TORPAQ ONU SEVDİ, O DA TORPAĞI - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
970 | 2022-03-29 11:27

Esse

Müharibə bitdi, xalqımız otuz ilə qədər qəddarcasına qovulduğu doğma yurd yerlərinə-doğma Qarabağına qovuşdu. Azərbaycan əsgəri öz üçrəngli qalib bayrağını yaralı torpaqlarda qürurla dalğalandırdı. Şəhidlərimizin qanı yerdə qalmadı. Analar göz yaşları içində gülümsəməyi bacardılar. Axı onların dağ cüssəli balaları vətənə sipər olmuş, vətənin azadlığı yolunda da canını qurban vermişdi...

   İndi yazılanlar da, deyilənlər də qalib ordunun qalib əsgərinin şərəfinə hesablanmışdır. Dövlətimiz qısa zaman ərzində daşı daş üstə  qalmayan, viran qoyulan, malı-mülkü talan edilən Qarabağda böyük quruculuq işlərinə başladı... Torpaq da sevindi, hava da, meşələr, çöllər də. Bəli, vətənin tikanı da əzizdir...

   44 günlük İkinci Vətən savaşında qazanılan qələbə  Azərbaycan dövləti, Azərbaycan ordusu və Azərbaycan xalqının birliyinin təntənəsi idi. Övladını cəbhəyə yola salan ana və atalar :-"get, aslan kimi döyüş və qələbə ilə geri dön!” –deyib Allaha əmanət elədilər. "Arxa da, ön də vətəndir, unutma, bir addım irəli getmək imkanın varsa, geriyə bir addım qoyma!..”  Vətəni ruhu, torpağı cismi-canı hesab edən mərd oğlanlar getdi müharibəyə, getdi ki, torpağın yaralarına bədəni ilə məlhəm qoysun, elə qoydu da..  .

   Vətəni səngər, qala bildilər, ana bildilər, bala bildilər, zəfər eşqinə getdilər. Torpağı elə sevdilər ki, torpaq da onları sevdi. Axı, eşq də yolxucu xəstəlik kimidi... İllərdir əsir yurd yerlərimizin səsi gəlirdi qulağına, "gəl məni azad et..”-deyə torpaq çağırırdı onları. 

     Azərbaycanın hər bölgəsindən qəhrəman oğullar könüllü yollanırdı müharibəyə. Onların biri də Məmmədov Pərvin Rza oğlu idi. O, 1994-cü ildə, mart ayının 30-da Göyçay rayonunun Yeniarx kəndində anadan olmuşdur. Ailənin dörd övladından biri olan Pərvin, elə uşaq yaşlarından fərqliliyi ilə seçilirdi. O, sakit, söz eşidən bir uşaq olmaqla yanaşı, həm də bacarıqlı idi. Uşaq yaşlarından maşın və texnikaya həvəsli idi. Kim ona maşın bağışlasa sevincinin həddi-hüdudu olmurdu. Bir az oynayandan sonra isə həmin maşını söküb hissələrə ayırır və yenidən bir yerə yığıb düzəltməyə çalışırdı...

     Pərvin 2000-ci ilin sentyabrında elə yaşadığı Yeniarx kənd orta  məktəbin birinci sinfinə getmiş, və 2011-ci ildə tam orta məktəbi bitirmişdir. Sinif yoldaşları ali məktəbə sənəd verəndə, o, uşaqlıqdan öyrənmək istədiyi peşənin ardınca getmək qərarına gəlir.  Elə bu istəklə də əmək fəaliyyətinə başlayan Pərvin, tezliklə bacarıqlı mexanik kimi tanınmağa başlayır. 2012-ci ilin yazında hərbi xidmətə çağırılır. Pirəküşkül "N” saylı hərbi hissədə xidmət dövrünü 2013-cü ilin payızında layiqincə başa vurub kəndə dönür. Gənc oğlan yenidən mexanik kimi işini davam etdirib ailəsinə maddi dəstək olur. Tərbiyəli, sakit təbiətli, mehriban, xoş xasiyyətli bu oğlanı sevgi də tez tapır. Bir könüldən min könülə aşiq olduğu həyat yoldaşı Rüfanə xanımdan razılıq alaraq ona elçi göndərir... Və, 2014-cü ilin dekabr ayının soyuq havasını bu iki gəncin toy şənliyi isidir...

    2016-cı ilin məlum aprel döyüşləri başlayarkən Pərvin də könüllülər sırasına yazılır, amma döyüşlər tez başa çatdığından iştirak edə bilmir. Vətən sevdalısı bundan pərişan olur, amma fikrindən dönmür. Bu dəfə vətənə xidmət etməyin başqa yolunu taparaq gizirlik kursuna yazılır. Elə həmin günlərdə iki sevinci birgə qarşılayır, həm ata olur, həm də Bakı şəhərində yerləşən "N” saylı hərbi hissədən ərizəsinə müsbət cavab alır... Xüsusi təyinatlı "HƏMLƏ” taborunda əməliyyatçı, döyüş maşınlarının komandiri kimi xidmət edən gizir, burada da öz zəhmətkeşliyi, dəqiqliyi, bacarığı ilə hamının  hörmətini qazanır... 2018-ci ildə göstərdiyi qüsursuz xidmətə görə  "Cümhuruyyətin 100 illiyi” medalı ilə təltif edilir.

    2019-cu ildə ikinci dəfə atalıq bəxtvərliyini yaşayan gənc gizir digər yoldaşları kimi sərhədyanı ərazilərdə baş verən hadisələrdən qəzəblənirdi. Tökülən nahaq qan, onun da qaynar qanını coşdurur, ermənilərin layiqli cavabını vermək üçün alışıb yanırdı. Azərbaycanın hər qarış torpağı yolunda can verməyə hazır olan döyüşçü, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri verməsini həm məsuliyyət, həm də sevinc hissi ilə qarşılayır...

...Qisas deyib durub gör neçə ildi,

Məzarı dağılan ruhlar çağırır.

Murovdan o üzə süzür xəyalım,

Bütün varlığıyla torpaq çağırır...

    27 sentyabr 2020-ci ildə Göranboy rayonunun Ağcakənd istiqamətindən başlayan döyüş yolu Gülüstan,Tərtərin Talış kəndi və Ağdərə istiqamətində gedən ağır döyüşlərin iştirakçısı olur. Əsgər yoldaşları ilə birgə düşmənin qurduğu istehkamların dağıdılmasında qəhrəmanlıq nümunəsi göstərir. Yeri gələndə yalın əl ilə, dişi-dırnağı, yumruğu  ilə döyüşür, düşmənlə əlbəyaxa döyüşlərə atılaraq nifrəti, qəzəbi ilə onları məhv edir... 

   Lakin Suqovuşan uğrunda gedən çətin və qanlı döyüşlər onun son döyüşü olur.  Düşmən snayperinin atdığı güllə onun həyatını da, gələcək arzularını da yarımçıq qoyur. Şəhidlik adı qazanan Pərvinin ruhu vətənin azad səmasına pərvazlanır, bədəni isə 02.10.2020-ci ildə doğulub böyüdüyü, ruhən bağlı olduğu doğma Yeniarx kəndində elə sevdiyi, könül verdiyi torpağa tapşırılır... Məmmdəov Pərvin Rza oğlu ölümündən sonra "Vətən uğrunda”, "İgidliyə görə”,  və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 

Şəhid torpağındı, torpaq şəhidin,

Varsa bu  ülfəti bir pozan, gəlsin.

Alın yazısını torpaq üstünə,

Gəlsin, qanı ilə qoy yazan gəlsin...

    İndi bu evdə onun iki övladı böyüyür, onlar Qarabağın qara günləri barədə anasının danışdığı söhbətlərdən xəbər tutacaq, kitablardan oxuyacaqlar. Atalarını da fəxrlə, qürur hissiylə xatırlayacaqlar. Biləcəklər ki, o, Qarabağın azadlığı uğrunda şəhid olan 3000-ə qədər igid və qəhrəman Azərbaycan oğullarından biridir!

TƏQVİM / ARXİV