adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

XƏZƏRİN MEHİ

SEYFƏDDİN ALTAYLI
47185 | 2014-11-29 01:57


Ötən günlərdə interneti açdıqda əziz dostum Əlövsət Əmirbəylinin məktubunu gördüm. Yazırdı ki, "Biz Ankaraya gələcəyik və Hacəttəpə Universitetinin Kültür Zalında tədbir keçirəcəyik, sizləri də orda görmək istəyirik".
Məktubu oxuyan kimi 1990-cı illər yadıma düşdü. Bakıdan teatr qrupu gəlmişdi, mərhum yazıcımız İlyas Əfəndiyevin "Sevgililərin Cəhənnəmdə Vüsalı" adlı tamaşası Ankarada yərləşən Opera və Balet Teatrında tamaşaya qoyulacaqdı. Əziz və istəkli dostum, görkəmli yazıçımız, siyasət və mədəniyyət xadimimiz Elçin Əfəndiyev o günlər bizə nağıllardakı kimi gözəl anlar yaşatdı, burda təkrarən ona qardaş təşəkkürlərimi bildirirəm. O axşam nəinki Ankaradan, digər şəhərlərdən də xəbər tutub həmin tamaşaya baxmağa və Azərbaycanın ab-havasını həsrətlə dərməyə gələnlər vardı. Sovet imperiyası artıq can üstə idi, nəinki can üstə hətta canını da tapşırmışdı, ancaq xofu hələ də davam edirdi. Nə o gecəni, nə də o əsəri səhnədə ən gözəl şəkildə ifa edən sənətçilərimizi unuda bilmirəm, bilməyəcəyəm. Əlövsət bəyin məktubunu oxuyan kimi istər-istəməz o günlərdən bu günlərə hansı mərhələləri keçib gəldiyimizi xatırladım... Məktubu oxuyandan sonra da Əlövsət bəyə məktub yazdım və o axşam ən vacib işimiz də olsa onu təxirə salacayıq, həmin tədbirdə sizi yalnız buraxmayacayıq, dedim.
Günlər birbəbir ötdü və həmin gün göz açıb yumana kimi gəlib çatdı. Yoldaşımla birlikdə Hacəttəpə Universitetinin mədəniyyət zalına üz tutduq, ora ilk çatan biz idik. Əlövsət bəy bizi görən kimi o nurlu üzü ilə gülə-gülə bizə sarı yüyürdü, qucaqlaşıb salamlaşdıq. Salonun qapısı vaxt tez olduğuna görə hələlik bağlı idi, bizi səhnənin arxasından içəri buyur etdi. Xəzər Universitetinin rektoru Hamlet bəy İsaxanlı ön cərgədə oturmuşdu və səhnədə çıxış edəcək qrupun tələbələrdən ibarət nümayəndələrinin məşqlərini izləyir, məsləhətlər verirdi. O da bizi Əlövsət bəy kimi nəzakətlə və gülər üzlə qarşıladı, görüşüb əyləşdik. Hacəttəpə Universitetinin elmi həyəti, müəllimlər, tələbələr və qonaqlar ardıcıl şəkildə gəlib zalı doldurdular. Tədbir deyilən vaxtda başladı, başlayan kimi də Hamlet bəy Hacəttəpə Universitetinin rektorundan icazə alaraq səhnənin sol küncünə qoyulan stolda əyləşib tədbiri idarə etməyə başladı. Hansı mahnı və ya rəqs ifa olunacaqsa, onları kim ifa edəcəksə, qonaqlara onlarla bağlı ətraflı məlumatlar təqdim etdi. Tədbirin axırında rəqs qrupunun Türkiyə və Azərbaycan bayraqlarıyla səhnəyə daxil olması isə qeyri-adi mənzərə idi. Şükür sənə Tanrı, artıq qardaş bayraqlarımız elm ocaqlarımızın səhnələrində və hər iki vətəni, dövləti sevənlərin ürəklərində yanaşı dalğalanır.
Hacəttəpə Universiteti Türkiyənin say-seçmə elm yuvalarından biridi və dünya miqyasında tanınıb. Xəzər Universitetinin Hacəttəpə Universiteti ilə bu cür bir əlaqə yaratması Xəzərin gücündən və sayğınlığından xəbər verirdi. Hamlet bəy, hələ tədbir başlamamış Xəzər Universiteti baradə məlumat verdi və dünyanın hansı universitetləri ilə əlaqədə olduqlarını sadaladı.
Bu gün Xəzər Univərsiteti bütün dünyada tanınır və adı hörmətlə yad edilir, bundan şəxsən xəbərdaram. Bir univərsitetin İngiltərədə, Fransada ya Amerikada tanınması asan iş deyil. Azərbaycan kimi Qafqaz regionunda yerləşən bu gənc və balaca ölkənin hər hansı elm yuvasının dünya miqyasında tanınmasına adi gözlə baxmaq məncə insafsızlıq olardı. Aldığım məlumata görə, Xəzər Universitetinin bu gün dünyada 250-yə yaxın tərəfdaşları var. Dünyanın say-seçmə elm yuvalarında dərs deyən alimlərin gedib Xəzər Universitetində dərs deməsi, o universitetlərlə tələbə mübadiləsi aparılması onu göstərir ki, Hamlet İsaxanlı və ekibi Xəzərin sahilində o adla Azərbaycana yaraşan sanballı bir elm ocağı yaradıblar. 1990-cı ildə təlim-tədris işinə 20 tələbə ilə başlayasan və yaranan gündən təlim-tədrisi İngilis dilində aparasan, universitetdə keyfiyyətli kadrlar hazırlayasan. Görülən bu iş böyük yox, böyükdən də böyükdür. Bunu alqışlamaq isə mənə görə hər bir Türkün boyun borcudur. Digər tərəfdən Hacəttəpə Universitetində həyata keçirilən həmin tədbir, bu elm ocağının sadəcə olaraq təhsillə maraqlanmadığını, Azərbaycanın Fidan Hacıyeva və Zülfiyyə Sadıqova kimi sənətkarlarının orda dərs deyib kadrlar hazırlaması buranın həm də bir mədəniyyət ocağı olduğunu sübut edir. Türk dünyasının görkəmli şəxsiyyəti Atatürk, "Sənəti olmayan millətin həyat damarlarından biri kəsilib deməkdir" sözünü əbəs yerə deməyib. Hamlet bəy və ekibinin Xəzər Universitetini həm elm, həm də sənət ocağına çevirməsi onların vətən və millət yolunda nə böyük fikirlər daşıdığını sübut edir.
Əzizlərimiz Hamlet bəy, Əlövsət bəy, yolunuz uğurlu-nurlu və işiniz avand olsun.
Azərbaycan, Türk dünyasının həddən artıq önəmli strateji məkanında yerləşib. Azərbaycanın atdığı hər addım, istər müsbət olsun, istər mənfi birbaşa Türk dünyasına təsir edir, ona görə də Azərbaycanın qazandığı uğurlar yalnızca özünün deyil, bütövlükdə Türk dünyasınındır, şəxsən mən hadisəni bu cür qiymətləndirirəm.
Yaddan çıxarılmamalıdır ki, Sovetlər Birliyi dövründə Krımlı, Tatarıstanlı, Özbəkistanlı, Türkmənistanlı və digər Türk xalqlarına mənsub Türkçü alimlərin cəllad Stalinin tuthatut siyasətində gözdən yayınmaq və Türkçülük uğrundakı mübarizələrini yeritmək üçün Azərbaycana üz tutmaları təsadüfi bir hadisə deyildi, çünki bura özək idi, mərkəz idi. Sözün burasında böyük əziyyətlər çəkərək arxiv materiallarına müraciət edərək 30 il idarə etdiyim Türkiyənin Səsi Radiosu Azərbaycan Türkcəsi Verilişləri Redaksiyası üçün "Türk Dünyasının Məşhurları" adlı sənədli-silsilə proqramlar yazan əziz qardaşım Əli Şamil bu mövzuda çox gözəl tərcüməyi-hallar hazırladı və radioda onları iki ildən çox zamanda təqdim etdik. Həmin proqramlarda Sovetlər Birliyi dövründə KKB-nin öz millətini və vətənini sevməkdən özgə heç bir günahı olmayan alimlərə, ziyalılara nə cür divan tutduğu dilə gətirilirdi. İnşallah əli Şamil bəy onları bir kitab şəklində çap etdirər və gələcək nəsillər bizim ulu şəxsiyyətlərimizə kimlərin nələri rəva gördüyünü başa düşər, gələcəyə sarı addımlarını da ona görə atar.
Xəzər Universiteti kimi bir elm ocağı, o ocağı yaradanlar və davam etdirənlər olduqca, Türk dünyasına neçə-neçə Əli bəy Hüseynzadələr, Hüseyn Cavidlər, Üzeyir Hacıbəylilər, Fikrət Əmirovlar, Qara Qarayevlər və digərləri ardıcıl şəkildə yətişəcək, Azərbaycan adlı müqəddəs vətən günü-gündən işıqlanacaq, nurlanacaqdı.
Yolun açıq olsun qardaş diyarımız..

TƏQVİM / ARXİV