adalet.az header logo
  • Bakı 11°C

 ŞƏHİDLİYƏ RƏQS EDƏ-EDƏ GEDƏN İGİD - Aqil ABBAS yazır

AQİL ABBAS
490 | 2022-09-27 17:43

Bu videoya dəfələrlə baxmışam. Hər dəfə də kövrəlmişəm. Axşam yenə  baxdım və yenə kövrəldim. İlahi, bu nə rəqsdi, bu nə sevincdi?! İnsan şəhidliyə, ölümünə  necə də  sevinə-sevinə gedir?! Bu igidin damarlarında  qan axmır ey, Araz axır, Kür axır, Həkəri axır, İsa bulağı axır, Qarqar axır...  Bu igidin damarlarında qan axmır ey, gün işığı axır!

Bu igidin  damarlarından qan iyi gəlmir, çiçək iyi gəlir, gül iyi gəlir, baldırğan iyi gəlir.

Ona güllə dəyəndə torpağa  qan tökülməyib ey, mayəsi nur, qayəsi nur Azərbaycan tökülüb.

İlahi, bu nə rəqsdi, bu nə sevincdi?

Fədaildi bu igidin adı.

Bir məşhur rəqqas vardı – Mahmud Esambayev, haqqında film də çəkmişdəlir, deyəsən  Azərbaycan filmi idi: «Mən rəqs edəcəyəm». Gözəl  filmdi. O da  müharibə ilə bağlı  idi.

Mən Mahmud  Esambayevdən qüdrətli rəqqas tanımıram. Xüsusən də onun  şaman rəqsləri möcüzə idi.

Amma sizi inandırıram ki, Mahmud Esambayev  sağ olsaydı və Fədailin bu rəqsini  görsəydi bu igidə həsəd aparardı.

Yəqin indi cənnətdə şəhid  dostlarını  başına  yığıb  onlar  üçün belə rəqs edir.

Ya rəbb, bir hilal uğruna neçə günəşlər sönüyor?!

Məmməd Arazın qızlarına yazdığı şeirdə belə bir beyt var:

Səhər-səhər dan yerinə boylanın,

Sizə yetim deyən olsa, qızlarım!

Fədail Nadirovun anasına yalnız belə bir təsəlli verə bilərəm:

- Səhər-səhər dan yerinə  boylan, anam. Hər səhər günəş kimi  doğacaq Fədail.

Bütün şəhidlərimiz hər səhər günəş kimi  doğacaqlar. İnanmırsınızsa, səhər-səhər  dan yerinə boylanın.

TƏQVİM / ARXİV