Yas yerlərimiz... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
164 | 2025-01-26 12:09

Başaq millətlərdən fərqli olaraq biz pis şeyləri  daha tez öyrənir, hətta onu adət- ənənəyə çevririk.  

Söz düşəndə belə deyirik ki, əşi, adətimiz  belədir də! Amma əslinə qalanda bunların adət- ənənəyə heç bir dəxli yoxdu. Məsələn, 30- 40 il bundan əvvəl  rəhmətə gedənlərimizə  belə zəngin süfrə acıb, ehsan vermir,  qəbirüstü abidələrinə bir ətək pul xərcləmirdik.   Hətta kasıb və imkansız adamlar belə qohum- qonşu ilə bəhsə girir, gedib borc alır, kredit götürür və yas məclisini yola verir. Sonra da illərlə o borcu vermək üçün dəridən- qabıqdan çıxır və verə bilməyəndə də, intihar yolunu seçir.

Məgər bu adət- ənənədir? Əgər adət- ənənədirsə,  vallah, belə adət- ənənə heç kimə lazım deyil. Əgər bir - birinizlə bəhs etmək istəyirsinizsə, övladlarınıza, xüsusilə də qız uşaqlarına təhsil verin və imkanınız varsa, Avropada oxudun. Onda görün, nə gözəl olar!  Və  övladlarınız da Avropadan qayıdıb, o biri gənclərə elm öyrədər, millətə xidmət edər...      

Yaş mərasimlərindən danışırdıq. Altı- yeddi il bundan əvvəl bizim kənddə - Böyük Bəhmənlidə də , yas məclisləri çox ağır idi; üç, yeddi, cümə axşamları, cümə və qırx! Üstəlik də, qəbirüstü abidə . Bütün bunlara 15 min manat güclə çatırdı. Füzulidə , o cümlədən bizim kənddə ağsaqqallar yığışıb qərar qəbul etdilər: cümə axşamları və cümə ləğv edilir, yas məclislərində yemək verilmir. Yas süfrəsində  halva,  çay, limon , qənd olur.

Və artıq bu yenə qaydalara Füzulidə, eləcə də bizim kənddə hamı əməl edir. İndi yas yerini yola vermək və qəbirüstü abidəni düzəltmək üçün 3 min bəs edir. Bu pul da yas məclislərində el- oba tərəfindən toplanır.  Və rəhmətə gedən adamın doğmalarının üstünə əvvəlki kimi ağır yük düşmür. Artıq Füzulidə bu yeni adətdən hamı razıdır.

Camaat onu da deyir ki, kim bu adəti yaradıbsa ,Allah ölənlərinə rəhmət eləsin! Amma əksər bölgələrdə yas məclisləri  yenə əvvəlki  kimi ağır keçir.Bu barədə ciddi düşünmək lazımdır. Sadəcə olaraq insanları ağır yükdən xilas etmək üçün Füzuli rayonunun  təcrübəsini respublikamızda geniş yaymağa  böyük ehtiyac var!Biz sözümüzü dedik, qalanları əlaqədar qurumların boynuna düşür. Görək, onlar bu addımı nə vaxt atacaqlar?!

TƏQVİM / ARXİV