QÜRURLA KEÇƏN BİR İL - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
2647 | 2021-11-05 10:42

Esse

İşğal altındakı torpaqlarımızın alındığı,Qarabağın ağ günlərə qovuşduğu, 30 illik həsrətin bitdiyi vaxtdan düz bir il ötür. Şəhidlərin torpağı al qanları ilə yoğurub vətən yapdığı zamanın bir ili tamamdır. Düz bir ildir ki, xalqımız tarixi qələbəsinin qüruru ilə yaşayır. Murdar erməni çəkmələri altından canı qurtarıb rahat nəfəs alır torpaqlarımız. Bağrı yarılan, sinəsinə min dağ çəkilən torpağın yaralarına məlhəm qoyur, üzünə sığal çəkir, qulağına xoş sözlər pıçıldayır o yurdün əsil sahibləri...

Şuşa qol qaldırıb süzür dağlar başında, möhtəşəm təbəssüm qonur qədim Füzulinin, Zəngilanın, Kəlbəcər və Laçınımızın dodağına... Qarabağ bütövlükdə çırpınıb çıxır yasdan, atır üstündən qapqara çirkabı!..

Xoşbəxtlikdən gözü dolur torpağın, sevincindən dodağı çatlayır. Adamlar doğma yurd yerlərinə getmək üçün çox tələsir. İndi şəhid ruhları azad səmada şaddır. Qazilərimiz 44 günlük müharibənin acılarını əzalarında daşısalar da, qürurludurlar...

Azərbaycan öz halal zəfərini bayram edir, uşaqlar və böyüklər işini-gücünü qalibiyyət notlarına kökləyir. Şəhərdə, eləcə də bütün bölgələrimizdə ab-havanın dəyişdiyi göz önündədir...

Iki yüz ildən artıq bir zaman içərisində daim əlimizdən alındı torpaqlarımız.

Lap sülh adıyla, murdar qonşumuzun nazı ilə oynadılar. Tikə-tikə kəsdilər, para-para böldülər, "yağlı” yerindən də pay düşdü dünyada yaltaqlıqda, acgözlükdə, satqınlıqda tayı-bərabəri olmayan ermənilərə. Qonşu dövlətlərin torpaqları hesabına torpaq qazandılar, olmayan yerdən dövlət qurdular. Yenə gözləri doymadı! İştah diş altındadır axı, tamah dişlərini itiləyib sancdılar torpaqlarımıza. "Dənizdən dənizə " paronoy ideyalarını o qədər bəslədilər ki, özləri də öz yalanlarına inanmağa başladılar. Hətta bəzi dünya dövlətlərini də inandıqmağa müvəffəq oldular...

Amma "haqq nazilər, üzülməz” deyib babalarımız. Əqrəb kimi axırda özünü çaldı, zəhəri özlərini zəhərlədi.

2020-ci ilin 27 Sentyabr gecəsi xalqımızın səbir daşının sındığı vaxt oldu. Ali Baş Komandanın bir əmri ilə qüdrətli Ordumuz döyüşə hazır vəziyyətə gətirildi. Oğullar

düşmənə nifrət və qisas hissi ilə döyüşlərə yollandı. Canavar kimi, pələng kimi döyüşdülər. Səngərdən səngərə atıldılar, yaralandılar, şəhid oldular, amma bir an ali məqsəddən uzaq düşmədilər. Sonda bu torpağı vətən etdilər!..

Zaman, hər əsgərin bir ordu, ordunun bir əsgər olduğu vaxtı göstərirdi. İgid oğullar ata-ana xeyir-duası ilə döyüşlərə yollanırdılar...

Xeyir-dua ver, ana,

Yetişdi qisas anı.

Tökməyə düşmən qanın,

Qarabağa gedirəm!..

 

...Füzuli, Ağdam, Laçın,

Şuşa yolmasın saçın.

Çək dumandan çalmanı,

Qarabağa gedirəm...

Orduya, xalqa, dövlətə söykəkdi onlar. Xalq və dövlətin birliyi, ordumuzun yenilməzliyi, əsgərlərimizin cəsarəti sayəsində tarixi zəfər labüd oldu...

Qandan, qadadn adladı, daşdan, qayadan keçdi uğurlarımız. Uzun və ağır cəbhə yolları birbaş Şuşaya qalxdı. Ağır döyüş əməliyyatı planları, onun uğurla yerinə yetirilməsi hər dəfə qələbəyə bir addım da yaxınlaşdırdı bizi. Ali Baş Komandanın vaxtaşırı televiziya və radio vasitəsilə çıxışları, cəbhədən verdiyi dəqiq və sevindirici məlumatları, müsahibələri xalq səbirsizliklə gözləyirdi. Dinləyir, sevinir və qələbəyə ruhlanırdı. Kənd və şəhərlərin bir-bir işğaldan azad edilməsi xəbərləri paytaxt Bakıda, eləcə də bütün bölgələrdə bayram ovqatı yaradırdı...

Bayquş xislətli erməni 30 il ərzində Qarabağda daşı daş üstə qoymamışdı. Tarixi abidələrimiz məhv edilmiş, yaşayış məskənləri dağıdılmış, yerüstü və yeraltı sərvətlər daşınıb aparılmış, meşələr yandırılmışdı. Təbiətlə də vandalcasına davranan bu üzdəniraqlar, qəbristanlıqları da unutmamışdılar...indi isə döyüş meydanlarında silah-sursatla bərabər papağını da qoyub qaçırdı. Azərbaycan əsgəri isə onu "iti qovan” kimi qovurdu!..

Dövlətimizin apardığı düzgün daxili və xarici siyasət, güclü ordu və xalqımızın birliyi tarixi qələbənin təminatı oldu. "Hər şey cəbhə üçün, hər şey qələbə naminə” idi həmin günlərdə. Ordumuzun hərbi sahədə olduğu kimi maddi təminatının da yüksək olmasına baxmayaraq, analar isti yeməklər bişirir, isti geyimlərlə birgə cəbhəyə göndərirdi. İnsanların bir-birinə sevgisi, qayğısı artmışdı. Hər kəsi bir amal, bir məqsəd birləşdirirdi-müharibəni zəfərlə başa çatdırmaq...

Bəzən Haqqin, ədalətin yolu elə müharibədən, savaşdan keçməli olur. Anam deyərdi ki, "ho deməklə donuz darıdan çıxmaz!”.. Uzun illər dövlətimizin atdığı sülhməramlı addımlar, keçirdiyi görüşlər nəticəsiz qalanda müharibə qaçılmaz oldu. Nəticədə işğalçı dövlət öz layiqli cavabını və cəzasını aldı. Öz məğubiyyətini, Azərbaycanın isə qalib olduğunu sənədlə, sübutla təsdiq etməkdən başqa yolu qalmadı...

Bu gün Qarabağda üçrəngli bayrağımız qürurla dalğalanır...

Qələbə yaraşır mənim xalqıma,

Yel vurub əsdirir qalib bayrağı.

Açılır qanadı Azərbaycanın,

Geyinir, bəzənir bayramsayağı...

Artıq Qarabağda yeni və irimiqyaslı quruculuq işləri həyata keçirilir. Infrastruktur yenidən qurulur, yollar çəkilir, evlər tikilir, dövlət əhəmiyyətli işlər görülür. Gözəl Şuşada, Cıdır düzündə mədəni tədbirlər keçirilir, söz-sənət çələngi toxunur...

Qoy xalqımız bir də müharibə görməsin, uşaqlar top-tüfəng səsindən diksinib oyanmasın, torpağın bağrına güllə dəyməsin, analar fəryad edib saç yolmasın!..

Oğullar doğulsun, igidlər meydanlara bayramlarda qurşaq tutub yarışmaq üçün çıxsınlar...

Tarixi zəfərin mübarək olsun, Azərbaycan!

TƏQVİM / ARXİV