Sızlar yada düşəndə... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
192 | 2025-04-27 09:00

İnsan ömrünün  ən gözəl günlərindən biri də tələbəlik illərdir.Bizim də tələbəlik  dövrümüz 1974- 79- cu illərə  təsadüf edir. Və bu illərdə bizi ömrümüzün ən gözəl günlərini yaşamışıq.

Tələbə yoldaşlarımın adını bir - bir çəksəm, uzun siyahı alınar. Onların əksəriyyəti tanınmış jurnalistlərdi. Və onların arasında Xalq yazıçısı, Əməkdar jurnalist, Əməkdar mədəniyyət  işçisi, Əməkdar incəsənət  xadimi, elmlər doktoru, professor var. Amma qoy bir neçəsinin adını və soy adını  yada salım: Afaq Məsud, Flora Sadıqova, Rəhman Salmanlı, Loğman Rəşidzadə, Şamil Abdullayev, Tofiq Yusifov, Elşad Həsənov, Zemfira Əkbərova, Əməl Kərimova, Gövhər Rzayeva... Adlarını cəkmədiklərim məndən  inciməsinlər. Bu yaxınlarda dostum və qardaşım Rəhman Salmanlı mənə zəng etdi ki, tələbə yoldaşımız Mehdi Alıyevin həyat yoldaşı rəhmətə gedib. Təbii ki, mən də Mehdi qardaşımıza telefon açdım və başsağlığı verdim.

Yəni dərdinə şərik oldum. Mehdi də bizim tələbə yoldaşlarımızın arasında ən tərbiyəli, ən mərifətli bir  insandır. O dedi ki, Faiq, çox sağol ki, bu ağır gündə mənim dərdimə şərik olursan, minnətdaram! Sözün açığı heç mənim " minnətdarlıq" sözündən xoşum gəlmir. Elə bil ki, birinə yaxşılıq eləyirsən, amma boynuna minnət qoyursan ki, sabah mənim elədiyim yaxşılığı qaytar! Nə isə... Mehdi dedi ki, tələbə yoldaşlarımızın çoxu zəng edib. Bunlar hamısı mənə təsəlli oldu. Sonra da fikrini davam etdirib dedi ki, bəs Şamil Abdullayev də açıq ürək əməliyyatı keçirib.Vaxtın olsa, bir ona zəng elə! Mən də vaxt itirmədən  Şamil dostumuzla əlaqə yaratdım. Səsimi eşidən kimi sevindi və özünəməxsus bir şirinliklə  hal- əhval tutdu. Və heç xəstəliyindən bir kəlmə də  danışmadı, əksinə dedi ki, uşaqları mayda bir yerə yığarsan, sizə qonaqlıq verərəm. Mən Şamillə bir qrupda qəbul imtahanı vermişəm.

O, qrupda Flora Sadıqova, Loğman Rəşidzadə də vardı. Şamil Azərbaycan dili və ədəbiyyat şifahı  imtahandan " beş" aldı. Və bu " beşi" də imtahan komissiyasının sədri İsmayıl Şıxlı yazdı. Şamil Abdullayev qrupumuzda " əlaçı" tələbələrdən idi. Səhv eləmirəmsə, neçə bacının bir qardaşıdır.O, uzun müddət" Bakı- Baku" qəzetində məsul vəzifədə  çalışıb və Şamil Qaraoğlu  imzası ilə çıxıs edib.Sonradan  iş adamı kimi fəaliyyət  göstərib və bu gün də həmin işlə məşğuldur.Bir dəfə də Şamil qardaşımız qəzetdə işləyəndə onun maşınında Şamaxının Ərəbşalbas  kəndinə  tələbə dostumuz istedadlı jurnalist Qismət Babayevin toyuna getmişik. Onun maşınında Rəhman Salmanlı, mən, bir də adını unutduğum bir tələbə yoldaşımız vardı. Kəndə çatdıq Qismətin qohumlarının hamısı bizi böyük sevgilər qarşıladılar. Toyu da Alim Qasımov aparırdı. Hələ mən elə gözəl, yaddaqalan, muğamla zəngin toy görməmişdim.

Qismətin anasına həsr etdiyi şeir bizim hamımızı  kövrəltdi... Hətta tələb dostumuz Məzahir Süleymanzadənin, Əlipənah müəllimin gözləri doldu. Yeməkdən əvvəl bizi Qismətin qohumlarıgildə  kəklikotundan  dəmlənmiş çay verdilər və o çayın dadı indiyə  kimi damağımdan  getməyib. Bax belə! Bizim Şamil qardaşımızla  yol yoldaşlığımız  olub və onun da öz gözəlliyi var!   Rəhmətə gedən tələbə dostlarımız da var: Əli Səfəroğlu, Ağalar Mirzə, Qismət Babayev, Mübariz , Habil, Azər, Beydulla, Əhməd ... Məkanları Cənnət olsun!!!Bax beləcə tələbəlik illərini xatırladım və çox kövrəldim.Sən demə, ən xoşbəxt günlərimiz həmin illərimiş.Amma bizim xəbərimiz yoxmuş... Yazımı da tələbəliklə  bağlı məşhur şeirin  bir bəndi ilə  bitirirəm: Sızlar yada düşəndə, Ürəyimin telləri, O mehriban, o əziz , Tələbəlik illəri...

TƏQVİM / ARXİV