50 ildir Ağadadaş Ağayevi tanıyıram və dostluq edirəm. İndiyədək onun kiməsə acı bir söz dediyinə və ya kiminsə xətrinə dəydiyinə şahid olmamışam. Özünü həm həyatda, həm də məclislərdə ağır-ağayana aparıb. Baxıram, sosial şəbəkələr onu mühafizəçidən pis «döyür» və döyməkdədir. Kimlərinsə trol dəstələri tökülüb Ağadadaşın üstünə.
Məsələn, yazırlar ki, Ağadadaş hadisədən əvvəlki gecə möhkəm içibmiş, yıxılıb qulağı partlayıb və həmin xəstəxanaya müraciət edib, qulağına tikiş qoyulub.
Ay bunu yazan, sən həmin gecə Ağadadaşgildəydinmi, onunla birgə içmişdinmi?! Yoxsa ailə üzvləri bunu sənə xəbər edib?
Neçə ildir ki, bu görkəmli Xalq artisti onkoloji xəstədir, ağır əməliyyat keçirib. Bu xəstəliyə tutulanlara və ağır əməliyyat keçirənlərə həkimlər içkini qadağan edir. Gündə nə qədər dərman qəbul edir. Ağadadaş canının düşmənidir ki, o dərmanların qarşılığında içki içsin və yıxılsın?
Xalq artistinin əlində balta nə gəzirdi?! Ağadadaş xəstəxana ilə üzbəüz, demək olar ki, on addımlığında həyət evində yaşayır. Bəlkə səhər-səhər həyətdə çalışırmış və ona görə də balta əlində çölə çıxıb?
Və mühafizəçidən elə söz eşidib ki, özünü saxlaya bilməyib. İnsanın əsəblərinin son həddi var, istəyirsən Xalq artisti ol, istəyirsən Xalq yazıçısı, akademik, professor, bəzən əsəblərinə sahib ola bilmirsən. Görünür, o da əsəblərinə sahib ola bilməyib.
Mən Ağadadaşa haqq qazandırmaq istəmirəm, sadəcə olaraq, bir görkəmli Xalq artistinin sosial şəbəkələrdə linç olunmasının əleyhinəyəm.
Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb ki, hadisə ilə bağlı araşdırmalar aparılır, təhqiqat aparılır. Məsələn, dünən Ağadadaş Ağayev Binəqədi rayon
Polis İdarəsində olub, ifadəsi alınıb.
Özü isə açıqlama yayıb ki, tezliklə hadisə ilə bağlı video-müraciət yayımlayacaq.
Ağır onkoloji xəstəlik keçirən bir adamı, istəyir Xalq artisti olsun, istəyir adi bir bənna, bu cür linç etməzlər. Bu, Allahın xoşuna getməz.
Allah bizi Allahın öz qəzəbindən qorusun!
Sonda. Mən həmin videonu izləməmişəm. Yaxın bir dostumun vəhşicəsinə döyülməsini görmək istəməmişəm. Həmin videonu paylaşanlar da böyük səhv edir.