AZARKEŞSİZ FUTBOL «VODKA»SIZ XAŞ KİMİ  BİR ŞEYDİR - Aqil ABBAS yazır

AQİL ABBAS
1199 | 2023-11-16 17:22

Aktyor  çıxır  səhnəyə, məsələn, günümüzün möhtəşəm  aktyoru  Nurəddin  Mehdixanlı və baxır  zala. Görür  zalın yarıdan  çoxu boşdu. O, necə  və hansı hisslə  istədiyi  obrazı yarada bilər? Tamaşaçının  isti nəfəsini hiss eləməyən aktyor  yayın istisində üşüyür. 

Futbol da belədir. Çıxırlar meydana, o boyda  stadionda 200,  bəzən 300 nəfər azarkeş  var.  Bunu görən  futbolçu da  Nurəddin Mehdixanlı kimi,  yayın cırhacırında  üşüyəcək. Nə oyun göstərəcək, kimə göstərəcək  və kimin  üçün oynayacaq? 

Hamı Azərbaycan  futbolçularından  Avropa  futbolu  tələb edir. Sən özün  avropalı  azarkeşsənmi Avropa futbolu  tələb edəsən?

Azərbaycan  çempionatında bir-iki   komandanı  çıxmaq şərtilə digər klubların  oyunlarına  barmaqla sayılacaq  azarkeş gəlir. 

«Turan» Tovuzun  azarkeşlərinə  «5» düşür. Hər oyununa 5-6 min adam gəlir və sonadək komandalarını da dəstəkləyirlər. Özü də qəribədir ki, «Turan» öz meydançasında  uduzur.  Amma növbəti oyunda da stadion yenə doludu. Azarkeşlər komandalarına inanırlar, onu tək qoymaq istəmirlər. 

«Qarabağ»ın Avroliqa  oyunlarında  Tofiq Bəhramov  stadionuna  iynə  atsan yerə düşməz, amma gəl ki «Zirə» ilə və ya «Səbail»lə oyununda stadionda  öz fanatlarından başqa heç kim yoxdu, yəni «Qarabağ Ordu», «İmarət tayfa» və Allahverdi Bağırovun portreti.

 Özü də maraqlıdır ki, builki Azərbaycan çempionatı əvvəlki illərdən  fərqlənir, çox gərgin keçir.  Xüsusilə də «Araz» Naxçıvan və «Sumqayıt» çempionatın gərgin və maraqlı keçməsində əhəmiyyətli rol oynayır. «Səbail»in özü də. 

Gəlirəm yenə öz komandama – «Qarabağ»a. Dəfələrlə yazmışam, yenə yazıram, Bakıda bəlkə də 30 min ağdamlı yaşayır, amma «Qarabağ»ı dəstəkləməyə 3 min  ağdamlı gəlmir. Bir dəfə yazmışdım, stadionun kənarındakı Bədən Tərbiyəsi və İdman Akademiyasının  yataqxanasında əsasən ağdamlılar məskunlaşıb, yəqin  hələ də ordadılar, çünki  Ağdama  hələ qayıdış başlamayıb.  Yataqxananın həyətində domino oynamağa  vaxt tapırlar, amma yüz addımlıqdakı stadionda öz sevimli  komandalarını dəstəkləməyə vaxt tapmırlar. 

Bu gəncəlilərə də aiddi, qəbələlilərə  də, naxçıvanlılara da. Mən misalı  öz ağdamlılarımdan  çəkdim ki,  başqalarının xətrinə dəyməsin. 
Yeri gəlmişkən, «vodka»sız  xaşdan da bir lətifə yazım. 

İki nəfər xaşxanada oturub xaş yeyirlər. Yol polisi onların xaş yediyini  görüb kafenin kənarında  gözləyir. Xaş yeyənlər nəhayət,  çıxıb otururlar  öz maşınlarına. Bir əlli addım  sürməmiş polis saxlayır. 

Sürücüyə deyir:
- İçmisən?
- Yox, içməmişəm.
- Xaş yemisən?
- Yemişəm.  
-Deməli, içmisən.
- İçməmişəm.
- Xaş yemisən?
-Dedim ki, yemişəm.
- Deməli, içmisən. 
- Dedim ki, içməmişəm.
- Bir ho elə.
Xaş yeyən sürücü ho eləyir, polis görür ki, doğrudan  içməyib, başını  bulayıb deyir:
- Day deynən  xaş yeməmişəm də, pok  yemişəm. 

Lətifənin  yuxarıda  yazdıqlarımla  heç bir  əlaqəsi  yoxdur. Sadəcə olaraq, yadıma  düşdü  yazdım. 
Stadiona gedin, komandanızı  dəstəkləyin, ondan  sonra  xoşunuza gəlməsə  tənqid edərsiniz. Yoxsa evdə pürrəngi çay içə-içə, ya «vodka» vura-vura televizorda futbola  baxıb  alimlik etməyin. Heç olmasa komandalarınızı ruhdan salmayın. 
 

TƏQVİM / ARXİV