdu olan qərbi Azərbaycana dünyanın dörd bir küncündən gətirdiyi erməniləri yerləşdirərək oraları erməniləşdirən və qondarma Ermənistan dövlətini yaradan rus dövlətçiliyini sevmirdik, sevə də bilməzdik, çünki tarix boyu bizə qənim kəsilmişdilər. Ruslarla bağlı bu düşüncələrimiz Xocalı Soyqırımında da, Azərbaycan torpaqlarının işğalında da özünü bir daha doğrultdu.
Düzünü deyim Oljas Bəyin Azərbaycan Yazıçılar Birliyinin qurultayında rus dilində çıxış etməsi heç də ürəyimcə olmadı. Oljas Bəy, qurultayda mənə görə öz xalqının dilində, Qazaxıstan Türkcəsində danışmalıydı, bizlər Türkcənin Qazax çalarına qulaq asmalıydıq, gərək duyulsaydı qonaqlar üçün bir dilmanc da səhnəyə çıxardılar, o da Oljasın sözlərini rus və Azərbaycan Türkcəsinə tərcümə edə bilərdi, ancaq heyf ki, heyf...
Oljas Süleymanov, rus dilində çıxış edərkən Tatarıstanda, Bolqarıstanda, Rumıniyada, Qafqazyada, Qərbi Azərbaycan kimi yerlərdə, axırıncı olaraq da işğal edilən yeddi rayonda, xüsusilə də Xocalı qəsəbəsində rusların əliylə qanına qəltan edilən bacı-qardaşlarımızın, dağıdılan od-ocaqlarımızın əsla səngiməz və səngiməyəcək alovunun iztirabını ürəyimin dərinliklərində duydum.
Bizlər nə hallara düşmüşük ya rəbb! Yüz illər boyu dünyaya ağalıq edən, yüzlərlə xalqı özünə tabe edən, onların dinc və firavan bir atmosferdə ömür sürməsinə, öz milli mədəniyyətini, dilini və dinini inkişaf etdirərək yaşatmasına imkan yaradan bir xalqın övladları öz qurultaylarında bir araya gələndə doğma dillərində yox qənimlərinin diliylə çıxış edirlər! Nəyə görə 58 milyonluq ingilis xalqı öz dilini dünyanın elm və ünsiyyət dilinə çevirir, 300 milyona çatan Türk xalqı hər hansı bir şivəsini və ya ləhcəsini öz arasında ünsiyyət dilinə çevirə bilmir?
Günah kimindi?

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV