SUÇULAR DOLUŞUB SOSİAL ŞƏBƏKƏLƏRƏ - Aqil ABBAS yazır

AQİL ABBAS
1682 | 2024-06-02 15:16

Nə mazarat adamdır bu bolşeviklər. İndi bolşevik yoxdu, amma bolşevik təfəkkürlü  adamlar hələ də var. 

İki-üç gün bundan əvvəl «Xankəndidə  məni yol  polisi  saxladı» adlı kiçik bir köşə yazmışdım. Sağ olsun dost saytlar, hamısı da bu yazını sevgiylə paylaşıb, altında da şərhlər var. Şərhlərin çoxu da sevgi doludu. Təbii ki,  bolşevik təfəkkürlü adamların nifrət dolu şərhləri də var. Onlarla heç bir işim yoxdu. 

Amma bir məsələyə aydınlıq gətirmək istərdim. Əvvəla, yazıda  qeyd etmişəm ki, mən şəhərdə maşın sürmürəm, yalnız ailəmlə rayonlara  gedəndə  sükan arxasında oluram. Heç vaxt da qanunu pozmaram. Hətta 110 kilometrlik yolda da 90-dan artıq sürətlə  maşın sürmərəm, kəmərimi də bağlayıram. Yanımda oturan sərnişin də, təbii ki, sərnişin də xanımımdı, o da həmişə kəmərini bağlayır.  Ona görə də məni heç vaxt yol polisi saxlamayıb. Yəni mən birdən-ikiyə yol hərəkəti qaydalarını pozmamışam ki, məni cərimələsinlər. Və onu da bilmirəm ki, indi cərimə yerində ödənilmir. Mən yazmışam ki, telefonla danışırdım, yol polisi saxladı, mənə irad bildirdi və dedi ki, 80 manat və 3 bal cərimə olunursunuz. 

İndi hamı yazır ki, telefonla danışmaq 50 manatdır. Bilmirəm, bəlkə ondan əvvəl də hansısa səhvim olub, onu bilmirəm. Hətta mənə irad tuturlar ki, niyə cərimələrin miqdarını bilmir. Gərək cərimə olunasan ki, miqdarını da biləsən də.

Yazının mahiyyəti qalıb qıraqda, mənim Xankəndidə yol  polisi  tərəfindən saxlanmağım və buna görə sevinməyim qalıb  qıraqda, yapışıblar cərimənin  miqdarından. 

Vaxtilə millət vəkili Fazil Mustafa ilə bağlı bir anekdot yazmışdım. 

Deməli, Fazil bəy orta məktəbdə oxuyur, məktəbin həyətində sinif yoldaşları ilə dalaşır. Ağzı, burnu qanayır, müəllim gəlib soruşur ki, sənə nə olub?

- Müəllim, məni poksla vurdular. 

Müəllim  Fazilin səhvini düzəldir:

- Poks yox, boks.

Fazil bəy də deyir:

- Müəllim, məni qan aparır, sən də məndə  hərf səhvi axtarırsan.

İndi mənim sevincim qalıb  qıraqda, hamı mənim cərimənin miqdarında  səhv etdiyimi yazır. 

Dünən mənə şuşalı şair Əli Mahmud zəng eləmişdi ki, səni saxlayan polis mənim əmim nəvəsidi. Deyir ki, ata-anası da oxuyub çox seviniblər ki, övladları haqqında xoş söz yazmısan. 

Axşamüstü həmin yol polisinin atası Qabil kişi zəng elədi. Bərdədə İdman Kompleksinin direktorudu. Məlum oldu ki, uzun illərdi bir-birimizi tanıyırıq, o da təşəkkürünü  bildirdi. Və soyadını  unutduğum o sütül, cavan, boy-buxunlu, tərbiyəli yol polisinin adını, soyadını da söylədi -  Məmməd Məmmədzadə. 

Fürsətdən istifadə edib Məmməd Məmmədzadəyə, eləcə də azad olunmuş torpaqlarımızda soyuqda, qarda, qışda xidmət edən bütün polis işçilərinə uğurlar diləyirəm. Və arzulayıram ki, gələn dəfə də məni saxlasınlar, heç səhvim olmasa da, cərimələsinlər. 

P.S.Deməli, belə. Dünyanın düz vaxtı şənbə-bazar günü ağdamlılar maşınlarını həyətdən çıxarmırdılar. Adi bir səbəbi vardı.

Sovet vaxtı kənd əməkçilərinə dövlət öz qiymətinə «Jiquli», «Moskviç» satırdı ki, bazarda o maşınların qiyməti iki dəfə bahaydı. Rəqəm yazmıram, yenə səhv tutarlar.

Bundan başqa, qabaqcıl kənd əməkçilərinə dövlət  pulsuz  maşın da bağışlayırdı. Təbii ki, bunların da  çoxunun sürücülük vəsiqəsi yox idi. 

Belə bir ifadə var: «Jurnalistikanı sirkdə öyrənənlər». İndi bu sürücülük vəsiqəsiz maşın sürən kənd camaatı da maşın sürməyi onun-bunun maşınını  əzməklə öyrənirdilər. 

Ağdam bazarı da dünyanın ən böyük bazarlarından biri idi. Həm ətraf rayonlardan, həm də Ağdamın kəndlərindən şənbə-bazar hamı tökülürdü şəhərə, bazara. 
Ağdamlılar da şənbə-bazar maşınlarını  həyətdən çıxarmırdılar ki:

- Suçular şəhərdədi. 

İndi də ağdamlıların  təbirincə desək, suçular doluşublar sosial şəbəkələrə. 
 

TƏQVİM / ARXİV