Bu gündən başlayaraq, Vətən Müharibəsində gördüyüm ən xırda depalları belə unutmadan xatirələrimi yazacağam... Uzaq zaman deyil... Şahidlərimin hamısı sağdı. Onların şahidliyi ilə 10 noyabra qədər silsilə yazımı oxuyarsınız! Yazılarımda başlıqlar dəyişsə də silsilənin adı "Sevgilim Vətən!" olacaq.
3 oktyabr - Sığınacaqdakılar...
Ermənilər təmas xəttində olan kəndləri Çəmənli, Əhmədağalı. Mahrızlı, Zəngişalı. Qaradağlı. Əfətli, Çıraqlı, Mirəşelli, Orta Qərvənd, Ayaq Qərvənd intensiv mərmi atəşinə tutması ordan köcmək istəməyib qalanları da son anda daşı ətəyindən töküb təhlükəsiz yerə köçməyi vacib etdi. Quzanlılnın təhlükəli yer olduğuna baxmayaraq çox adam evinə yaxın olduğu üçün burda qalmağı lazım bilirdi. Kimin qohumu- tanışı vardı onun evinə gedirdi, kimin heç kimi yox idisə yolların kənarında avtomobillərin içərisində gecəliyirdilər.
Yolların kənarına da mərmi düşəndən sonra camaat naəlac qalıb məktəblərə , bağçalara sığınırdılar. Belə inzibati binalarda artıq iynə atsan yerə düşməzdi. Aldığım məlumata görə, “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi Milli Qeyri–Hökümət Təşkilatının Agdam regional ofisində 30 nəfər müvəqqəti olaraq yerləşdirilib. Həmin ofisə üz tutdum. .Birliyin sədri Telman Dadaşovla söhbətimizdə o bildirdiki, ofisin işini dayandırıb, yol kənarlarında savaşın, mərmi atışlarının bitməsini gözləyən dinc əhalini rahat bir yerə yerləşdirməyi özümə borc bildim: “ Bu səbəbdən də onların yerləşdirilməsinə canla-başla. ailəlikcə qoşulduq. Həyat yoldaşım ,Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova və oğlum Elşənlə birlikdə ofisin boşaldılması, oranın rahatlanması və camaatın istifadəsinə verilməsi üçün xeyli iş gördük . Hazırda qonaqlarımızın yerləri rahatdır və ən xırda problemlərinə yardımçı olmağa çalışırıq, məncə, yardımçı oluruq. Sığınacaqdakılarla tanış oluram. Şıxlar kəndindən olan Sahibə Novruzovayla söhbətlşirik. (sonralar tanıyacaqsınız Qazi Mobilin anası): "Qızım, 1994-cü ildən kəndimiz işğal olunub. Müxtəlif rayonlarda köçkün kimi müvəqqəti qalmışam, amma oralarda qala bilməmişəm. Axırda kəndimizə yaxın yerdə yerləşən Soltanbud meşəsinə gəldim.Meşə ilə kəndimizin arası heç 2 km olmaz. Meşənin içində üzü kəndimizə tərəf bir koma da tikdik.
Vallah məni qınamayın, elə bil kəndin havası məni yaşadır. Həyat yoldaşım Şahmar çox təəssüf ki, bu qürurverici günləri yaşa bilmədi, illər öncə haqqın dərgahına qovuşdu. Onun övladı yeganə oğlum isə hazırda döyüşün ən qızgın tərəfindədi.Allah bütün ordumuzu və balam Mobili qorusun! Döyüşə gedəndə dedim ki, bala, tez elə, ermənilərin layiqli cəzasını ver, torpaqlarımızı al, məni kəndimə apar! İndi qızımla oturub, Mobilin gəlib bizi Şıxlara aparmağını gözləyirik.
Əslən rayonun Əlimədədli kəndindən olan, keçmiç OMON-çu, qorxmaz döyüşçü Mehman Məmmədovdan niyə məhz Mirəşellidə məskunlaşdığını soruşduq. O söylədiki, köçkünçülük həyatını Ağdamdan kənarda yaşamağı ailəlikcə ağlımıza da gətirmədik . Mirəşelli ona görə seçdik ki, oradan baxanda bizim dağlar, dağların köksündə boylanan kəndimiz görünür. Evi təmas xəttinin, neytral zonanın 200 metrliyində tikdirdim ki, o dağlara baxmağa heç nə mane olmasın. 27 sentyabrda savaş başladı. Düzü burdan uzaqlaşmaq istəmirdim. Amma həyətə, yaxınlığımızdakı tarlaya ağır artilleriyanın mərmiləri düşəndə artıq orda durmağın mənasız olduğunu anladım! Biz döyüşə hazırıq, qardaşım II qrup Qarabağ əlili Ərəstun da, mən də hərbi komissarlığın çağırışını gözləyirik.
Mirəşellidən olan Vaqif Dadaşov da (Vaqif I Qarabağ döyüşçüsü olub. Sonradan tanıyacaqsınız ki, Şəhidimiz Orxan Dadaşovun atasıdır) söhbətə qoşulur: Mən də döyüşçü olmuşam, yerli batalyonlardan birində atəşkəs dövrünə qədər döyüşmüşəm. Bu dəfə neçə dəfə Ağdam rayon hərbi komissarlığına savaşa qatılmaq üçün müraciət etsəmdə oradan bildiriblər ki, hələ ehtiyac yoxdu.
Çünki kifayət qədər canlı qüvvəmiz var! Amma hər dəfə bir kənd, bir şəhər azad ediləndə uşaq kimi hönkür-hönkür ağlayıram.Allah Ordumuzu, Xalqımızı və Ali Baş Komandanımızı qorusun!
Vaqifin xanımı Gülnarə məxsusi mehriban, üzügülər, zarafata zarafatla cavab verən xoşniyyətli bir qadındı. Gün ərzində bu adam dayanmadan işlədi, yemək bişirdi, qabları yudu, inəkləri sağdı, Hamı ilə birlikdə bir süfrə arxaasında çörək kəsdi. Ümumiyyətlə böyüklü- kiçikli ora sığınmış hər kəs bir-birinə qayğı göstərirdi.
Şərqiyyə müəllimə dedi ki, hər gün 3 dəfə FHN əməkdaşları adambaşına yemək "payok“u verir. Çörəkdə QHT rəhbərinin təşəbbüsü ilə sığınacaqdakılara çatdırılır:” Çoxu sadəcə əyinlərindəki paltarlarla çıxıb, geri qayıdıb götürmək də imkanı yoxdu. Evimizdə nə qədər yorğan - döşək var köçkünlərimizə paylamışıq. Qaza, suya, işığa olan ehtiyaclarını özümüz ödəyirik.
Elə burda - müsahibədə olarkən eşitdik ki, Azərbaycan Ordusu Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin erməni işğalından azad edib. Madagizin tarixi adı olan Suqovuşan adı bərpa edilib.
Sığınacaqda hamı sevincindən atılıb-düşürdü. Sevinc səsləri məhləni başına götürmüşdü. Bir gözümüz gülürdü, bir gözümüz ağlayırdı... Hamımız bilirdik ki, qurbansız qələbə olmur. Çünki, Quzanlı şəhidlər xiyabanına gələn şəhid tabutlarının sayı hər gün artırdı.
Bütün bunlara baxmayaraq hamı da bir ruh yüksəkliyi var, 30 ildir vücudumuzu, qəlbimizi tərk etmiş qürur hissini iştahla dadmağa çalışırdıq. ..
Digər həmsöhbətlərim Nəzakət və Kamran Qədirovlar (Şıxlar), Arif Məmmədov və həyat yoldaşı Zeynəb xanım (Mirəşelli ), Elşən Dadaşov ordumuzun üstünlüyünü, ard-ardınca azad edilən kənd və şəhərlərin siyahısını, yaxınlıqda bizə nəsib olacaq qələbənin sevincini hər an yaşayırlar! Hamısına yeni-yeni qələbələr, yeni-yeni sevinclər arzulayıb, ev sahibləri, böyük ürək sahibləri Şərqiyyə xanıma, Telman müəllimə təşəkkür edib, yoluma düzəlirəm. Axı sevincini bölüşmək istəyən soydaşlarımız çoxdu...
4- oktyabr
Bu gün döyüş uzun çəkdi. Saat 16 radələrinə qədər dayanmadı. Camaat arasında yayılan xəbər gerçəkliyini gecə saatlarında Ali Baş Komandan təsdiqlədi. Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.Birdə Milli Qəhrəman Mübariz İbrahimovun son ana qədər döyüşüb şəhid olduğu postun alınması xəbəri gəldi.. Ağlaya –ağlaya gülürdük, gülə-gülə ağlayırdıq...
Məhləmizdə 4-5 nəfər adam qalmışdı. Onlar da qəsəbənin mərkəzinə yığışıb həm Cəbrayılın xəbərinə sevinirdilər, həm sevinclərini bölüşürdülər. Hamısı ordumuzun igidliyindən danışırdılar. Bu neçə gündə ürəkdən sevindiyim gün idi 4 oktyabr. Amma erməni vəhşiliyi sevincimizə kölgə salmağa çalışırdı.
Hələ 1993-cü ildə Mərzili kəndində xeyli köçkün Beyləqana pənah aparmış, elə orda da yaşayıb, ev-eşik sahibi olmuşdular. Quzanlı bombalananda çox adam təhlükəsiz bildiyi Beyləqana qohum əqrabasıgilə getdilər.Təsəvvür edin, Suqovuşan tərəfdə uduzan ermənilər axşam saatlarında təxminən 19 radələrində - hamı evinə yığışan vaxtda Beyləqanı bombardman edirlər. Orda yaralananda olur, ölənlərdə.. 4 oktyabrda 2 bacının cəsədi dağıntılar arasından çıxarılır.
Bu arada həyat yoldaşım Bakıdan zəng vurdu. Dedi ki, şəhərə mərmi düşüb. Düzü inanmasam da, amma onun bir hərbçi olduğunu, səhv etməyəcəyini düşünüb həyəcanlandım. Xəbərlərdə İsmayılın söylədiyi olay təsdiqini tapdı: Düşmən Xızı və Abşeron bölgəsinə iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atıb.
Həmin gün Gəncə şəhəri də, xüsusən mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutuldu. Nəticədə bir nəfər həlak olub, 32 nəfər xəsarət alıb. İnfrastruktura və tarixi tikililərə ciddi ziyan dəyib. Mərmilərdən həlak olan dinc əhalinin sayı 22 -yə çatdı...
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında yazı 4 oktyabra nöqtə qoyan sonuncu xəbər id:"Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə Su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi"
Beləliklə, Rusiyanın iki ay əvvəl erməniyə hədiyyə etdiyi 400 ton silah sursatı ermənilər öz bildiyi kimi çiləyirdilər“ Nə veclərinə idi, pul ödəməmişdilər ki, müftə mal idi...
Uzun sözün qısası, bu qədər kədərin, problemin, dərdin içində Suqovuşan, Cəbrayıl sevincimiz də bir ayrı aləm idi...