XÜSUSİ TƏYİNATLI ELMƏDDİN ƏLİZADƏ  - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
2772 | 2021-09-20 10:05

Esse

İkinci Dünya müharibəsindən yarım əsrdən çox bir vaxt keçib, amma vurduğu yaralar hələ də ağrıdır. Analar oğul, qadınlar ər yolu gözləyə-gözləyə ömrünü başa vurdu, indi də baba yolu gözləyən nəvələr var. Bəli, müharibə bitir, dərdləri isə bitmir... Onun gözlə görüməyən, dilə gəlməyən o qədər ağrı-acısı var ki... 30 ilə yaxın işğal altında olan doğma yurd yerlərimizin əsirlikdən azad olunması hər bir Azərbaycan vətəndaşının fəxr, qürur yeri oldu. Son zamanlar ermənistan ordusu tərəfindən artan təxribatlar, sərhəd boyu rayon və kəndlərimizin atəşə tutulması, bu zaman dinc əhalinin hədəf götürülməsi xalqımızın səbrini tükəndirdi. 2020-ci il, 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri, Prezident,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə başlanan və  44 Gün davam edən müharibə Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Ən müasir silah, çevik hərbi texnikaya malik və peşəkar hərbi qulluqçuların olduğu rəşadətli Azərbaycan Ordusu işğalçıları doğma Qrabağ torpaqlarından qovub çıxartdı. Dövlət və xalqın sarsılmaz birliyi, mütəşəkkil və peşəkar Azərbaycan ordusunun şücaəti sayəsində torpaqlarımımz öz əzəli sahibinə qovuşdu. Noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə  yazıldı. İndi artıq o doğma torpaqlarda uğurla tikinti-quruculuq işləri aparılır, yollar çəkilir, şəhər və kəndlər abadlaşdırılır. Torpaq da sevinir, insanlar da...

...İlahi özü yazıb türkə qalib qisməti,

Istiqbalı, zəfəri, bu şanı, bu şöhrəti.

Dağıldı zülmün evi, qurmağa mehr-ülfəti,

Doğma yurd-yuvamıza-Qarabağa gəlmişik!...

    Vətənin azadlığı uğrunda canından keçən heç kəs unudulmur. Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda isə vətən olur. Qarabağda da hər qarış torpaq uğrunda qanlı döyüşlər getmişdir. Ermənistan ordusu ordumuzun qüdrəti, əsgərlərimizin cəsarəti sayəsində darmadağın edilərək torpaqlarımızdan qovulmuşdur...

   Azərbaycanın hər yerindən mərd oğullar çıxdı meydana, düşmən bağrı dəldi, yağı gözü tökdü. Şir kimi, pələng kimi atıldı döyüşlərə. Şəhid oldu, qazi oldu!.. Nəticədə torpaqlarımız erməni vandallarından təmizləndi... Mən Sabirabad rayonundan döyüşlərə qatılaraq şəhidliyə ucalmış 44 şəhidin ailəsi ilə görüşmüş və onların şərəfli ömür yolunu əks etdirən esselər yazmışam. Bunlar mətbu orqaqnlarda dərc edilib, oxunub və hazırda kitab halında çapa hazırdır.

   

Bu gün sizə tanıdacağım gənc Əlizadə Elməddin Sübhi oğlu da Azərbaycanın haqq savaşında şəhidlik zirvəsini qazanmışdır. Elməddin, Biləsuvar rayonunun Zəhmətabad  kəndində doğulub boya-başa çatmışdır. Biləsuvar rayonu deyəndə yadıma Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov düşür. Erməni postlarına təkbaşına hücum edərək onları vahiməyə salan, çoxlu sayda düşmən əsgərinə ölüm hökmü verən və özü də müqəddəs şəhidlik məqamına qalxan Mübariz İbrahimov!.. O zaman mən də Əliabad kəndinə-qəhrəmanın doğulub böyüdüyü  kəndə, ailəsi ilə görüşə getdim. Ağakərim kişi ilə, Şamama xanımla görüşdüm, Mübarizin igidliyinin, hünərinin köklərini öyrəndim. Sonra "MÜBARİZ”  poemasını qələmə aldım. Azərbaycan torpağı özü müqəddəsdir, ulu Yaradan ondan heç nəyi əsirgəməyib, onun yeraltı və yerüstü sərvətləri ilə yanaşı, milli qürur mənbəyi olan cəsur oğulları da vardır...

   Torpağı vətən edən oğullardan biri idi Elməddin. Elə doğulduğu Zəhmətabad kəndi də Əliabadla qonşudur. Kənd camaatı bir-birini yaxşı tanıyır, xeyiri-şəri bir yerdə yola verirlər. Bir ailənin kədərindən hər kəsə pay düşür. Bu iki ünvan indi Biləsuvarda hər kəsin tanıdığı məkandır.

Elməddin 1997-ci il, mart ayının 3-də anadan olub. Dörd uşaqlı ailənin ikinci övladı olan Elməddin, 2003-cü ildə Ənvər Rəhimov adına Zəhmətabad kənd tam orta məktəbinin birinci sinfinə getmiş və 2014-cü ildə məktəbi əla və yaxşı qiymətlərlə bitirmişdir. 2015-ci ilin payızında həqiqi hərbi xidmətə çağırılmış və  əsgərliyini Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən "N”saylı hərbi hissədə, kəşfiyyatçı kimi başa vurmuşdur. 2016-cı il Aprel döyüşləri zamanı general Polad Həşimovun komandanlığı altında kəşfiyyatçı kimi döyüşmüşdür. Lələtəpə yüksəkliyinin alınmasında xüsusilə fərqlənmişdir...

   Elməddin Əlizadə 2016-cı ilin iyul ayında  hərbi xidmətini başa vurub geri-ailəsinin yanına dönür. Bir müddət  sonra Bakı Tikiş fabrikində, hərbi geyim formaları tikilən sexdə işə başlayır. İşində fərqlənir, ona görə təhsilini, təcrübəsini artırmaq üçün Türkiyəyə ezam olunur. Azərbaycanın haqq savaşı başlayarkən qardaş ölkədə olsa da, vətən məhəbbəti, düşmənə olan sonsuz nifrət Eləmddini sakit buraxmır. O, təcili vətənə dönür və Müdafiə Nazirliyinə döyüşlərə könüllü qatılmaq üçün ərizə ilə müraciət edir. Az keçmiş ərizəsinə müsbət cavab alır. 2020-ci il, oktyabr ayının 1-də Biləsuvar Rayon Hərbi Komissarlığından cəbhəyə yola düşür. Xüsusi Təyinatlı Qoşunlara aid məşhur 052 saylı hərbi hissənin əsgərləri ilə birgə döyüşlərə başlayır. Ağdamdan başlayan döyüş yolu sonra Füzuli və Xocavənddən keçir. Döyüşlərdə kəşfiyyatçı olan bu igid oğlan, düşmən mövqülərini vaxtında aşkar edir və komandanlığa ötürürdü. Döyüş yoldaşları ilə birgə yeri gələndə mənfur düşmənlə əlbəyaxa döyüşlərə girir, yaralı yoldaşlarının köməyinə də yetirdi... Döyüşlərdə həmişə öndə olurdu, yoldaşları ehtiyatlı olmağa çağırsa da, o çılğınlığından əl çəkmirdi. "Məni düşündürən bu vətənin, torpağın taleyidir. Bu yolda şəhid olmaq yalnız şərəf olar mənə...” deyirdi...

     Qanlı döyüşlər bir-birini əvəz edir, torpaqlarımız azad olunduqca sevincdən Elməddinin də ürəyi sinəsinə sığmırdı. Amma qarşıda Qarabağın tacı, Azərbaycanın üzüyünün qaşı Şuşa vardı hələ... O şəhər ki, ora gedən bütün yolları düşmən  öz nəzarətində saxlayırdı. Şuşa uğrunda döyüşlər tam başqa olacaqdı, bunu hiss edirdilər. Xüsusi Təyinatlı cəngavər oğullar Şuşaya kanatlarla qalxacaq, sıldırım dağ yollarını dişləri-dırnaqları ilə qət edəcəkdilər... Ermənilərin elə keşik çəkdikləri postlarda başlarının üstünü alacaq, "səssiz-küysüz " şəhərə daxil olacaq və qala divarlarına böyük hərflə "qələbə "yazacaqdılar!.. Amma bu qansız olmayacaqdı əlbəttə... Müharibə başlayandan ağır və qanlı döyüşlərin iştirakçısı olmuş Elməddin, Şuşanın azadlığı üçün həyəcan keçirirdi. Hər bir hazırlıq görülmüş, döyüşçülər sonadək təlimatlandırılmışdı...

    06 noyabr 2020-ci il.., həmin gün Elməddin evə zəng vurur, ata-anası ilə danışır, amma əslində sanki vidalaşır:

-"Mənim telefonuma iki-üç gün zəng çatmayacaq, narahat olmayın.., enerjisi yoxdur...”-deyir.

      8 noyabr 2020-ci il... Döyüşlər artıq Şuşanın içində gedir. Ermənistan ordusu məğlubiyyətin acısını yaşayır, düşmən silah-sursatıyla bərabər papağını da döyüş meydanında qoyub qaçır. Qəfil çiynindən güllə yarası alan Elməddini yoldaşları kənara çəkir, tibbi yardım göstərilir. Amma o yenidən özünü irəli atır, döyüşə girir və bu zaman snayperdən açılan atəş nəticəsində ən ali məqama yüksəlir... Elməddin qələbəyə saatlar, dəqiqələr qalmış şəhidlik şərbətini içdi, amma gözlərini bu dünyaya yumanda rahat idi, çünki uğrunda döyüşdüyü torpaqların bir daha yağı əlinə keçməyəcəyinə əmin idi...

Qisas qiyamətə qalmadı, Allah,

Yurdun üzüyünün qaşı alındı.

Şad xəbər gətirdi açılan sabah,

Sevin, Azərbaycan, Şuşa alındı!...

     Əlizadə Elməddin Sübhi oğlu 09 noyabr 2020-ci ildə doğulub böyüdüyü doğma Zəhmətabad kəndində dəfn edilmişdir. Ölümündən sonra "Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

...Şəhidlər, bu yurdun başı üzərində daim dalğalanacaq azadlıq bayraqlarıdır. Uğrunda can qurban verdiyiniz vətən sizi heç vaxt unutmayacaq. Qarabağda qanınnız çilənən daş da göyərəcək, çəmən də çiçəkləyəcək. Vətən göylərində ruhunuz azad dolaşacaq daha...

Atası ilə söhbət edərkən nə qədər sarsıntı keçirdiyini hiss edirəm. Deyir, gənc oğul itirmək asan deyil, əlbəttə, dözmək çətindir. Amma bir təsəllimiz var, o da Qarabağın azadlığı, Azərbaycanın tarixi ərazi bütövlüyünün bərpa olunmasıdır. Allah dövlətimizi və xalqımızı qorusun. Düşmənlərin baş qaldırmasına bir də imkan vermək olmaz... Təki Vətən yaşasın!

TƏQVİM / ARXİV