Bir yol iqtisadçı Tahir Hüseynov,
Ukraynanın yanacaq və energetika nazirinin müavini Burzu Əliyev, yazıçı Rəşad
Məcid və mən nahar eləyirdik. Ukraynalı
Burzu Əliyev telefonundakı muğamları oxudub bizdən adlarını xəbər aldı,
azərbaycanlı Rəşad Məcid, haqq üçünə, bir-ikisini oxşatdı, mən də onun kimi,
Tahir müəllimsə hamısının adını çəkdi: səhv, ya düz. Onda dedilər ki, muğamları
Şahin Rüstəmov dəqiq tanıyır.
Yaxşı da musiqi duyumu var!..
İdmançı olduğunusa nə görmüşəm, nə də eşitmişəm. Amma fəhmim belə deyir.
Boyunun ucalığına, düz qamətinə rəğmən, heç kəsə yuxarıdan aşağı baxmır, hər
halda, sezməmişəm.
Mütailəsinə də söz ola bilməz!..
Gündəlik mətbuatı gözucu izləsə də, həftəsonu çıxan qalın qəzetləri
başsağlığınacan oxuyur. Qeydləri dəqiqdi; misal çəkəsi olacam! Xalq yazıçısı
Anarla Konstitusiya Məhkəməsində görüş zamanı - qonağın əsərlərindən tutmuş,
son müsahibələrinə qədər – elə əhatəli danışıb ki, AYB sədri təəccüblənib: «Bəs
siz məhkəmə işləri ilə haçan məşğul olursuz?!»
O, namaza da vaxt tapır!..
Hüquqşünas kimi çox məşhurdu, ona taleyini arxayınca etibar eləmək olar. Bütün
ömrü hüquq-mühafizə orqanlarında keçib.
Diqqətlidi!..
Xanəndə Mənsum İbrahimovdan yazdığım esseni «525»-də oxuyub zəng eləmişdi. Dedi
ki, Mənsum yaxşı sənətkardı, yoxsa ondan yazmazdın… Bayramlarda mesaj göndərər.
«Ə», «Ç», «Ş», «Ü», «Ö» hərfləri də əlifba kitabında olduğu kimi.
Hekayə yazmağı ağlıma da gəlməzdi – o, Generaldı!..
Hər ikimizin əzizi Rəşid Faxralı toplayıb bu hekayə-əhvalatları, ön söz
yazmağısa mənə özü tapşırıb.
Generalın sözü əmr olar.
Generalın sözü… sözdü!..
Yazıçılıq eləməyib, başına gələnləri, eşitdiklərini qələmə alıb. Sadə,
bəzək-düzəksiz. Oxuyub güldüm, heyrətləndim daha çox.
Bu zabitəli kişinin yumor damarı nə yoğunmuş! Onu dərisinin altında necə
gizlədə bilib?!
Əsərlərinin qəhrəmanlarına qəhrəmandan başqa hər söz demək olar.
Sözgötürəndilər hamısı. Xırda adamlardı: işverən, lağlağı, qorxaq, yazıq.
Biriylə ayaqqabı geymək olar, o biriylə butılka açmaq; biriylə milçək
öldürərsən, o biriylə kanal dəyişərsən. Adamların hamısını sevmək çətindi, amma
onlara hörmət eləməyə borclusan. Yekə adamlara çox, balacalara bir balaca.
Şahin müəllim balaca adamlara lazım olduğundan çox hörmət eləyib, onları sözə
gətirib. Adamlıqları olsa, burda qalarlar, olmasa, gedərlər öz xırda işlərinin
ardınca.
Məsələn, Səfər kişi xortlayandan sonra əməlli-başlı adam olacaqdı, əcəl imkan
vermədi. Ondan nəsə gözləmək olar.
İsmayıl kişidən gərək Əbdürrəhim bəy yazaydı, heyif ki, tale onları
görüşdürməyib.
Totu-lotu-potu – «Gülüşün göyqurşağı»nın müxtəlif rəngləridi, diqqətlə baxın…
«Tabut əhvalatı»nda xoşuma gələn passaj: bacısı qoşulub qaçan qardaşlar
ürəklərində sevinsələr də, evdəkiləri bir «pors» qırıb batırmalıdılar. Yoxsa
qıraqdan adama nakişi deyərlər. Mentalitetin ağıl dişinə bax…
Məhkəmələrdə baş verən qeyri-adi hadisələr maraqla oxunur. Birini də mən
danışım, istəsə, yazsın. Cavan məhkəmə sədri (təxminən müəllif boy-buxunda)
cinayət işi araşdırır. Oğlan neçə ildi Rusiyada, gəlin kənddə hamilə. Digəl,
müqəssiri tap. Sədr oğlanın atasını zala çağırır. Oğlan qəzəblənir: «Mənə
səbəbkarı tap göstər, onu parçalayım!». Sədr ataya söz verir. Eşitdiklərindən
şoka düşən oğul zalda qarşısına çıxanı döyüb söyür, axırda sədrə cumur. Sədr
qeyzlənir: «Ə, camaatdan nə istəyirsən? Nə eləyib, atan eləyib. Parçala da
səbəbkarı!»
Bəlkə də o, bu əhvalatı məndən yaxşı bilir. Qəsdən yazmayıb ki, oxuyub utanan
olar. Amma indi kimdi kimin kitabını oxuyan. Fikri özünə getməsin: bu qədər
iş-gücün içində həm kitab oxuya, həm də kitab yaza.
Onun gözəl də səsi var!..
Bu kitab da bir nəğmədi: Şahin nəğməsi…


Bakı -°C
