VƏTƏN MÜHARİBƏSİNİN VƏ KUBOKUN QALİBİ - Aqil ABBAS yazır

AQİL ABBAS
1244 | 2023-06-05 17:10

Vətən müharibəsi başlayanda o dözmədi, bir qarabağlı kimi döyüşü kənardan izləməyi özünə sığışdırmadı və könüllü getdi döyüşlərə. Yaşının keçməsinə də baxmadı. Övladları yaşda əsgərlərlə çiyin-çiyinə Şuşaya bayrağımızı sancanadək qəhrəmancasına savaşdı və müharibəni qalib kimi başa vurdu.

Söhbət «Qəbələ» futbol klubunun prezidenti Fariz Nəcəfovdan gedir. Fariz 18 ildir ömrünü «Qəbələ» klubuna bağlayıb. Əvvəl vitse-prezident, sonralar isə prezident kimi. Komandanın xoş günündə də, dar günündə də yanında olub. Neçə-neçə yeniyetmənin futbolçu kimi yetişməsində və bu gün Azərbaycan çempionatında müxtəlif komandaların tərkibində meydanda at oynatmaqlarında böyük zəhməti var.

Və bu mövsüm «Qəbələ» ölkə kubokunun sahibi oldu, futbolçular kapitan Asif Məmmədovun başçılığı ilə kuboku başı üzərinə qaldırdılar. Özü də Azərbaycanın ən köklü və güclü komandası «Neftçi»yə «Neftçi»nin öz meydanında qalib gəlməklə.

Eyni zamanda yüksək liqada 4-cü yerə sahib çıxdılar. Və hər iki mənada Avropanın klub çempionatlarına yollarını açdılar.

Təbii ki, baş məşqçi Elmar Baxşıyevin bu qələbələrdə çox böyük zəhməti var. Artıq Baxşıyev də öz adını Azərbaycanın təcrübəli məşqçiləri siyahısına salıb.

Ölkənin pullu komandaları uzun illərdi «Qəbələ»nin dərisini Nəsiminin dərisi kimi soyurlar, bu klubun yetişdirdiyi məşhur futbolçuları oğurlayırlar. Amma «Qəbələ» elə bir komandadır ki, bərəkət suyunu nə qədər oğurlasalar da suyu bitməz.

Yəqin ki, indi Baxşıyevi də oğurlamağa çalışacaqlar, amma mən inanmıram ki, Baxşıyev bu klubu maddi maraq xətrinə sata.

Bir dəfə Naxçıvanda Azərbaycan Kubokunun finalında «Qəbələ» ilə «Qarabağ» oynayırdı. Mən də klubun prezidenti Tale Heydərovla birlikdə oyunu izləyirdik. Həmin oyunda «Qarabağ» qalib gəldi. Təbii ki, Tale müəllim üzülsə də kübarsayağı məni və «Qarabağ»ı təbrik etdi.

İndi də mən Tale Heydərovu bu qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Və Fariz Nəcəfov başda olmaqla Elmar Baxşıyevi və klubun bütün futbolçularını, eləcə də klubun azarkeşlərini və həm də topdaşıyan o cocuqları (onlar yaşda mən də Ağdamda «Qarabağ»ın o qədər topunu daşımışam ki) bağrıma basıram və uğurlar arzulayıram.

TƏQVİM / ARXİV