adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Tribunasız sevgi - Emin Piri yazır

Emin Piri
679 | 2022-06-20 10:39

22 yaşım var idi. “N” saylı hərbi hissələrdən birində leytenant rütbəsi ilə yeni xidmətə başlamışdım.

Hərbi hissələrdə adətən həftədə bir dəfə səhər saatında şəxsi heyəti ölkədə və dünyada baş verənlər barədə ictimai-siyasi məlumatlandırma olur. Hərbi hissə komandiri bizimlə söhbətləşdi və mənə dönərək;

-Piriyev, sən yaxşı bacarırsan, hazırlaş hər həftə əsgər-zabit heyəti qarşısında çıxış edərsən.

Qış vaxtı idi. Olduğumuz həmin yerdə bəzən -20 -25 dərəcə şaxta olurdu.

Çıxışa başladım. Tribunada qızışmışam. Mikrofonsuz uca səslə danışıram…. Vətən, Sakarya, millət və.s. O qədər həvəslə danışıram ki, zamanın necə keçdiyi bilmədim. Onda gördüm ki, hərbi hissə komandiri mənə çönərək;

-Piriyev, donduq hamımız, daha bitir çıxışı.

Bu zaman fərqində oldum və bitirdim.

Sonra zabit dostlar çayxanaya çağırdı ki, gəl, oturaq yeyib-içək.

Dedim yəqin çıxışlarım xoşlarına gəlib ona görə dəvət ediblər.

Dedilər ki, bizə erməni lazım deyil, sən bir neçə dəfə də tribunada çıxış etsən burda sağlam adam qalmayacaq...

Sözümün canı odur ki, hərbi hissələrdə hansısa layihə, görüşçün gedəndə tribunada çıxış edərək günəş altında, şaxtada əsgər, zabitləri saatlarla saxlamayın. Vallah, o alqışlar çox zaman-siz Allah, gedin- deməkdir.

Sevgini tribunasız da göstərmək olar!

TƏQVİM / ARXİV