adalet.az header logo
  • Bakı 20°C

Troya kimi bir tale yaşayırıq... - Eminquey yazır

EMİNQUEY AKİF
12028 | 2021-12-15 17:58

Televiziyanı tənqid edirsən, "bu sehirli güzgü bizi uçuruma aparır" deyirsən, deyirlər, nə işinə qalıb, hərə bir tikə çörək aparır evinə. Üstəgəl, camaat da baxır. 

 

Tənqid edirsən ki, bu xalqın qəhrəmanları Tosu Zəngilanski, Kalonkalı Əfqan, Bayram Nurlu və sairələri olmamalıdır, deyirlər, nə işinə qalıb, hərə bir tikə çörəyini qazanır. Əyləncədi də, neyləsin camaat?! 

 

Tibb sahəsini tənqid edirsən, o dəqiqə dibazol vururlar ki, yaxşı həkimlərimiz var, sən niyə ancaq pisləri görürsən. Belə də ki, nə işinə qalıb, hərə bir tikə çörəyini qazanır. 

 

Təhsildən yazırsan, müəllim-şagird münasibətlərindən yazırsan, təhsilimiz bərbaddı yazırsan, ölkənin düşünən başları get-gedə yoxa çıxır, gedir buralardan yazırsan, deyirlər, nə işinə qalıb, gül kimi müəllimlərimiz var. Hərə bir tikə çörəyini qazanır. 

 

İntiharlardan yazırsan, bu intiharların əsl səbəblərindən yazırsan, belə olmamalıdı yazırsan, deyirlər, Allaha inanan adam intihar etməz, intihar edənin yeri cəhənnəmdir. 

 

Zorla ərə verilənlərdən yazırsan, hayqırırsan ki, bu, özünüzdən sonra gələn nəsli şikəst qoymaqdır, həyatını məhv etməkdir, məhv olan ailələr normal insan yetişdirə bilməz deyirsən, deyirlər, nə işinə qalıb, camaatın ailə işinə qarışmaq bizə düşməz. 

 

Nədən yazırsan yaz, nə qədər deyirsən de, xeyri yoxdu. Ağzından vurub öz gözlərini qapayıb həyatlarına davam edirlər. 

 

Yılmaz Özdil necə ki öz köşəsində yazıb  "Cassandra sindromu" yaşayır bu xalq, eynisini özümüz üçün də deyə bilərik. 

 

Qardaş xalqıq...

 

Cassandra…

 

Troya şahzadəsidir. Hektorun, Parisin bacısı. Sonu faciəylə bitən mifoloji hekayənin qəhrəmanıdır. 

 

Rəvayətə görə, ona aşiq olan Apollon tərəfindən gələcəyi görmə bacarığı verilib, amma Apollinla yatmağı qəbul etmədiyi, ona biət etmədiyi üçün Apollonun qəzəbinə düçar olur və bu bacarıqla lənətlənir. 

 

Lənətləndiyi gündən etibarən baş verəcəkləri əvvəldən görsə də, ətrafındakıları xəbərdar etsə də, heç kim ona inanmayacaq və Cassandra bu əzabla yaşayacaq.

 

Fəlakətləri öncədən görmək bacarığı onun öz fəlakətinə çevriləcək. 

 

Qardaşı Parisə yalvarsa da, Helenanı Troyaya gətirsə, Troyanın məhv olacağını desə də, qardaşı ona inanmır, hətta qısqanclıqda günahlandırılır, təhqir olunur. 

 

Bütün Troya xalqı döyüşü qazandıqlarını düşünərkən intriqalara, hiylələrə qarşı xəbərdarlıq etsə də, onunla məzələnirlər, inanmırlar, Troya atı kimi bir tələni ağıllarına gətirmirlər. 

 

Heç kimi inandıra bilmir, çarəsiz bir halda əlində başqa heç nə gəlməyən Cassandra bu çarəsizliyin içində çırpınır, hayqırır, amma çifayda.

 

Məcburən bir kənara çəkilir, ürəyinə daş bağlayır, təkliyinə qapanır və sonu gözləyir. 

 

Son isə məlumdur: Troya fəlakətə düçar olur!

 

Homerin İlliadasında var. Romanların, filmlərin mövzusuna çevrilib. Hətta elmi termin də var - Cassandra sindromu. 

 

"İddia edildiyində inanılmayan, amma sonra gerçəkləşən, inanmayanları heyrətə gətirən faciəvi hadisələr".

 

İnsanların pis xəbərləri bilə-bilə görməzdən gəlmələri, bilə-bilə rədd etmələri, yox saymaqlarını ifadə edir.

 

İndi ölkəmizdə nə qədər Cassandra var? 

 

Nə qədər Cassandra infarkt olub? 

 

Nə qədər Cassandra qaçıb gedib? 

 

Nə qədər Cassandranın öldüsü-qaldısı bilinmir?

 

Allah bilir...

TƏQVİM / ARXİV